Bəhruz Quliyev (Bəhruz Vaqif oğlu Quliyev; ) — Azərbaycanlı jurnalist, alim, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi ekspert, "Səs" qəzetinin baş redaktoru (2005—h.h.); Səs Media Qrupunun təsiscisi və rəhbəri (2008—h.h.);

Həyatı Bəhruz Vaqif oğlu Quliyev 20 yanvar 1973-cü ildə Azərbaycan SSR Naxçıvan MSSR, Şahbuz rayonunun Qarababa kəndində anadan olub. 1980–87-ci illərdə kənd orta məktəbində, 1987–88-ci illərdə Ordubad rayon internat məktəbində, 1988–90-cı illərdə Bakıda 1№li fizika-riyaziyyat təmayüllü internat məktəbinində oxuyub. 1990-cı ildə İnşaat-Mühəndisləri İnstitutunun qiyabi şöbəsinə daxil olub. 1992–96-cı illərdə hərbi xidmətdə olub. 2002-ci ildə Memarlıq və İnşaat Universitetini bitirib. 2005–2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, 2014-cü ildən fəlsəfə üzrə fəlsəfə doktorudur.

1997-ci ildən "Səs" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb, 1998-ci ildən müxbir, 2000-ci ildə məsul katib, 2001-ci ildə baş redaktor müavini kimi çalışıb. Hal-hazırda 2005-ci ildən etibarən "Səs" qəzetinin baş redaktorudur.

Eyni zamanda, 2008-ci ildən "Səs" Media Qrupunu yaradıb. Qrupun tərkibində "Səs" İnformasiya Agentliyi (sia.az), 2011-ci ildə isə "SəsTv" İnternet Televiziyası (sestv.az) və bir neçə internet portalı fəaliyyət göstərir.

Onlarla elmi məqalələrin müəllifi, müxtəlif beynəlxalq konfransların və seminarların iştirakçısıdır.

Siyasi nəzəriyyə ixtisası (5908.01) üzrə doktorantdır.

2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalına, 2018-ci ildə "Azərbaycan Xalq Cümhuryyətinin 100 illik" medalına, 2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalına, 2020-ci ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adına, 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına, 20 fevral 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilmiş "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüşdür.

2020-ci ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adına layiq görülüb.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 2017-ci ildən Azərbaycan Respublikasının Prezidentinin ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə imzaladığı Fərmana əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvüdür.

2005-ci ildən etibarən bütün parlament, Prezident və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının Təşviqat Qrupunun üzvü kimi namizədlərinin təbliğatı məqsədilə çoxsaylı görüşlər keçirib. 2024-cü il prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevin 21 nəfərdən ibarət Mərkəzi Seçki Qərargahının üzvü olub. Eyni zamanda, 2005, 2008, 2009, 2010, 2013, 2015, 2016, 2018, 2020, 2024-cü illərdə YAP-ın Respublika üzrə müşahidəçisi, 2010–2015-ci illərdə YAP-ın MSK-da məşvərətçi səs hüquqlu üzvü, 2015–2020-ci illərdə YAP-ın MSK-da əvəzedici tərkibdə üzvü olub.

Azərbaycanlı jurnalist və ictimai-siyasi xadim Rasim Quliyevin kiçik qardaşıdır.

Ailəlidir.

Elmi əsərləri Modernləşmə siyasətində kütləvi informasiya vasitələrinin rolu: sosial-fəlsəfi aspekt. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Mədəniyyət dünyası. 2012, XXIV, s. 70–73 Qərb kütləvi informasiya vasitələri, İKT və modernləşmə. YUNESKO-nun təsis etdiyi "Ümumdünya fəlsəfə günü"nə həsr olunmuş "Qərb fəlsəfəsini necə dərk edirik?" mövzusunda beynəlxalq elmi-nəzəri konfransın materialları. Azərbaycan Milli Elmlər Akademiyası. Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu. Bakı: 28 noyabr 2012, s. 232–241 Kütləvi informasiya vasitələri modellərinin bazar iqtisadiyyatına transformasiyasıprosesində sosial məsuliyyət konsepsiyasının fəlsəfi təhlili. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Mədəniyyət dünyası. 2013, XXV, s. 136–140 Sosial fəlsəfədə və sosial münasibətlər sistemində kütləvi informasiya və vasitələrinin tipologiyası: fəlsəfi aspekt. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. 2013, № 2, (53), s.111–115 Mürəkkəb sosial funksiyalar sistemində yeniləşən və modernləşən kütləvi informasiya vasitələrinin müqayisəli təhlili. Azərbaycan Milli Elmlər Akademiyası. Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu. Elmi əsərlər. 2013, № 2 (21), s. 47–51 Qloballaşma, KİV və tolerantlıq: sosial-fəlsəfi aspekt. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Multikulturalizm prosesləri qloballaşma şəraitində. Beynəlxalq elmi-nəzəri konfransın materialları. ADMİU-nun 90 illiyinə həsr olunur. S. 256–259 Роль СМИ в формировании государственного сознания и традиций государственности в независимом Азербайджане. Гилея. Выпуск 80 (№ 1). С. 188–191 Modernləşmə prosesində və milli-mənəvi dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu: sosial-fəlsəfi təhlil. Bakı Avrasiya Universiteti. Sivilizasiya. 2013/4. s. 12–17

İstinadlar

Xarici keçidlər Trend.az-da Bəhruz Quliyev