İntiharçılar dəstəsi () — DC Comics nəşriyyatının eyniadlı antiqəhrəman komandası əsasında çəkilmiş 2016-cı il istehsalı superqəhrəman filmi. Filmin rejissoru və ssenaristi Devid Eyerdir. Filmin rollarında Uill Smit, Cared Leto, Marqo Robbi, Yuel Kinnaman, Viola Devis, Cay Kortni, Cey Ernandes, Adevale Akinnuoye-Aqbace, İke Barinholtz, Skott İstvud və Kara Delevin çıxış etmişdirlər. "İntiharçılar dəstəsi" filmində Amanda Uollerin başçılıq etdiyi gizli hökumət agentliyinin təhlükəli qara əməliyyatlara göndərmək və dünyanı güclü təhdiddən xilas etmək üçün supercinayətkarlardan ibarət komanda qurmasından bəhs edilir.
Warner Bros. Pictures filmin istehsalına 2009-cu ilin fevralında başlamışdır. 2014-cü ilin sentyabrında Devid Eyer filmin rejissoru və ssenaristi təyin olunmuşdur və oktyabr ayında aktyor və aktrisa seçimləri başlamışdır. Əsas çəkilişlər 13 aprel 2015-ci ildə Ontario əyalətinin Toronto şəhərində başlamış və həmin ilin avqust ayında İllinoys ştatının Çikaqo şəhərində başa çatmışdır.
"İntiharçılar dəstəsi" filminin premyerası 1 avqust 2016-cı ildə Nyu-York şəhərində baş tutmuşdur və 5 avqust 2016-cı ildə ABŞ-də 2D, 3D və IMAX 3D formatlarında buraxılmışdır. Yaxşı debütdən sonra film bütün dünyada 636 milyon $ gəlir əldə etmişdir. Ümumilikdə film tənqidçilər tərəfindən mənfi rəylər almışdır: onlar ssenarini qarışıq, personajları "incə-yazılmış" hesab etmişdirlər. Buna baxmayaraq, Marqo Robbinin performansı yüksək qiymətləndirilmişdir.
Məzmun "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Supermenin ölümündən sonra Amanda Uoller Belle Reve həbsxanasında saxlanılan təhlükəli cinayətkarlardan ibarət "Task Force X" adlı komanda yığır. Komandanın tərkibinə əla nişançı Dedşot, keçmiş psixoloq Harli Kvinn, pirokinetik keçmiş qanqster El Diablo, mağaza soyğunçusu Kapitan Bumeranq, genetik mutant Qatil Krok və təcrübəli qatil Slipknot cəlb edilir. Polkovnik Rik Fleqin başçılığı altında toplanılan bu komanda ABŞ hökuməti üçün çox təhlükəli əməliyyatlara getməlidir. Hər bir komanda üzvünün boynuna nanobomba yerləşdirilir: əgər kimsə qaçmaq və üsyan etmək istəsə, bu bomba sayəsində öldürüləcək.
Uoller üçün xidmət göstərənlərdən biri də Fleqin sevgilisi, bədəni "Cadugər" adlı ifritə-ilahə tərəfindən ələ keçirilmiş arxeoloq Cun Mundur. Lakin tezliklə Cadugər onu həbs etdiklərinə görə Uollerə xəyanət edir, mistik bir silahdan istifadə edərək bütün bəşəriyyəti məhv etmək qərarına gəlir. O, Midvey-Sitininin nəzarətini ələ keçirir, əhalisini bədheybətlərə çevirərək özü üçün ordu qurur və ona kömək etməsi üçün qardaşı İnkubusu çağırır. Uoller şəhərin terror hücumu altında olduğunu bildirirək komandanı Midvey-Sitiyə göndərir.
Yola düşməzdən əvvəl onlara Fleqin cangüdəni olan və mistik qılıncdan istifadə edən Katana qoşulur. Harli Kvinnin cinayətkar sevgilisi Coker onun düşdüyü çıxılmaz vəziyyəti başa düşür. Coker Belle Reve Təhlükəsizlik Əməkdaşı Qriqzə işgəncə edərək ona nanobombaların istehsal olunduğu müəssisəni göstərməyə məcbur edir. Orada proqram üzərində işləyən alimlərdən birinə şantaj edərək Harlinin nanobombasının deaktiv edilməsinə nail olur. Bu zaman komandanın vertolyotu vurulur və komanda hədəfə piyada getməyə məcbur olur. Kapitan Bumeranq Slipknotu inandırır ki, nanobomba söhbəti əslində yalandır və əslində qaça bilərlər. Slipknot qaçmağa çalışır, lakin Fleq nanobombadan istifadə edərək onu öldürür. Bu zaman komanda Cadugərin əlaltılarının hücumuna məruz qalır. Onlra nəhayət bu bədheybətlərdən qurtulub təhlükəsiz yerə çata bilirlər, lakin orada əsl hədəflərinin əslində baş verənləri ört-basdır etməyə çalışan Uoller olduğunu öyrənirlər.
Komanda Uolleri onu aparmağa gələn vertolyotun yanına qədər müşayiət edir, lakin vertolyotun Coker və onun adamları tərəfindən qaçırıldığı məlum olur. Coker və adamları komandaya atəş açırlar, bu zaman Harli vertolyota minir. Uollerin adamları vertolyatu düşürürlər və qəza nəticəsində Cokerin öldüyü zənn edilir. Sağ qalan Harli isə komandaya yenidən qoşulmağa məcbur olur. Uollerin harada olduğundan xəbər tutan Cadugər əlaltılarını göndərib onu ələ keçirir. Dedşot Uollerin məxfi sənədlərini tapır və Cadugər haqqındakı həqiqəti öyrənir. Fleq həqiqəti onlara danışmağa məcbur və bu, komanda üzvlərinin onu tərk etməsi ilə nəticələnir. Artıq Uoller əmr vermək imkanında olmadığına görə Fleq komandanı əməliyyatdan azad edir, lakin davam etməyi seçir. Özlərini təsdiqləmək imkanına malik olduqlarını dərk edən komanda üzvlərini yenidən ona qoşulmağa qərar verirlər və Cadugərin qismən sular altında qalan metro stansiyasına yollanırlar. Qatil Krok və ABŞ HDQ-nin Xüsusi Təyinatlıları leytenant Edvardsın başçılığı altında Cadugərin qardaşının altına bomba yerləşdirməyə gedirlər. Bomba partlayana qədər vaxt qazandırmaq üçün El Diablo bütün gücünü sərbəst buraxır, lakin sonda hər ikisi, eləcə də, Edvards ölür.
Komandanın qalan üzvləri Cadugərə qarşı döyüşməyə başlayırlar, lakin sonda məğlub olurlar. Cadugər onunla müttəfiq olacaqları halda istədikləri arzunu yerinə yetirəcəyini bildirir. Harli özünü guya onun təklifi ilə maraqlanırmış kimi göstərir, lakin əsl məqsədi kifayət qədər yaxınlaşıb onun ürəyini kəsib çıxarmaqdır. Qatil Krok Cadugərin silahına partlayıcılar atır və Dedşot partlayıcılara atəş açaraq silahı məhv edir. Fleq Cadugərin ürəyini götürüb əzir və Cunu lənətdən azad edir. Sağ qalan Uoller yenə komanda üzvlərini Belle Reve həbsxanasına qaytarır və verdikləri xidmətlərə görə məhkumluq müddətlərini 10 il azaldır. Kapitan Bumeranqdan başqa hər bir üzvə xüsusi üstünlük verilir. Qəzadan sağ çıxan Coker həbsxanaya basqın edir və Harli ilə yenidən birləşir. Əlavə səhnələrdə Brüs Ueyn Uoller ilə görüşüb onu qoruyacağına söz verir, əvəzində isə hökumətin genişlənməkdə olan metainsan cəmiyyəti haqqındakı məxfi sənədləri ilə tanış olmaq istəyir.
Rollarda thumb|"İntiharçılar dəstəsi" filmin aktyor və aktrisaları 2016 San Diego Comic-Con International tədbirində. Soldan sağa: Uill Smit, Marqo Robbi, Cared Leto, Viola Devis, Yuel Kinnaman, Skott İstvud, Adevale Akinnuoye-Aqbace, Cay Kortni, Cey Ernandes, Kara Delevin və Adam Biç Uill Smit Floyd Louton / Dedşot rolunda: Əla nişancı və sui-qəsdçi. Muzdlu əsgər kimi fəaliyyət göstərən və pul qazanan Dedşot "ova çıxmağı" çox sevir, lakin hələ qızı üçün ən yaxşını etməyə çalışır. Cared Leto Coker rolunda: Psixopat supercinayətkar. Leto öz rolunu "təqribən Şekspir tərzində" və "bir personajın gözəl fəlakəti" ifadələri ilə təsvir etmişdir Super cinayətkarı təsvir edərkən Leto bildirir: "Mən olduqca dərin dalış etdim. Amma bu unikal fürsət idi və bunu başqa bir yolla etməyi təsəvvürümə gətirə bilmirdim. Bu cür psixoloji oyunları oynamaq əyləncəli idi. Amma eyni zamanda çox əzabverici idi." Leto roluna hazırlaşmaq məqsədilə vaxtını tək keçirirdi, 1920-ci illərin gospel musiqilərinə qulaq asırdı (Let bildirmişdi ki, Coker insanların düşündüyündən də yaşlı ola bilər), şamanizm haqqında ədəbi əsərlər oxuyurdu. Personajın görünüşünə təsir edən başqa amillər Meksika kartel bosları və Alexandro Xodorovskinin əsəri idi. Leto qeyd etmişdi ki, roluna hazırlaşmaq üçün həkimlərlə danışmış və psixopatlarla vaxt keçirmişdir. Personaja tatular əlavə etmək Eyerin fikri idi. O düşünürdü ki, bu, Cokerə daha müasir qanqster görünüşü verəcəkdi. Marqo Robbi Harlin Kvinzel / Harli Kvin: Ruhi sağlamlığı pozulmuş supercinayətkar və keçmiş psixoloq. Prodüser Riçard Sakli personajı "bir fanat sevimlisi. Əyləncəli, dəli, qorxulu. ... Onun etdiyi fərqli şeyləri təsvir etmək üçün kifayət qədər sifət tapa bilməzsiz" ifadələri ilə təsvir etmişdir. Robbi Kvini komandanın ən manipulativ personajlarından biri, Cokeri ilə münasibətlərini "inanılmaz dərəcədə disfunksional" adlandırmışdır və əlavə etmişdir ki, Kvin "onun kimi dəlidir, tamamilə, dəli. O, çılğındır. Amma o, onu sevir. Və bu həqiqətən də xəstə, disfunksional münasibətdir. Lakin həm də asılılıq yaradan." Yuel Kinnaman Rik Fleq rolunda: ABŞ Hərbi Akademiyasının məzunu və ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələrinin polkovniki. İntiharçılar dəstəsinə o rəhbərlik edir. Amanda Uollerin əmrlərini yerinə yetirir, lakin bəzən onun məqsədləri və metodları ilə razılaşmır. Rolu ifa etmək əvvəlcə Tom Hardiyə həvalə olunmuşdur, lakin planlaşdırma anlaşılmazlıqlarına görə Hardi layihədən çıxmışdır. Viola Devis Amanda Uoller rolunda: Komandanı toplayan və onlara əmr verən hökumət işçisi. Ambisiyalı və hiyləgər olan Uollerin böyük planları var and yoluna heç kimin çıxmamasını çalışır. Devis personajın gücünü və psxilogiyasını vurğulayaraq ona heyran olduğunu bildirmiş, onu "güclü qara qadın, çətin, istədiyi kimi hər kəsə atəş açmağa hazır" kimi təsvir etmişdir. O, Uolleri "cinayətkarlıqda amansız" kimi təsvir etmiş və onun güclərinin "ağlından və suçluluq hissi duymamasında" yatdığını demişdir. Devis roluna hazırlaşmaq üçün M.E.Tomasın "Psixopatın etirafları" avtobioqrafiyasını oxumuşdur. Cay Kortni Corc "Diqqer" Harkness / Kapitan Bumeranq rolunda: Kəskin bumeranqlardan istifadə edən peşəkar oğru. Kobud, sağ solu bəlli olmayan və çoxdanışan kimi təsvir edilir. Rolu haqqında Kortni bildirmişdir: "o tamamilə boqandır. Devid Eyerin ilk təlimatı 'içindəki alçağı tap' idi. Cey Ernandes Çato Santana / El Diablo rolunda: Keçmiş Los-Anceles qanqsteri. Əsas gücü alovu idarə etmək və iblisə bənzər dəhşətli varlığa çevrilməkdir. El-Diablo güclərinə tam nəzarət edə bilmədiyindən uşaqlarını və həyat yoldaşını öldürüb, buna görə özündən nifrət edir. Onun şəxsiyyəti digər komanda yoldaşlarından fərqlənir, çünki o sadəcə döyüşdən qıraqda olmaq istəyir. Adevale Akinnuoye-Aqbace Uoylon Cons / Qatil Krok rolunda: Dəri problemlərindən əziyyət çəkən supercinayətkar. Sürünənlərə xas xüsusiyyətlər qazanıb. Akinnuoye-Aqbace personajı "hiddətli kannibal" adlandırmışdır. Kara Delevin Cun Mun / Cadugər rolunda: Bədəni qədim ilahi varlıq tərəfindən ələ keçirilmiş arxeoloq. Həmin varlıq onu cadugərə çevrilməyə məcbur edir. Daha sonra bu varlıq Uollerin diqqətini çəkir. Delevin Munu "həmişə həyəcan axtaran macəraçı", Cadugəri isə "vəhşi varlıq" olaraq təsvir etmişdir. Əvvəlcə komandaya daxil edilmək istənsə də, Cadugər insanların ona etdiklərinə görə bəşəriyyətdən qisas almaq qərarına gəlir və məqsədinə çatmaq üçün qardaşını da çağırmaqdan çəkinmir. Karen Fukuhara Tatsu Yamaşiro / Katana rolunda: Döyüş sənətləri ustası və qılıncoynadan. Rik Fleqin cangüdəni və dostudur. Özü ilə mistik qılınc gəzdirir. Bu qılınc qurbanların ruhlarını özündə həbs edə bilir. Komandaya könüllü qoşulduğundan cinayətkar deyil, nanobomba gəzdirmir. Fukuhara bildirmişdi ki, Katananın "mənəviyyatı and prinsipləri var. O hətta yüzlərlə insanı bir nəfəsə doğrayıb kəsə bilər." Katana ərinin ölümü üçün yas tutur. İke Barinholtz Qriqz rolunda: Komanda üzvlərinin saxlandığı Belle Reve həbsxanasının təhlükəsizlik əməkdaşı. Skott İstvud GQ Edvards rolunda: Dəniz donanmasının leytenantı. Komandanın əməliyyatı zamanı Fleqə kömək edir. Eyer rol üçün əvvəlcə "Qəzəb" filmindən Şaya LaBafı uyğun görmüşdü, lakin studiya aktyor ilə maraqlanmamışdı. Adam Biç Kristofer Ueyss / Slipknot rolunda: Mudzlu əsgər. Kəndirlədən istifadə edərək daha tez hərəkət etməkdə ustalaşmışdır.