Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTV — Azərbaycanın ilk milli televiziya kanalı. Dövlət (hökumət) idarəçiliyində olan televiziya kanalıdır.

1956-cı il fevralın 14-də yayıma başlamış, Azərbaycanın dövlətə məxsus televiziya kanalıdır. Kanal Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxildir. AzTV-nin fəaliyyəti və redaksiya müstəqilliyi beynəlxalq müşahidəçilərin və media azadlığı üzrə tədqiqatçıların tənqidinə məruz qalmışdır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2005-ci il parlament seçkiləri üzrə hesabatında kanalın əsas vaxtda yayımlanan siyasi və seçki xəbərlərinin 97%-ni prezidentin, Prezident Administrasiyasının, hökumətin və hakim Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr etdiyi, bu materialların əsasən müsbət məzmun daşıdığı və müxalifət namizədlərinin fəaliyyətinin isə böyük ölçüdə işıqlandırılmadığı qeyd olunmuşdur.ATƏT/DTİHB. Republic of Azerbaijan: Parliamentary Elections, 6 November 2005 — Final Report, 2006. Freedom House təşkilatı da 2025-ci il üzrə Azərbaycan hesabatında müxalifət partiyalarının televiziya vasitəsilə ictimaiyyətə çıxış imkanlarının faktiki olaraq çox məhdud olduğunu bildirmişdir.Freedom House. Freedom in the World 2025: Azerbaijan. 2024-cü il prezident seçkiləri ilə bağlı müşahidələrdə də ATƏT/DTİHB namizədlərin televiziya vasitəsilə işıqlandırılmasının məhdudluğunu və seçki mühitində siyasi plüralizmin çatışmazlığını qeyd etmişdir.ATƏT/DTİHB. Azerbaijan 2024 early presidential and parliamentary elections: final reports, 5 mart 2025.

Erkən tarixi Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14 — də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.

Televiziyanın statusu 1956-cı ildə Bakı televiziya studiyası və Radioinformasiya idarəsi ayrılıqda fəaliyyət göstərirdi. 1957-ci ilin oktyabrında Mədəniyyət nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə birləşdirildi və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırıldı. 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı. 1991-ci ildə komitə şirkətə çevrildi. 2003-cü ilin iyun ayından Azərbaycan Dövlət Televiziyasının tərkibində olan Naxçıvan Televiziyası müstəqil yayımçı kimi fəaliyyət göstərməyə başladı. 2005-ci ildən isə Azərbaycan Prezidentinin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.

İlk diktorlar thumb|right|250 px|Gültəkin Cabbarlı efirdə, 1956 1956-cı ilin mayında ekranda ilk diktorlar göründülər. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və Nizami Məmmədov var idi.

Sonradan televiziyada istedadlı diktorlar nəsli meydana gəldi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Nurəngiz Quliyeva, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlim, Rafiq Həşimov və başqaları.

Teleqüllə

1956-cı ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. 1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi. 1960-cı ildə Bakı–Ağstafa radiorele xəttinin istismara verilməsi ilə televiziya retranslyasiya stansiyaları Göyçay–Gəncə–Ağstafa məntəqələrində fəaliyyətə başladı. Bunun nəticəsində Azərbaycanın əksər rayon mərkəzlərində və yaşayış yerlərində televiziyaya baxmaq mümkün oldu. 1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Göygöl, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan verdi. 1962-ci ilin yanvarında Naxçıvanda qurulan kiçik televiziya stansiyasının sayəsində Muxtar Respublikanın da əhalisi televiziya verilişlərini izləyə bildi. 1963-cü il martın 12-də işə düşən Naxçıvan studiyası öz proqramlarını bu stansiyanın vasitəsilə yerli əhaliyə nümayiş etdirməyə başladı. 1964-cü il yanvarın 31-də Bakı–Moskva radiorele xəttinin istifadəyə verilməsi ilə Azərbaycan əhalisi Moskvadakı Mərkəzi televiziyanın proqramlarına, "Intervideniye" və "Evrovidenie"nin verilişlərinə baxmaq imkanı əldə etdi.

Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. 1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başladı. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verildi. 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədlə Teleradio İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV – Up-link stansiyasını quraşdırdılar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird", Şimali Amerikaya "Galaxy 25", Asiyaya isə "Azerspace-1" peykləri vasitəsilə yayılır.

2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülmüşdür. 6 noyabr 2013-cü ildə 16:9 təsvir formatlı yayıma keçmişdir. "Azərbaycan Televiziyası 2020-ci ildən HD formatına tam keçəcək. Proqramların yeni server sistemindən yayımlanması üçün lazımi avadalıqlar alınıb.

31 may 2021-ci ildən etibarən Azərbaycan Televiziyası, İdman TV və "Mədəniyyət" kanalı HD yayıma başlayıb.

Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirildi.

28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçilib.

Texniki imkanları 1956-cı il sentyabrın 2-nə qədər Bakı studiyası artıq 100-ə qədər bədii film göstərmişdi. Bakılılar televiziya ilə "Sovet Azərbaycanı", "Elm və texnika", "Xarici xronika", "Pioner" adlı kino jurnallarına baxa bilirdilər. Moskvadan və SSRİ-nin digər 13 respublikasından ölkəmizə qonaq gələn sənət adamları tez-tez Bakı studiyasından çıxış edirdilər. İlk dövrdə Bakı studiyası 30 kvadrat metrlik iki otaqdan ibarət idi. Yarıdan bölünmüş otaqların birində kino aparatları quraşdırılmışdı, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi. Studiyada yalnız 1 studiya telekamerası, eləcə də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında iki kamera yerləşdirilmişdi. Üç kameradan biri diktor, yaxud çıxışçı, digər ikisi isə film üçün idi. Studiyadakı kamera sıradan çıxdıqda, diktorun təsviri və mətni kinoproyeksiya otağından verilirdi. 1957-ci il iyunun 9-da ilk dəfə Respublika Stadionundan futbol oyunu translyasiya edildi. Stadiondan reportajı radiojurnalist Valid Sənani aparırdı. İyunun 28-də isə həmin stadiondan tələbə və gənclərin festivalı göstərildi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası və digər konsert salonlarından birbaşa yayımlara başlanıldı.

1958-ci ildə Leninqraddan (indiki Sankt-Peterburq) o dövr üçün müasir texniki vasitə sayılan səkkiz kanallı avadanlıq alındı, televiziya mərkəzində yenidənqurma işləri başlanıldı. 60-cı illərin ortalarından studiyalarda yeni texnologiya tətbiq edildi. 1965-ci ildən çəkiliş pavilyonunda istifadə olunan KMZI-4 videoyazı texnikası tamaşaların videomaqnit lentinə köçürülməsinə şərait yaratdı. 1970-ci ilə qədər yerli efir məkanında video texnikasının olmaması televiziyanın inkişafını ləngidirdi. Yalnız 1970–1972-ci illərdə çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə aparıldıqdan sonra informasiya proqramlarında reportajların göstərilməsinə başlanıldı. 1971-ci ildə istifadəyə verilən təkmilləşdirilmiş "Kadr-2" video sistemi isə montaj üçün əlverişli şərait yaratdı.

1970-ci ildən Moskva televiziyası proqramları rəngli yayımlamağa başladı. Azərbaycan televiziyası isə 1973-cü ildən yalnız Bakıda rəngli yayıma keçə bildi. 70-ci illərin ortalarından KADR-3R videmaqnitofonundan istifadəyə başlanılması keyfiyyətli elektron montajına şərait yaratdı. 1970–1980-ci illərdə videotexnika efirə yol açdı.

1985-ci ildə Azərbaycan Televiziyası texniki təchizatına, film istehsalı və müxtəlif proqramlarla Mərkəzi televiziyadakı çıxışlarına görə SSRİ-də 4-cü yerə çıxdı.

1981-ci ildən 1991-ci ilə qədərki vaxtı əhatə edən dövrdə o zaman üçün ən qabaqcıl sayılan texniki vasitələr televiziya məkanına yol açdı. Texniki imkanların genişlənməsi verilişlərin keyfiyyətini ildən-ilə yüksəltdi, yeni formalar axtarıb tapmaqda kömək etdi. Video kameralarının vasitəsilə çəkilişlər aparmaq, montaj etmək, həm də birbaşa efirə çıxmaq mümkün oldu.

Verilişlər İlk illərdə "Azərbaycan bəstəkarlarının portretləri", "Ədəbiyyat və incəsənət", "Azərbaycan ədəbiyyatının klassikləri", "Görkəmli səhnə ustaları", "Bakının teatr və konsert salonlarında", "Lenin mükafatı laureatları", "Məktəb və həyat", "Xalq drujinaçısı", "Bizim qonaqlarımız", "Festival qarşısında" və s. bu kimi verilişlər efirə çıxırdı.

1958-ci ildən başlayaraq proqramlarda publisistik janra üstünlük verildi, reportajların sayı artdı. Bayram tədbirlərindən, iclaslardan, görüşlərdən birbaşa yayımlar reportajları zənginləşdirən amilə çevrildi.

60-cı illərin sonundan proqramların texniki təminatının yaxşılaşdırılması ilə yanaşı, maraqlı müəllif və rejissor axtarışları da nəzərə çarpırdı.