Cessika Hilda Mauboy (; ) və ya sadəcə Cessika Mauboy — Avstraliya müğənnisi, söz yazıçısı və aktrisası. Avstraliyanın şimal ərazisinin Darvin şəhərində dünyaya göz açan müğənni 2006-cı ildə dördüncü keçirilən Australian Idol musiqi yarışmasında iştirakdan sonra şöhrət qazanmışdır. Yarışmada ikinci yeri qazandıqdan sonra o Sony Music Australia albom şirkəti ilə müqavilə imzalamış və müğənninin musiqi yarışmasındakı canlı ifalardan təşkil olunmuş albomu işıq üzü görmüşdür. Daha sonra Cessika 2007-ci ildə qısa müddətlik Young Divas qrupunun üzvü olmuşdur. Növbəti ildə müğənninin Been Waiting adlı ilk studio albomu təqdim edilmişdir. Albomda yer alan "Burn" mahnısı bir neçə hit paradlarda birinciliyə yüksəlmişdir. Albom ümumilikdə 2009-cu il üzrə Avstraliyada ən çox satılan ikinci albom olmuşdur.
Cessika Mauboyun əsasən R&B musiqi janrında olan mahnılardan təşkil olunmuş ikinci studio albomu Get 'Em Girls 2010-cu ildə işıq üzü görmüşdür. Müğənninin 2013-cü ildə təqdim olunmuş və əsasən pop və R&B stilində olan mahnılardan təşkil olunan üçüncü studio albomu Beautiful "Pop a Bottle (Fill Me Up)", "Never Be the Same" və "Can I Get a Moment?" kimi hitləri özündə toplamışdır. Musiqi karyerası ilə yanaşı Cessika aktrisalıqla da məşğul olmuş və Avstraliyanın istehsal etdiyi Bran Nue Dae (2010) and The Sapphires (2012) filmlərində rol almış və film sahəsindəki uğurlarına görə AACTA Awards mükafatına layiq görülmüşdür. 2016-cı ildə Cessika yenidən aktrisalığa geri dönmüş və iki fəsildən təşkil olunmuş The Secret Daughter teleserialında əsas qəhrəmanı canlandırmışdır. Daha sonra o The Secret Daughter teleserialının soundtreklərindən təşkil olunmuş albom ərsəyə gətirmiş və həmin albom Avstraliya albom siyahılarında birinciliyə yüksəlməyə nail olmuşdur.
Cessika Mauboy Avstraliyanın ən çox uğur qazanan sənətçilərindən biridir. Onun albom siyahılarında ilk onluğa daxil olan beş studio albomu və hit paradlarda iyirmilikdə yer alan 16 sinqlı olmuşdur. Müğənni indiyədək iki ARIA Music Awards mükafatı qazanmış və Herald Sun qəzetinin "Bütün zaman üzrə 100 ən böyük Avstraliya müğənniləri" siyahısında 16-cı yerdə qərarlaşmışdır. Cessika Snoop Dogg, Ludakris, Pitbull kimi dünya şöhrətli ifaçılar ilə əməkdaşlıq etmişdir. O eyni zamanda Beyonce və Kris Braun ilə birlikdə turlarda iştirak etmişdir. Cessika Avroviziya Mahnı Müsabiqəsində çıxış edən (2014) ilk Avstraliyalı ifaçı olmuşdur.
Cessika Mauboy Avstraliyanı Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Həyatı Cessika Hilda Mauboy 4 avqust 1989-cu ildə Avstraliyanın şimal ərazisinin Darvin şəhərində dünyaya göz açmışdır. Onun anası Terez Avstraliya aborigeni, atası Ferdi isə indoneziyalıdır. Cessikanın Sandra, Cenni, Ketrin və Sofiya adlı dörd bacısı var. Cessika hələ kiçik yaşlarından bəri nənəsi ilə birlikdə kilsə xorunda ifa edirdi. O müsahibələrindən birində evdə anasının daima oxuduğunu, atasının gitarada ifa etdiyini və ailənin digər üzvlərinin musiqiyə olan sevgilərini müxtəlif şəkillərdə bölüşdüklərini söyləyərək, uşaq ikən yaşadığı evin daima səs-küylü olduğunu bildirmişdir. Cessika Darvin şəhərində ibtidai təhsilini almış və 11 yaşında təhsilini dayandırmışdır.
Cessikanın musiqi istedadı on dörd yaşında ikən çıxış etdiyi Yeni Cənubi Uelsin Tamvort şəhərində keçirilən Tamvort kantri musiqi festivalında üzə çıxmışdır. İlk dəfə keçirilmiş müsabiqədə qalib gələn Cessika mübarizənin qalibi olaraq Sidneydə ifa etmək fürsəti qazanmış və eyni zamanda Sony Music Australia albom şirkəti ilə müqavilə imzalamışdır. O "Girls Just Wanna Have Fun" adlı kantri janrında mahnı ifa etmiş və mahnı üçün videoklip də çəkdirmişdir. Lakin mahnı müğənniyə gözlənilən uğuru qazandırmamış və Cessika Darvinə geri dönmüşdür.
2008-ci ilin sonlarında Cessika debüt albomunun təqdimatından öncə Darvindən Sidney şəhərinə köçmüşdür. 2009-cu ilin yanvar ayında müğənni Darvində yaşayan, yunan əsilli futbolçu Temeli Maqripilis ilə uzun müddətli münasibətə başlamışdır. 2016-cı ildə Maqripilis də Sidneyə köçmüşdür. Cessika işləmədiyi zamanlarda ailəsi ilə vaxt keçirmək üçün Darvin şəhərinə səyahət edir.
Musiqi karyerası
2006: Australian Idol thumb|right|160px|Cessika Mauboy Australian Idol yarışmasının finalında Cessika Mauboy 2006-cı ildə dördüncü keçirilən Australian Idol musiqi yarışmasının dinləmələrində iştirak etmiş və orada Vitni Hyustonun "I Have Nothing" mahnısını ifa etmişdir. Öz ifası ilə hər üç münsifi heyrətləndirən Cessika yarışmanın yarımfinal mərhələsinə adlamağa nail olmuşdur. Yarımfinal mərhələsindən uğurla keçən müğənni növbəti mərhələyə adlamışdır. Avstraliya mətbuatı müğənninin bir albom şirkəti ilə anlaşması olmasını səbəb göstərərək, yarışmadan kənarlaşdırılmasını tələb etmiş, lakin Cessikanın həmin zamanda albom şirkəti ilə müqavilə tarixinin bitməsi səbəbi ilə müsabiqə prodüserləri müğənnini şoudan kənarlaşdırmaqdan imtina etmişdirlər. Yarışma boyunca Cessika öz ifaları ilə münsiflər heyətini heyrətləndirməyə davam etmişdir. Yarışmanın on birinci həftəsində Cessika Kelli Klarksonun "Walk Away" mahnısını ifa etməsindən sonra münsiflər heyətinin üzvü Kayl Sandilands müğənninin çəkisi barədə fikir bildirmişdir: " Əgər Cessika incəsənətdə uğur qazanmaq istəyirsə ilk öncə çəkisini azaltmalıdır". Münsifin sözlərini təəccüblə qarşılayan Cessika Who jurnalına verdiyi müsahibədə münsifin fikrini ciddi qəbul etmədiyini söyləmişdir.
Cessika Mauboy yarışmada göstərdiyi güclü ifaları sayəsində yarışmanın final mərhələsinə yüksəlməyə nail olmuşdur. Final 27 noyabr tarixində Sidneydə keçirilmişdir. Cessika yarışma çərçivəsində keçirilən səsvermədə məğlub olaraq, ümumilikdə yarışmada ikinci yeri qazanmışdır. Yarışmadan sonra müğənni 2006-cı ilin dekabr ayında Sony Music Australia albom şirkəti ilə müqavilə imzalamışdır.
2007–2009: The Journey, Young Divas qrupu və Been Waiting albomu Cessika Mauboyun 2007-ci ilin fevral ayında Australian Idol yarışmasındakı canlı ifalarından təşkil olunmuş The Journey albomu işıq üzü görmüşdür. İki diskdən təşkil olunan albom Avstraliyanın albom siyahılarında dördüncü yerədək yüksələ bilmişdir. Həmin ilin sentyabr ayında müğənni dörd qadın ifaçıdan təşkil olunmuş Young Divas qrupuna üzv olmuşdur. Qrupun ümumilikdə ikinci studio albomu, Cessika ilə birlikdə isə ilk albomu həmin ilin noyabr ayında təqdim edilmiş və albom siyahılarında onuncu yerə yüksəlmişdir. Albomun əsas mahnısı olan "Turn Me Loose" Avstraliya hit paradında 15-ci yerədək yüksələ bilmişdir. 2008-ci ilin mart ayında Cessika Avstraliya hökumətinin İndoneziya ilə əlaqələri möhkəmləndirmək üçün təşkil etdiyi In2Oz adlı proqramına üzv seçilmişdir. Proqram çərçivəsində müğənni İndoneziyaya üç günlük səyahət etmiş və ölkənin müxtəlif şəhərlərində çıxışlar etmişdir. Həmin zamanlarda Cessika özünün ilk solo studio albomu üzərində işləyirdi. 2008-ci ilin avqust ayında müğənni solo karyerasını davam etdirmək məqsədi ilə Young Divas qrupundan ayrılmışdır. Cessikanın qrupu tərk etməsindən qısa zaman sonra qrup ümumiyyətlə faəliyyətini dayandırmışdır.
left|thumb|160px|Cessika Mauboy 2009-cu ildə Cessika Mauboyun ilk studio albomu olan Been Waiting 2008-ci ilin noyabr ayında işıq üzü görmüş və albom siyahılarında 11-ci yerədək yüksəlmişdir. Albomda yer alan mahnılardan on biri müğənninin məhz özü tərəfindən bəstələnmişdir. Albom tənqidçilərdən əsasən müsbət rəylər qazanmışdır. Amerikalı reper Flo Rida ilə duet şəklində ifa etdiyi və eyni zamanda albomun əsas sinqlı olan "Running Back" hit paradlarda üçüncü yerə yüksəlmişdir. Albomun ikinci sinql olan "Burn" isə müğənninin hit paradlarda ilk birinciliyə yüksələn mahnısı olmuşdur. Mahnı eyni zamanda Yaponiya və Yeni Zelandiya hit paradlarına da daxil olmuşdur.
2009-cu ilin fevral ayında Cessika Mauboy Böyük Britaniyanın Ministry of Sound albom şirkəti ilə müqavilə imzalamışdır. Müğənninin Been Waiting albomu həmin ilin aprel ayında Yaponiyada işıq üzü görmüşdür. Cessika 2009 Deadly Awards-da "İlin qadın müğənnisi", "İlin albomu" və "İlin sinqlı" kateqoriyalarında üç mükafat qazanmışdır. 2009-cu ilin sentyabr ayında müğənni Beyonsun I Am… World turu çərçivəsində reper Flo Rida ilə birlikdə səhnə almışdır. Cessika 2009-cu ildə keçirilən ARIA Music Awards-da yeddi kateqoriya üzrə mükafata namizəd göstərilmiş və sonda "Ən çox satılan sinql" kateqoriyası üzrə mükafat qazanmışdır.
2010–2012: Get 'Em Girls albomu və The Sapphires soundtreki 2010-cu ilin yanvar ayında Cessika Mauboy Universal Group albom şirkəti ilə yeni uzun müddətli anlaşma imzalamışdır. Həmin ilin may ayında Cessika 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları üçün yazılmış "Everyone" mahnısını digər dörd qitədən olan müğənnilər; Şon Kinqston (Amerika), Codi Uillyams (Afrika), Tabita Nauser (Asiya), Stivi Applton (Avropa) ilə birlikdə ifa etmişdir. Cessika digər dörd müğənni ilə birlikdə sözü gedən mahnını 2010-cu ilin avqust ayında Sinqapurda keçirilən Olimpiya oyunlarının açılış mərasimində canlı olaraq ifa etmişdir. Cessika Mauboyun ikinci studio albomu Get 'Em Girls həmin ilin noyabr ayında işıq üzü görmüş və albom siyahılarında altıncı yerdə debüt etmişdir. Müğənni albomun ərsəyə gəlməsindən öncə fevral ayında ABŞ-yə səyahət etmiş, Los-Anceles, Nyu-York və Atlantada Amerikan bəstəkarlar və prodüserlər ilə birlikdə albom üzərində çalışmışdır. Albomda yer alan səkkiz mahnı Cessikanın özü tərəfindən bəstələnmişdir. Get 'Em Girls albomu tənqidçilərdən bərabər səviyyədə müsbət və mənfi rəylər qazanmışdır.
left|thumb|200px|Cessika Mauboy 2012-ci ildə Snoop Dogg ilə duet şəklində ifa etdiyi və albomun əsas mahnısı olan "Get 'Em Girls" hit paradlarda 19-cu yerə yüksələ bilmişdir. Cessika Mauboy 2010-cu ildə keçirilən Nickelodeon Australian Kids' Choice Awards şousuna Liam Hemsvort və Cerri Treynor ilə birlikdə aparıcılıq etmiş və eyni zamanda özü də mükafata layiq görülmüşdür. Müğənni şouda "Get 'Em Girls" mahnısını ifa etmişdir. Reper Ludakris və Cey Şon ilə birlikdə ifa etdiyi və Get 'Em Girls albomunun ikinci sinqlı olan "Saturday Night" hit paradlarda yeddinci yerə yüksəlmişdir. 2010-cu ilin dekabr ayında Cessika Amerikanın məşhur tolk şou aparıcısı, aktrisa və prodüser Opra Vinfrinin gəlişi öncəsi Avstraliyanın Melburn şəhərində keçirilən konsertdə 92,000 nəfər izləyici qarşısında çıxış etmiş və həmin çıxış növbəti ilin yanvar ayında Vinfrinin tolk şousunda yayımlanmışdır. 2011-ci ilin aprel ayında Kris Braunun F.A.M.E. turu çərçivəsində Avstraliyada həyata keçirdiyi konsertdə Cessika dəstək akt olaraq çıxış etmişdir.
Get 'Em Girls studio albomunun yeni versiyası 2011-ci ilin avqust ayında işıq üzü görmüş və alboma bir neçə yeni sinql əlavə edilmişdir. Həmin ilin noyabr ayında ABŞ prezidenti Barak Obamanın Avstraliyanın RAAF Darvin bazasına gəlişi öncəsi Cessika Mauboy əsgərlər qarşısında çıxış etmişdir. 2012-ci ilin yanvar ayında müğənni Galaxy Tour adlandırdığı ilk solo turu çərçivəsində Avstraliyanın müxtəlif şəhərlərində konsertlər həyata keçirmişdir. Cessika həmin ilin iyul ayında özünün də rol aldığı The Sapphires filmi üçün bəstələdiyi 15 mahnıdan ibarət The Sapphires soundtrek albomunu təqdim etmişdir. Albom Avstraliyanın albom siyahılarında zirvəyə yüksəlməyə nail olmuşdur. Cessika Mauboy 2012 ARIA Music Awards-da üç kateqoriya üzrə ("Ən yaxşı qadın sənətçi", "Ən yaxşı pop sinql" və "İlin mahnısı") mükafata namizəd göstərilmişdir.
2013–2014: Beautiful albomu və Avroviziya right|160px|thumb|Cessika Mauboy 2013 ARIA Music Awards-da