Nadir Əliyev (tam adı: Nadir Alış oğlu Əliyev ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Əliyev Nadir Alış oğlu 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1977–1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil almışdır. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləmişdir.

Döyüşlərdə iştirakı 1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunmuşdur. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət etmiş, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərmiş, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olmuşdur.

Ailəsi Ailəli idi. İki övladı var.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Suraxanı rayonundakı 282 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

İstinadlar

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 86-87.

Xarici keçidlər Milli qəhrəmanlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Ağdamda vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları