"Qubanın ağ alması" — Azərbaycan xalq mahnısı. Mahnı məşhur müğənni Səxavət Məmmədov tərəfindən ifa olunduqdan sonra məşhurlaşmışdı.

Haqqında Mahnının musiqi quruluşu Bayatı-Şiraz muğam məqamının mayəsinə əsaslanır, 3/4 ölçüdədir, Allegretto moderato tempində ifa olunur və forma baxımından beyit–nəqarət strukturuna malikdir.

1937-ci ildə Fatma Mehrəliyeva Bakı musiqi festivalında iştirak etmiş və burada “Qubanın ağ alması” xalq mahnısını ifa etmişdir. Onun ifası bəstəkar Üzeyir Hacıbəylinin diqqətini cəlb etmiş, bundan sonra Üzeyir Hacıbəylinin təşəbbüsü və himayəsi ilə Fatma Mehrəliyeva 1938-ci ildə Bakıya dəvət olunaraq musiqi təhsilinə cəlb edilmişdir.

Bəzi tədqiqatçıların fikrincə, “Qubanın ağ alması” mahnısı ilk dəfə Azərbaycan müğənnisi Cahan Talışinskayanın ifasından yazıya alınmışdır. Məlumatlara görə, o, bu mahnını Qubaya qastrol səfəri zamanı eşitmişdir. Digər versiyaya əsasən isə mahnı Cahan Talışinskayaya akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı, qubalı Reyhan xanım tərəfindən oxunmuşdur.Cahan Talışınskaya xalq mahnılarının və muğamların gözəl ifaçısı idi . "Xalq Cəbhəsi", 16 mart 2012, səh. 13.

Mahnı sonrakı dövrlərdə Azərbaycan müğənniləri Sara Qədimova, Lütfiyar İmanov, Züleyxa Rəhimi, Səxavət Məmmədov, Fidan Qasımova, Mirzə Babayev, Əli Haqverdiyev, Rauf Adıgözəlov, Bəsti Sevdiyeva, Zümrüd Məmmədova, Könül Xasıyeva, Azərin və Brilliant Dadaşova tərəfindən də ifa edilmişdir. Mahnı həmçinin Vaqif Mustafazadə tərəfindən caz-vals üslubunda, Habil Əliyev tərəfindən isə kamança üçün işlənmişdir; əlavə olaraq, Rəmiş gitara, Zakir Mirzəyev qarmon, Çingiz Sadıqov piano, Rafiq Babayev estrada-caz, Əlixan Səmədov balaban, Etibar Əsədli isə piano yanaşması ilə ifa etmişdir.

1973-cü ildə rejissor Oqtay Babazadə tərəfindən “Qubanın ağ alması” adlı film çəkilmişdir.

Sözləri Qubanın ağ alması, Yeməyə bağ alması. Yarım gələnə qalıb, Yaramın sağalması.

Qubadan alma aldım, Yarıma yola saldım. Yarım gələnə kimi, Heyva kimi saraldım.

Quba məndən aralı, Könlüm səndən yaralı. Mən ki səni sevmişəm, Azərbaycan maralı!

Nəqarət: Sevirəm, sevirəm, yar, Sevirəm, yar! Yalğızam, yar can, Aman, aman, sevirəm, yar, Sevirəm, yar! Yalğızam, yar can!

Anonimlik iddiası Türkiyədə keçirilən “O Səs Türkiyə” musiqi yarışmasında müxtəlif illərdə iştirak etmiş Manolya Girişken, Dodan, və Alper Tunga Kalsın tərəfindən ifalar zamanı Azərbaycan xalq mahnısı “Qubanın ağ alması” anonim əsər kimi təqdim edilmiş, sözləri türk dilinə uyğunlaşdırılaraq “Iğdırın al alması” adı ilə səsləndirilmişdir. Bu faktla bağlı bir sıra azərbaycanlı bəstəkar və sənətkarlar mahnının anonim kimi təqdim olunmasına etirazlarını bildirmişdir."O Səs Türkiyə"də "Qubanın ağ alması" qalmaqalı (VİDEO) . istipress.com, 27.01.2017

İstinadlar

Xarici keçidlər Haqqında yazılar və verilişlər

Rövşən Yerfi - "Qubanın ağ alması" (esse) Bir mahnının tarixçəsi | Qubanın ağ alması "Qubanın ağ alması" mahnısının tarixi Qubanın ağ alması | Şərqilər

İfaları Müğənnilər

Fatma Mehrəliyevanın ifasında “Qubanın ağ alması” mahnısı Səxavət Məmmədovun ifasında “Qubanın ağ alması” mahnısı Lütfiyar İmanovun ifasında “Qubanın ağ alması” mahnısı Sara Qədimovanın ifasında “Qubanın ağ alması” mahnısı Könül Xasıyevanın ifasında “Qubanın ağ alması” mahnısı Fidan Qasımovanın ifasında “Qubanın ağ alması” mahnısı Züleyxa Rəhiminin ifasında “Qubanın ağ alması” mahnısı Zümrüd Məmmədovanın ifasında “Qubanın ağ alması” mahnısı Azərin-in ifasında “Qubanın ağ alması” mahnısı Brilliant Dadaşovanın ifasında “Qubanın ağ alması” mahnısı

Musiqiçilər Rəmişin ifasında “Qubanın ağ alması” mahnısı Çingiz Sadıqovun ifasında “Qubanın ağ alması” mahnısı Əlixan Səmədovun ifasında “Qubanın ağ alması” mahnısı Etibar Əsədlinin ifasında “Qubanın ağ alması” mahnısı

Kateqoriya:Azərbaycan xalq mahnıları Kateqoriya:Quba rayonu Kateqoriya:Bitkilər haqqında mahnılar