Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; ) — Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V, VI və VII çağırış deputatı.
Həyatı 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 5-ci sinfə qədər 7 saylı orta məktəbdə, sonra 10 saylı orta məktəbdə oxuyub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub.
1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub. 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başlayıb. 1998–2001-ci illərdə AXCP sədrinin siyasi məsələlər üzrə müavini olub.
2001–2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş bölgəsində taqım komandiri vəzifəsində baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmət keçib.
2003-cü ildə Böyük Quruluş Partiyasını təsis edib və ilk qurultayda həmin partiyanın başqanı seçilib. 2006, 2009, 2012, 2016 və 2020-ci illərdə yenidən partiya başqanı seçilib.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
2005, 2010, 2015, 2020 və 2024-cü illərdə III, IV, V, VI və VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.
2008-ci ilin prezident seçkilərində iştirak edib, 89985 seçicinin səsini alaraq 2,43% səslə üçüncü olub.
2009-cu ildə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü seçilib.
2016-cı ildə Xüsusi Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti seçilib.
Hazırda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavinidir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Fazil Mustafa Türkiyə və Azərbaycanda nəşr olunmuş 19 kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifidir.
Evlidir, iki övladı var.
Silahlı hücuma məruz qalması 28 mart 2023-cü ildə Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib. Hadisə nəticəsində çiyin nayihəsindən və ayağından güllə yarası alıb.
Millət vəkili silahlı hücumla bağlı açıqlamasında bildirmişdir: Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
2024-cü il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum edilib.
Kitabları "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə". İstanbul, 1995. "Azərbaycanda türk kimliyi və saxta tarix problemi. Bakı, 2014 "XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları". Bakı, 2015 "Asiyadan sivilizasiyaya" "Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü- dini-fəlsəfi aspekt" "Azərbaycan türkünün iman davası" "Dirilən adamın düşüncələri". Bakı: Qanun, 2023
Məqalələri
İstinadlar
Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan prezidentliyinə namizədlər Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinləri Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri Kateqoriya:Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan) tərəfindən aparılan cinayət işləri Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri