Mikalar — minerallar, XY2-3[(OH,F)2 ïZ8O10], təbəqəli quruluşlu dimetasilikatların böyük qrupu; burada X-K, Na, Ca, (Ba, Rb, Cs və b.); Y-Al, Mg, Fe (Mn, Cr, Li, Ti və b.); Z-Si, Al (Fe3+, Ti). İzovalent və həm də heterovalent izomorf əvəzolunmalar adi haldır. X ionlarının xarakterinə görə mikalar - adi mikalara  (X-K, Na) və kövrək mikalara (X-Ca) bölünür. Dioktaedrik mikalara - muskovit, paraqonit və qlaukonit; trioktaedriklərə - floqopit, biotit, sinvaldit, lepidolit aid edilir. Mikalar üçün müxtəlif temperaturda suyun ayrılması səciy­yəvidir. Mükəmməl kristalların {110} üzləri və psevdoheksaqonal görkəmi olur. Bitişmə müstəvisi (001) və ikiləşmə oxu olan "mika qanunu" üzrə. Ayrılma {001} üzrə olduqca mükəmməl. Sərtliyi 2,5-4; müvafiq olaraq (001) paralel və ^ (001). Vərəqləri elas­tik və əyilgəndir. Mikalar hamısı endogen şəraitdə əmələ gəlir. Sənaye əhəmiyyətli muskovit qranit peqmatitlərində kristallaşır, floqopit genetik olaraq ultraəsasi və qələvi süxurlarla əlaqədardır və həmçinin maqneziumlu karbonat süxurların alümosilikatlarla təmas zonasında əmələ gəlir. Mikalar üçün elektrikə, oda, kimyəvi və mexaniki təsirə yüksək davamlılıq, elastiklik və asanlıqla əyilmə səciyyəvidir. Mikalar praktiki əhəmiyyətlidir, başlıca olaraq iri kristallik muskovit və floqopit elektroizolyator materialı kimi xüsusilə qiymətlidir. Vərəqəli mikalar kondensator və radiolampa və b. məmulat­ların hazırlanmasında izolyator kimi istifadə edilir. Mikalar sənaye tullantılarından slüdinit və slüdoplast, həmçinin mikaleks hazırlanmasında, ruberoid, divar kağızı, perqamin istehsalında, biotitdən isə maşınlar üçün quru sürtkü materialı kimi istifadə olunur.

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Dielektriklər Kateqoriya:Sənaye mineralları