Eldəniz Adil oğlu Səlimov () ― Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı.
Həyatı Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovun atası – Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məktəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məktəbi bitirdi. Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi, 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi kimi çalışmışdır. 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir.
2011–2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində fəaliyyət göstərmiş, 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı, 2014–2015-ci illərdə Xaçmaz rayon İcra hakimiyyətinin başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır.
Ailəsi Eldəniz Səlimov ailəlidir, bir oğlu və bir qızı var.
Siyasi fəaliyyəti Eldəniz Səlimov 2015 və 2020-ci il parlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olaraq Azərbaycan Milli Məclisinə deputat seçilmişdir.
O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü olmuşdur. Eldəniz Səlimov, həm də, Avstraliya, Yeni Zelandiya, Belarus, BƏƏ, Çin, İtaliya, Qazaxıstan və Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarınında üzvü olub.
2015–2021-ci illərdə isə Milli Məclisin Aqrar siyasət, Gənclər və İdman Komitələrinin üzvü olub.
Həbsi Eldəniz Səlimov haqqında 2021-ci ilin iyul ayının 29-da Xaçmaz şəhəri ərazisində polis işçisini döydüyü iddiası ilə polis orqanları müraciət edilmiş, Daxili İşlər Nazirliyi işi Baş Prokurorluğa göndərmişdir. Baş Prokurorluq iyulun 30-da deputatının polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddası ilə bağlı cinayət işi başlatmış və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərmişdir. 2 avqust 2021-ci tarixində parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığı ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunmuşdur. Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilmişdir. Parlamentin 3 avqust 2021 tarixli fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunmuşdur. 27 dekabr 2021-ci ildə hakim Hafiz Əliyevin sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Eldəniz Səlimova hökm oxunub, o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun deputat mandatına xitam verilib.
Təltifləri "Tərəqqi" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları