Yaşar Abutalıb oğlu Səfərov () — Azərbaycan müğənnisi, vokalist, Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Televiziyasının solisti, Azərbaycan SSR əməkdar artisti (1989).
Həyatı Yaşar Səfərov 25 iyun 1940-cı ildə Naxçıvanın Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Texnikumunun əvvəlcə kamança, daha sonra vokal şöbəsində təhsil almışdır. Sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) musiqili komediya aktyorluğu fakültəsini bitirmişdir.
Uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin solisti olmuşdur. Həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərmişdir. Kuba, Avstriya, Macarıstan, Danimarka, Türkiyə və başqa ölkələrdə konsert proqramları ilə çıxış etmişdir.
Azərbaycan bəstəkarlarının bir sıra mahnı və romanslarının ilk ifaçılarından olmuşdur. Repertuarında xalq mahnıları, bəstəkar mahnıları, romanslar, eləcə də Azərbaycan və Qərb bəstəkarlarının opera əsərlərindən ariyalar yer almışdır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
Yaşar Səfərov 18 iyun 2007-ci ildə vəfat etmiş, Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur.
Yaradıcılığı Yaşar Səfərovun ifa etdiyi mahnılar arasında "Oxu tar", "Şeir deyildi", "Ağ çiçəklər", "Süsən qızlar", "Küçələrə su səpmişəm" və "Gözəlim sənsən" kimi əsərlər olmuşdur.
Onun repertuarında Naxçıvana həsr olunmuş mahnılar da yer almışdır. İfa etdiyi bu qəbildən əsərlər arasında Ramiz Mustafayevin "Sevimli Naxçıvan", Nəriman Məmmədovun "Sirab", Mehriban Əhmədovanın "Arazüstü şəhərim", Ramiz Mirişlinin "Qızlar bulağı", "Doğma diyar" və "Naxçıvan" mahnıları göstərilir.
Yaşar Səfərov Elmira Rəhimova ilə birlikdə bir sıra duetlər də ifa etmişdir. Bu duetlər arasında "Səadət", "Günəşi gözləyirik", "Həyat, söylə sən kiminsən" və "Ulduzlar" mahnıları qeyd olunur.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989
İstinadlar
Xarici keçidlər Rejissor Elşən Zeynallının Yaşar Səfərova həsr etdiyi "Ömür qatarı" (2004) sənədli televiziya filmi: YouTube Yaşar Səfərovun Mehdiabad qəbiristanlığındakı məzarının yeri: Google Maps Kateqoriya:Azərbaycanın kişi müğənniləri Kateqoriya:Mehdiabadda dəfn olunanlar