Səhravi Ərəb Demokratik Respublikası (SƏDR) (; ) və ya Səhra Respublikası (; ), həmçinin Qərbi Sahara kimi də tanınır — Qərbi Məğribdə yerləşən qismən tanınmış dövlət. SƏDR Birləşmiş Millətlər Təşkilatı tərəfindən özünü idarə etməyən ərazi hesab olunan Qərbi Sahara üzərində suverenlik iddia etsə də, bu ərazinin yalnız ən şərqdə yerləşən beşdəbir hissəsinə nəzarət edir. SƏDR BMT-yə üzv olan 38 dövlət və Cənubi Osetiya tərəfindən tanınır. Bundan əlavə, BMT-yə üzv olan 45 dövlətlə diplomatik münasibətlər saxlayır və Afrika İttifaqının tamhüquqlu üzvüdür.
Qərbi Sahara 1884–1975-ci illərdə İspaniyanın müstəmləkəsi, daha sonra isə xarici vilayəti olmuş və İspaniya Saharası kimi tanınmışdır. Səhravi Ərəb Demokratik Respublikası isə 27 fevral 1976-cı ildə Polisario Cəbhəsi tərəfindən Qərbi Saharanın Bir-Lelu məntəqəsində elan edilmişdir. SƏDR hökuməti öz nəzarətində olan əraziləri "Azad edilmiş ərazilər" və ya "Azad Zona" adlandırır. Mərakeş isə mübahisəli ərazinin qalan hissəsinə nəzarət edir və bu torpaqları özünün "Cənub vilayətləri" hesab edir. SƏDR-in iddia etdiyi paytaxt Əl-Əyun şəhəridir. Lakin Qərbi Saharanın ən böyük şəhəri olan Əl-Əyun SƏDR-in nəzarətində olmadığı üçün Tifariti müvəqqəti paytaxt kimi müəyyən edilmişdir. Gündəlik idarəetmənin böyük hissəsi isə Əlcəzairin Tinduf vilayətində yerləşən Səhra qaçqın düşərgələrindən biri olan Rabunidə həyata keçirilir.
Polisario Cəbhəsinin sürgündəki hökuməti Mərakeş tərəfindən Əlcəzairin Mərakeşə qarşı vasitəçilik müharibəsi aparmaq üçün istifadə etdiyi kukla dövlət olmaqda ittiham olunur.
Təxminən yarım milyon əhalisi olan SƏDR Afrikada ən seyrək məskunlaşmış, dünyada isə ikinci ən seyrək məskunlaşmış dövlətdir. SƏDR Ekvatorial Qvineya ilə yanaşı, ispan dilinin mühüm dil kimi istifadə olunduğu iki Afrika dövlətindən biridir.
İstinadlar
Kateqoriya:Afrika İttifaqına üzv dövlətlər Kateqoriya:Afrikada mübahisəli ərazilər Kateqoriya:Ərəb dilində danışılan ölkə və bölgələr Kateqoriya:Mərakeşin ərazi mübahisələri Kateqoriya:Qərbi Sahara coğrafiyası Kateqoriya:Sürgündəki hökumətlər Kateqoriya:Ərəb respublikaları