Frans Kafka (;) — almandilli əşkinazi yəhudisi roman və hekayə yazarı. XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Realizm ilə fantastika elementlərini birləşdirdiyi əsərlərində əsasən tənha qalmış baş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür. Ən tanınmış əsərləri "Çevrilmə", "Məhkəmə", "Qəsr" və "Milenaya məktublar" hesab olunur. Onun əsərlərindəki situasiyaları təsvir etmək üçün ingilis dilinə "Kafkavari" mənasını verən "Kafkaesque" sözü daxil olmuşdur.

Kafka Bohemiya krallığının (daha sonra Avstriya-Macarıstan imperiyasının tərkib hissəsi, indiki Çexiya Respublikası) paytaxtı Praqa şəhərində orta sinif almandilli yəhudi ailəsində anadan olmuşdur. Vəkil təhsili almış, təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlmişdir. Bu zaman boş zamanlarında yazmağa başlamışdır. Həyatı boyunca Kafka gərgin və formal münasibət bəslədiyi atası da daxil olmaqla ailəsi və yaxın dostlarına yüzlərlə məktub yazmışdır. Həyatında bir neçə qadın olsa da, heç vaxt evlənməmişdir. 1924-cü ildə 40 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.

Kafkanın sağlığında çox az əsəri çap olunmuşdur: hekayə kolleksiyaları "Düşünmək" ilə "Kənd həkimi" və fərdi hekayələri ədəbi jurnallarda nəşr olunmuş, lakin az ictimai diqqət almışdır. Kafka dostu Maks Broddan tamamlamadığı "Məhkəmə", "Qəsr" və "Amerika" romanlarını məhv etməyi xahiş etmiş, lakin Maks bunu rədd etmiş və Kafkanın ölümündən sonra əsərlərini çap etdirmişdir. Onun əsərləri XX əsr ədəbiyyatına – yazıçılarına, filosoflarına, sənətkarlarına və tənqidçilərinə böyük təsir göstərmişdir.

Həyatı

Ailəsi thumb|left|Kafkanın valideynləri Herman (1852–1931) və Yuliya Kafka (1856–1934) 1913-cü ildə. Kafka Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində Qədim şəhər meydanının yaxınlığında anadan olmuşdur. Ailəsi mənşəcə orta sinif əşkinazi yəhudisi idi. Atası Herman Kafka (1854–1931) Yakob Kafkanın dördüncü oğlu idi, Bohemiyanın cənubundakı Strakonitse yaxınlığında yerləşən və böyük yəhudi icmasının yaşadığı Çexiyanın Osek kəndində şoxet və ya dini qəssab idi. Herman Kafka ailəsini Praqaya gətirmişdi. Səyyar satış təmsilçisi kimi işlədikdən sonra hədiyyəlik mallar və paltar pərakəndəçisi olmuş və işə 15 nəfər götürmüşdü. Herman bu zaman şirkətinin loqosu üçün zağca təsvirindən (çex dilində kavka, lakin tələffüzü və tez-tez yazılan forması kafka) istifadə etməyə başlamışdır. Kafkanın anası Yuliya (1856–1934) Poderbradı şəhərində varlı tacir olan Yakob Levinin qızı idi və ərindən daha yaxşı təhsil almışdı.

Kafkanın valideynləri çox güman ki, İdiş dilindən təsirlənmiş alman dilində danışırdılar, bu dil təhqiramiz şəkildə Mauscheldeutsch adlandırılırdı. Lakin alman dili sosial cəhətdən böyük imkanlara sahib olduğundan valideynlər uşaqlarını Yuxarı alman dilində danışmağa təşviq etmişdilər. Herman və Yuliyanın 6 uşağı olmuşdur və Frans onların ən böyüyü idi. İki qardaşı Georq və Henrix Frans 7 yaşına çatana qədər ölmüşdürlər. Fransın üç bacısı olmuşdur: Qabriela ("Elli") (1889–1944), Valeriya ("Valli") (1890–1942) və Ottiliya ("Ottla") (1892–1943). Bütün bacıları İkinci dünya müharibəsi zamanı Holokostda ölmüşdürlər. Valli 1942-ci ildə Lodz gettosuna göndərilmiş, lakin bu, onun haqqında olan sonuncu sənəd olmuşdur. Ottla Fransın sevimli bacısı olmuşdur.

Herman bioqraf Stenli Kornqold tərəfindən "böyük, özünüdüşünən, təzyiq etməyi sevən biznesmen" kimi, Frans Kafka tərəfindən isə "gücdə, sağlamlıqda, səs tonunda, natiqlikdə, özünü məmnun etməkdə, dünyəvi hakimiyyətdə, dözümlülükdə, zehni vəziyyətdə [və] insan təbiəti haqqındakı biliklərdə əsl Kafka" kimi təsvir edilmişdir. İş günlərində hər iki valideyn evdə olmurdular, Yuliya Kafka hətta gündə 12 saat işləyirdi. Nəticədə, Frans Kafka uşaqlıqda böyük tənhalıq hiss etmişdir. Uşaqların tərbiyəsində əsasən mürəbbiyələr və xidmətçilər iştirak etmişdir. Kafkanın atası ilə olan problemli münasibəti əksini 100 səhifəlik "Atama məktub" əsərində tapmışdır. Bu əsərdə o, atasının avtoritet və ambisiyalı şəxsiyyətindən dərindən təsirlənməsindən şikayətlənmişdir. Atasından fərqli olaraq anası sakit və utancaq qadın idi. Kafkanın atasının dominant şəxsiyyətinin Kafkanın əsərlərində böyük təsir olmuşdur.

Kafka ailəsinin əvvəlcə onlarla yaşayan bir qız xidmətçisi vardı və ailə darısqal mənzildə yaşayırdı. Fransın otağı çox vaxt soyuq olurdu. 1913-cü ilin noyabrında ailə daha böyük mənzilə köçmüşdür, lakin Elli və Valli artıq evlənib birinci evdən köçmüşdülər. 1914-cü ilin avqustun əvvəlində Birinci Dünya müharibəsinin başlamasından az sonra bacılar orduda olan ərləri ilə əlaqələrini itirmiş və buna görə də ikinci mənzilə ailənin yanına qayıtmışdırlar. Elli və Vallinin uşaqları vardı. Frans 31 yaşında Vallinin köhnə mənzilinə köçmüş və ilk dəfə təkbaşına yaşamağa başlamışdır.

Təhsili thumb|Kafkanın təhsil aldığı gimnaziyanın yerləşdiyi Qoltz-Kinski sarayı.|290px Kafka 1889–1893-cü illərdə Fleyşmarktda (hazırda Masna küçəsi) yerləşən və oğlanlar üçün nəzərdə tutulmuş alman ibtidai məktəbinə getmişdir. Onun yəhudi təhsili 13 yaşında Bar Mitsvanın qeyd edilməsi ilə başa çatmışdır. Kafka sinaqoqa getməyi heç vaxt xoşlamamışdır və atası ilə ancaq ildə 4 dəfə ora gedirdi.

1893-cü ildə ibtidai məktəbi bitirdikdən sonra ciddi təhsilin keçirildiyi dövlət gimnaziyası olan və Köhnə şəhər meydanındakı Qoltz-Kinski sarayında yerləşən Köhnə Şəhər Alman Gimnazsiyasına qəbul olunmuş və orta təhsilini burada almağa başlamışdır. Təhsil alman dilində aparılsa da, Kafka çex dilində də yazıb oxuyurdu. O, gimnaziyadakı təhsilini 8 il davam etdirmiş və yaxşı qiymətlər almışdır. Kafka çex dilində yaxşı danışdığından tez-tez alqışlansa da, Kafkanın özü heç vaxt çex dilində səlis danışdığını düşünməmişdir, buna baxmayaraq hətta alman dilində də çex aksenti ilə danışırdı. Matura imtahanlarını 1901-ci ildə vermişdir.

1901-ci ildə Praqada yerləşən Alman Karl-Ferdinand Universitetinə qəbul olunan Kafka kimya ixtisası üzrə təhsil almağa başlamış, lakin iki həftə sonra qərarını dəyişərək hüquq təhsili almağa başlamışdır. Bu sahə onun marağına səbəb olmasa da, qarşısına geniş iş imkanları açırdı, bu isə atasını məmnun edirdi. Bundan əlavə, hüquq uzunmüddətli təhsil tələb edirdi, bu isə Kafkaya alman dili və incəsənət tarixi dərslərinə qatılmaq şəraiti yaradırdı. O, Alman Tələbələrinin Oxu və Mühazirə Zalı () adlı tələbə klubuna qoşulmuşdu, bu klub ədəbi tədbirlər, oxular və digər fəaliyyətlərin təşkili ilə məşğul olurdu. Kafkanın dostları arasında fəlsəfə oxuyan Feliks Veltş, varşavalı ortodoks hasidik ailədən çıxmış aktyor Yitzçak Lovi və yazıçılar Oskar Baum ilə Frans Verfel vardı.

Universitetdəki ilk ilində Kafka həyatında ən yaxın dostu olmuş Maks Brodla tanış olmuşdur. Brod tezliklə müşahidə etmişdir ki, Kafka utancaq və azdanışan olsa da, dediklərinin çoxu dərin məna kəsb edirdi. Kafka həyatı boyunca çox həvəsli bir oxucu olmuşdur. Brodun təklifi ilə onlar Platonun "Protaqor" əsərini orijinal yunan dilində, öz təklifi ilə isə Qüstav Floberin "Sentimental təhsil" və "Müqəddəs Antoninin tamahı" əsərlərini fransız dilində oxumuşdular. Kafka Fyodor Dostoyevski, Qüstav Flober, Nikolay Qoqol, Frans Qrilparser və Heynrix von Kleisti "əsl qan qardaşı" olaraq adlandırmışdır. Bundan əlavə, Kafka Çex ədəbiyyatı ilə maraqlanmış, Yohann Volfqanq Götenin əsərlərinin vurğunu olmuşdur. Kafka 18 iyul 1906-cı ildə hüquq üzrə doktorantura dərəcəsi almışdır və bir il müddətinə məcburi surətdə pulsuz vətəndaş və cinayət məhkəmələrində hüquq katibi kimi fəaliyyət göstərmişdir.

İş fəaliyyəti thumb|left|İşçilərin Qəza Sığortası İnstitutunun keçmiş binası. 1 noyabr 1907-ci ildə Kafka Assicurazioni Generali sığorta şirkətində işləməyə başlamışdır və buradakı işi bir ilə yaxın davam etmişdir. Bu dövrdəki məktublaşmaları Kafkanın iş saatlarından (08:00–18:00) narazı olduğunu göstərir. Belə ki, bu amil getdikcə onun üçün daha da çox əhəmiyyət kəsb edən yazılarına vaxt ayırması üçün böyük çətinlik törədirdi. Kafka 15 iyul 1908-ci ildə işdən istifa etmişdir. İki həftə sonra Bohemiya krallığındakı İşçilərin Qəza Sığortası İnstitutuna daxil olanda əsər yazmasına imkan verən yeni iş tapmışdır. İşi sənaye işçilərinə fərdi zərərlərdən ötrü ödənəcək kompensasiyanı müəyyənləşdirmək və araşdırmaqdan ibarət idi. Bu dövrdə iş təhlükəsizliyinə zəif diqqət yetirildiyindən barmaqları və ətrafları itirmək kimi qəzaların baş verməsi adi hal idi. Belə qəzalar xüsusilə tornaçı dəzgahı, əl burğulama maşını, yonucu dəzgahı, fırlanan mişar kimi avadanlıqlarla işləyərkən qeydə alınırdı.

İdarəçilik professoru Piter Druker Kafkanın İşçilərin Qəza Sığortası İnstitutunda işləyərkən qoruyucu şlemanı ixtira edən şəxs olduğuna inanır, lakin sahibkarının sənədlərində bu faktı dəstəkləyən heç bir dəlil yoxdur. Kafkanın atası oğlunun sığorta işini Brotberuf (hərfi tərcümədə çörək işi) – ancaq kommunal xərcləri ödəmək üçün görülən iş adlandırırdı, bu isə Kafkanın xoşuna gəlmirdi. Kafkanın vəzifəsini sürətlə artırmışdırlar: o artıq kompensasiya müraciətlərini qəbul edir və tədqiq edir, hesabatlar yazır, şirkətlərinin yüksək risk kateqoriyasında olduğunu düşünən biznesmenlərin müraciətlərinə baxırdı. Burada işlədiyi bir neçə il müddətində sığorta institutuna illik hesabatlar yazmışdır. Müdirləri Kafkanın hesabatlarından razı qalmışdırlar. Kafka işini adətən gündüz saat 2-də bitirirdi, buna görə də ədəbi yaradıcılıq üçün vaxt qalırdı. Kafkanın atası isə oğlunun ailənin mağazasını təhvil alacağını gözləyirdi. Növbəti illərdə Kafkanın xəstəliyi sığorta bürosunda işləməyə və ədəbi yaradıcılıqla məşğul olmasına mane oldu. İllər sonra Brod Kafka, Feliks və özünün də daxil olduğu bir qrup yazıçını bildirmək üçün "Yaxın Praqa dairəsi" () terminini ortaya atdı.

1911-ci ilin sonunda Ellinin əri Karl Herman və Kafka Praqadakı ilk asbest fabrikinin şərikləri oldular. Prager Asbestwerke Hermann & Co. adı ilə tanınan şirkət Hermann Kafkanın verdiyi pulla qurulmuşdu. Kafka əvvəlcə işə pozitiv yanaşmış, vaxtının çoxunu biznesə həsr etmişdir, lakin daha sonra işin onun ədəbi yaradıcılığına mane olmasından xoşu gəlməmişdir. Bu dövrdə o, İdiş teatrının performansları ilə də maraqlanmışdır. İdiş teatr truppasının 1911-ci ilin oktyabrındakı çıxışını gördükdən sonra Kafka növbəti 6 ay boyunca özünü "İdiş dili və ədəbiyyatının içində tapmışdır". Bu maraq onun iudaizm tədqiqatlarının başlanğıc nöqtəsi idi. Bu dövrdə Kafka vegetarian olmuşdur. 1915-ci ildə Kafka Birinci Dünya müharibəsində xidmət üçün orduya çağırılmışdır, lakin Kafkanın sığorta institutundakı işverənləri onun dövlət qulluğunda olduğunu əsaslandıraraq buna mane olmuşdurlar. Kafka orduya qatılmaq üçün yenə cəhd etmiş, lakin 1917-ci ildə ona vərəm diaqnozu qoyulduqdan orduya qəbul olunmamışdır. 1918-ci ildə sığorta institutu Kafkanı xəstəliyinə görə təqaüdə göndərmişdir. O dövrdə vərəmin müalicəsi olmadığından Kafka həyatının qalanını sanatoriumlarda keçirmişdir.

Şəxsi həyatı thumb|Felisiya Bauer Kafka heç vaxt evlənməmişdir. Broda görə Kafka güclü cinsi istəkdən "əzab çəkirdi" və Kafkanın bioqrafı Reyner Stax qeyd edir ki, onun həyatı "fasiləsiz qadınlaşdırma" ilə dolu idi və "cinsi müvəffəqiyyətsizlik"dən qorxurdu. Kafka yetkinlik həyatı boyunca fahişəxanalara getmiş və pornoqrafiya ilə maraqlanmışdır. Bundan əlavə, bir çox qadınla yaxınlıq etmişdir. 13 avqust 1912-ci ildə Kafka Brodun qohumu, Berlində bir diktafon şirkətinin təmsilçisi kimi işləyən Felisiya Bauer ilə tanış olmuşdur. Bir həftə sonra Brodun evində baş tutan görüşdən sonra Kafka gündəliyinə yazmışdır:

thumb|Frans Kafkanın münasibətdə olduğu qadınlardan biri Milena Yesenka.