Mirzə Mansur Məşədi Məlik oğlu Mansurov () — azərbaycanlı tarzən, pedaqoq, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1940).
Həyatı Mirzə Mansur 5 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, on bir yaşında Sınıq-qala məscidindəki mədrəsədə təhsil alaraq fars dilini mükəmməl öyrənmişdir. Təhsilini rus-tatar məktəbində davam etdirən tarzən burada dörd il təhsil almışdır. Mirzə Mansurun atası Məşədi Məlik bəyin Bakı muğam məclislərinin yaradıcısı kimi tanınır. O, bir sıra musiqi alətlərində - tar, kamança, tütək ifa edirdi.
Həmçinin anası Soltan Bəyim və böyük qardaşı Məşədi Süleyman da saz çalırdı. Belə bir mühitdə böyüyən Mirzə Mansurun tara olan meyli artmış və musiqiçi olmağa qərar vermişdi. Kiçik yaşlarından tar çalmağa başlayan Mirzə Mansur ilk tar dərslərini tarzən Mirzə Fərəc Rzayevdən almışdır. Onun ilk ifa etdiyi muğamlar "Şur" və "Rast" muğamları olmuşdur.
Fəaliyyəti Mirzə Mansur tarzən Mirzə Sadıq Əsəd oğlundan bəhrələnmiş və Sadıqcan məktəbinin layiqli davamçısı olmuşdur. Tarzən muğam nəzəriyyəçisi kimi tanınır. O, 1920-ci ildən sonra Şərq konservatoriyasında, 1923-cü ildə isə Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində tar dərsi demişdir. Daha sonra 1926–1946-cı illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs vermişdir. Mirzə Mansur Üzeyir Hacıbəyovun təşəbbüsü ilə tar sinfi üçün ilk muğam tədris proqramını hazırlayan şəxs olmuşdur.Şuşinski, F. Mirzə Mənsur [Mətn] /F.Şuşinski // Azərbaycan xalq musiqiçiləri.- Bakı, 1985.- S.310–313.
Üzeyir Hacıbəyovun tapşırığı ilə gənc bəstəkarlar Tofiq Quliyev və Zakir Bağırov Mirzə Mansurun ifasından 1930-cu illərin ortalarında "Rast", "Dügah" və "Zabul" muğamlarını ilk dəfə nota salmışlar. Eyni zamanda Ü.Hacıbəylinin təşəbbüsü ilə o, tar alətini təkmilləşdirmiş, tarın rekonstruksiyasına yeniliklər gətirmişdir. Mirzə Mansurun yenilik verdiyi 4 tardan biri Ermitaj, ikincisi Luvr, üçüncüsü isə İstanbul muzeylərində qorunur. Sonuncu tarı isə özünə saxlamışdı. Mirzə Mansurun tarda ifa etdiyi iki maqnitofon yazısı qalıb: "Xocəstə" və "Mahur-hindi" muğamları.
Ailəsi Mirzə Mansurun oğlu tarzən Ənvər Mansurov onun yolunu davam etdirmişdir. Ənvər Mansurov (1917–1941) Böyük Vətən müharibəsinin ilk günlərindən Brest qalasının müdafiəçilərindən biri olmuş və qəhrəmanlıqla həlak olmuşdur. Ənvər Mansurovun oğlu Arif Mansurov (1939–2003) uzun illər müxtəlif dövlət idarələrində rəhbər vəzifələrdə çalışmışdır. Professor Arif Mansurov, həmçinin Yaşıllar Partiyasının sədri və Dövlət Təbiəti Mühafizə Komitəsinin rəhbəri vəzifəsində çalışmışdır.
Ölümü Mirzə Mansur 1967-ci ildə vəfat etmiş və Bakı şəhərində, Yasamaldakı köhnə qəbiristanlıqda dəfn edilmişdir.
Mükafatları Mirzə Mansur Mansurova 23 aprel 1940-cı ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir.
Həmçinin bax Məşədi Süleyman bəy Mansurov Tarzən Bəhram Mansurov
İstinadlar
Xarici keçidlər Elxan Mansurov — Mirzə Mansur haqqında | İctimai TV | 30.06.2017
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan tarzənləri Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:XIX əsr Azərbaycan musiqiçiləri Kateqoriya:XX əsr Azərbaycan musiqiçiləri Kateqoriya:Mansurovlar Kateqoriya:İçərişəhərdə_doğulanlar Kateqoriya:SSRİ musiqiçiləri