Qəbələ rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Qəbələ şəhəridir. Şəki-Zaqatala iqtisadi rayonunun tərkibində yerləşən rayon. 8 sentyabr 1930-cu ildə Azərbaycanın inzibati rayonlarından biri kimi yaradılmışdır. Qərbdən Oğuz rayonu, şimaldan Rusiya Federasiyası və Qusar rayonu, şərqdən Quba və İsmayıllı, cənubdan isə Ağdaş və Göyçay rayonları ilə həmsərhəddir. Mərkəzi Qəbələ şəhəridir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Qutqaşen rayonu Qəbələ rayonu adlandırılmışdır. Qəbələ–Bakı 225 km-dir.

Toponimika Qəbələ Azərbaycanın qədim bölgələrindən biridir. Bu torpaqların adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının 900 illik bir dövrdə paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır.

Böyük Plini yazırdı ki, Kabalaka Albaniyanın əsas şəhəri olmuşdur. Mənbələrdə Qəbələ adı Vostani–Martspan (Mərzban paytaxtı) adlandırılan Kavaqak kimi də çəkilir.

Paytaxtın VI əsrdə Partava (müasir Bərdə) köçürülməsinə qədər Qafqaz Albaniyasının əsas şəhəri Qəbələ olmuşdur. Qanıxçay və Samurçay arasındakı bölgə olan Xabala da müasir Qəbələnin adı ilə əlaqəlidir. Rayonun adı VII əsrdə Musa Kalankatlının yazılı mənbələrində Kavalaka kimi adı çəkilmişdir.

VIII əsrdə Gevond Kaqada Ostani Mərzpan adının da Qəbələnin keçmiş adlarından birini olduğunu vurğulayır.

Rayonun adı 7 fevral 1991-ci ilə qədər Qutqaşın, həmin tarixdən isə rayonun qədim adı bərpa edilərək Qəbələ adlandırılmışdır, lakin köhnə ad yerli sakinlər arasında hələ də istifadə olunur.

Tarixi 190px|thumb|left|Kabalaka şəhər yerindən aşkarlanmış III–V əsrlərə aid ulduz təsvirli saxsı qab. Milli Azərbaycan Tarixi Muzeyi 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (keçmiş Qutqaşen (indiki Qəbələ) rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır.

Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir. Onlardan şərqdə, Covurluçayla, Qoçalançay arasındakı geniş düzənlikdə məbəd yeri nekropolu və tikinti qalıqları vardır. Ən yaxın keçidlər olan Savalanda və Avalanda (yaxud Ağvanda) istehkamlar və bürclər tikilmişdi. Səlbirin qala divarları, dördkünc və yarımdairəvi bürcləri daha çox dağılmışdır. Divarlardakı və bürclər-dəki mazğallar düzbucaqh formasındadır. Şimal və qərb hissələrdə darvaza yerlərinin qalıqları durur. Səlbirin ərazisindən, ümumiyyətlə, bütün şəhəri dövrələyən dərin xəndəklə ayrılan Qala hissəsində divarlar, bürc və darvaza yerləri daha yaxşı qalmışdır. Qalanın cənub tərəfində hündürlüyü təxminən 7–8 m, diametri 5–6 m olan dairəvi və yarımdairəvi bürclər vardır. Hücum təhlükəsi zamanı xəndək su ilə doldurulurdu. Divarlar və bürclər çiy kərpicdən, çaydaşlarından və əhəng məhlulundan istifadə edilməklə bişmiş kərpicdən hörülmüşdür. Şəhər istehkamlarının bünövrəsini qoyulmasında iri yonulmuş yerli tuf daşlarından istifadə olunmuşdur.

V əsrdə yepiskopun iqamətgahı Qəbələdə yerləşirdi. Musa Kalankatlı 498-ci ildə Aquen şəhərində çağırılmış məclisdə qəbul edilmiş kanon qanunların altındakı imzalardan danışarkən hökmdar Vaçaqandan və Partav arxiyepiskopundan sonra qəbələ (Kapala) yepiskopu Manasenin imzasının durduğunu bildirir. Həmin müəllif VII əsrdə xalkedonit katolikos Nerseslə əlaqədar hadisələrdən bəhs edərkən ondan ayrılmış Kapalak yepiskopu İoannın adını çəkir. Məclis iştirakçılarının imzaları arasında da Albaniya katolikosundan sonra ikinci yerdə həmin Kapalak katolikosu İoannın imzası dururdu.

I–V əsrlərdə Qəbələ alban Arşakiləri sülaləsi hökmdarlarının iqamətgahı idi, lakin V əsrdən o, Sasanilərin təyin etdikləri mərzbanlann iqamətgahına çevrildi. VI əsrdə xəzərlərin basqınları ilə əlaqədar mərzbanların iqamətgahı Partava köçürüldü. Qəbələ 737-ci ildə ərəblər tərəfindən işğal edilənədək xəzər torpaqlarının tərkibinə daxil idi.

Qəbələ rayonu indiki rayon mərkəzindən 20 km cənub-qərbdə yerləşən IX əsrdə Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhərinin adını daşıyır. Qədim Qəbələ dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.

1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxardı və buranın e.ə. IV – b.e. I əsrlərinə aid olduğunu müəyyənləşdirdi. Müxtəlif tarixi hadisələrlə əlaqədar şəhər bir neçə dəfə dağıntılara məruz qalmışdır. Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməmişlər. Sasanilər dövründə Qəbələ çox böyük ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Xilafət dövründə də Qəbələ ticarət və sənətkarlıq mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamışdır. XIII əsrdə monqolların hücumu zamanı Qəbələ tənəzzülə uğrasa da, sonralar yenidən dirçəlmişdi.

XVIII əsrin ortalarında Qəbələ öz əvvəlki əzəmət və əhəmiyyətini itirmiş, əhali tədricən buradan köçmüşdür. Bu vaxt Qəbələ ərazisində kiçik feodal dövləti olan Qəbələ sultanlığı yaradılmışdır. Qəbələ sultanlığı XVIII əsrin ortalarında mahal kimi Şəki xanlığının tərkibinə daxil olmuş, Şəki xanlarının təyin etdiyi naiblər tərəfindən idarə edilmişdir. Şəki xanlığının süqutundan sonra Qutqaşen mahal kimi Şəki qəzasının tərkibinə daxil olmuşdur. 8 sentyabr 1930-cu ildə Azərbaycan Respublkiasının İnzibati rayonlarından biri kimi Qutqaşen rayonu yaradılmışdır. Qəbələ ərazisi 4 yanvar 1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 17 yanvar 1964-cü ildən yenidən ayrıldıqda inzibati rayona çevrilmişdir. Rayonun adı 7 fevral 1991-ci ilə qədər Qutqaşen, həmin tarixdən isə rayonun qədim adı bərpa edilərək Qəbələ adlandırılmışdır.

Qəbələ qədim dövrdə Qəbələ və onun ətrafındakı ərazilərdə aşkar olunmuş ən qədim tapıntılar eramızdan əvvəlki III minilliyə tarixdə ilk tunc dövrü kimi tanınan dövrə aiddir. Bu dövrə aid yaşayış izləri Çaqqallı sahəsində tapılmışdır. Şəhər və ətrafında Tunc Dövrünün müxtəlif mərhələlərinə aid kurqan qəbirlər vardır. Qəbirlərdə insan sümükləri ilə yanaşı müxtəlif məişət əşyalarına da rast gəlinir. Bu da insanların dini inancından irəli gəlirdi. Dəmirin kəşf olunmasının ardınca əhali sıxlığı da sürətlə artmışdır.  thumb|332x332px Bu dövrün maddi tapıntıları Saleh Qazıyev tərəfindən araşdırılmışdır. 

Eramızdan əvvəl 331–321-ci ildə Makedoniyalı İsgəndərin İmperiyasının zəifləməsinin ardınca Şimali Azərbaycanda Qafqaz Albaniyası dövləti yaranır və onun mərkəz şəhəri və paytaxtı Kabalaka (Qəbələ) şəhəri olur. 

1926-cı ildə bu ərazidə o dövrə aid olan torpaq qəbirlər tapılmışdır. Tapıntı Nic–Abdallı ərazisində "Yaloylutəpə" adı yerdən tapılmışdır. Bu tipli qəbirlər Gürcüstan ərazisindən də tapılmışdır.

Qəbələ şəhəri haqqında ilk yazılı məlumatı eramızın I əsrində yaşamış Roma alimi Böyük Piliniy vermişdir. O özünün ensiklopedik "Təbii Tarix" əsərində yazmışdır: "Azərbaycanda əsas şəhər Kabalakadır"

Eramızın II əsrində yaşamış yunan alimi Ptolomey Albaniyanın 29 yaşayış məntəqəsinin adını çəkir. Bunlardan biri də Xabaladır. Burada adı çəkilən Xabala ilə Piliniyin qeyd etdiyi Kabalaka eyni isimlərdir. 

Ərməniyyə mənbələrində Kapalak, ərəb-fars mənbələrində isə Qəbala kimi də adlandırılmışdır. Bu adlar sonrakı yazılarda Kəvələk, Qabala–Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir. Ərəb coğrafiyaşünası və tarixçisi Bəlazuri Qəbələni "Xəzər" kimi göstərmişdir. Bu da Xəzər tayfalarının Şimali zərbaycana gəlməsi və burada məskumlaşması ilə əlaqədər olmuşdur. 

Fars mənbələrində həm də bu şəhərin Sasani şahı Qubad (488–531) tərəfindən salındığı göstərilir. Ancaq Qəbələ şəhərinin Albaniyanın ilk paytaxtı olması bu iddianı yalanlayır. Ancaq Qubadın dövründə Şəhər mədəni-ticari sahədə inkişaf etmişdi.

Qəbələ şəhərinin qədim dövr və ilk orta əsrlər dövrü tarixi Qədim Qəbələ şəhəri ərazisində aparılmış araşdırmalarla öyrənilmişdir.

Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur–Qəbələ kəndindən 1 km Şərqdə, Qaraçay (Çuxur Qəbələ çayı) ilə Covurlu çay (Qala çayı) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən Şimal tərəfdəki hissəni "Səlbir", xəndəkdən cənub tərəfdəki hissəni isə "Qala" adlandırır. Hər iki hissə bəzən "Səlbir", "Govur-qala", bəzən də şəhərin təkcə "Qala" hissəsi "Govur-qala" adlandırılır. 1959-cu ildən Qəbələ şəhər xarabalığından 3–4 km Şərqdə, yerli əhali tərəfindən "Güllü qoruq" və ya "Çaqqallı" talası adlandırılan yerdə qədim Qəbələnin məbəd yeri və bazar meydanının yerləşdiyi güman edilən üçüncü bir sahəsi, daha sonralar Kamaltəpə və Bayır şəhər hissələri aşkar edilmişdir. Ümumiyyətlə Qəbələ şəhər xarabalığı öz tarixi coğrafiyasına görə hələlik Səlbir, Güllü qoruq (Çaqqallı talası), Kamaltəpə və Bayır şəhər adlı arxeoloji abidələr kompleksindən ibarətdir. 

İlk orta əsrlər dövrü Çaqqalı ərazisində yaşayış süquta uğradıqdan sonra Qəbələnin Səlbir və Qala hissələrində həyat canlanır.

226-cı ildə İranda Sasanilər hakimiyyətə gəlirlər. Bundan sonra Albaniya Tədricən bu dövlərin asılığında düşür, Albaniyanın Sasanilərlə iqtisadi, mədəni və siyasi əlaqələri daha da genişlənir. Qəbələ V əsrin II yarısına qədər Albaniyanın paytaxtı və alban çarlarının igamətgahı olmuşdur.  IV əsrdə Alban hökmdarı Urnayır İran padşahı II Şapurun bacısı ilə evlənir. Bunu Qəbələ və ətaf ərazilərdən tapılmış sasani pulları da təsdiq edir və bu pul tapıntıları nikah hadisəsinin nəticəsidir.

V əsrin III yarısında Albaniya Sasani dövlətinin mərzbanlığına çevrilir. Bu zaman paytaxt Qəbələdən Partafa (Bərdə) köçürülür. 

Paytaxtın köçürülməsinə baxmayaraq Qəbələ əhəmiyyətini itirmir. Qəbələ hələ də ölkənin Dini mərkəzi idi. Baş yekiskop Qəbələdə iqamət edirdi. Bu dövrdə Yepiskopun səahiyyəti böyük idi. Bunu 498-ci ildə çağrılmış Aquen Kilsə məclisinin qərarında Qəbələ yekiskopunun imzası Alban çarının və arxiyepiskopun imzasından sonra gəlmişdir.

Paytaxt Bərdəyə köçürülsə də Sasani şahı Qubad tərəfindən Qəbələdə yüksək yenidən qurma işləri aparılmışdır. 1967-ci ildə Səlbirin şimal tərəfindən tapılan tikinti qalıqlarının bəziləri Sasani dövlətinə aiddir.

Ərəb tarixçisi Təbəri yazır ki, Sasani hökmdarı Xosrov Ənuşirəvan (531–579) Xəzər tayfalarından 10 min əsir gətirərək Qəbələ və ətraf ərazilərə yerləşdirmişdi. Balazuri yazır ki, Xosrov Ənuşirəvanın dövründə Qəbələ Xəzərlərə aid idi və Kırımçıskinin yazdıqlarına görə isə hətta burada Xəzərlərin inzibati mərkəzi də burada yaradılmışdır.

Akd. Ziya Bünyadov Ərəb mənbələrinə istinadən yazır ki, xəlifə Yəzidin (720–724) göstərişi ilə ərəblər Xəzərlərə qarşı hərakət edərək Xamzin və Taqunu tutmuş, əhaliləri Qəbələyə köçürmüşlər. Bələzuriyə görə isə hətta IX–X əsrdə Qəbələnin adı Xəzər olmuşdur.

Siyasi Hadisələrdən aslı olaraq Qəbələ müəyyən dərəcədə müstəqillik də əldə etmişdir. IX əsrdə Xürrəmilər hərakatı zamanı ərəblərdən aslı olan kiçik knyazlıqlar yaranmışdır ki, bunlarda biri də Qəbələ knyazlığı olmuşdur. Bu knyazlıq siyasi vəziyyətdən aslı olaraq bəzən Babəkin rəhbətrlik etdiyi Xürrəmilər hərakarının tərəfinə çıxmışdır.

981-ci ildə Şirvanşah Məhəmməd İnn Əhməd Qəbələni tutur. Bu zaman Qəbələnin hakimi Anbasın oğlu Abd ər Barr idi. Maraqlıdır ki, dövrün tarixçisi İstəxri hadisələri şərh edərkən Qəbələni hakimin adı ilə Anbasiyə adlandırmışdır. 

999-cu ildə əvvəl Qəbələ hakimi olan Abd ər Barr, Qurzul qalasının hakimi olur ancaq bu qala da Şirvanşahlar tərəfindən işğal edilir. Şirvanşah Yəzid ibn Əhməd Qəbələdə öz adına pul da kəsdirir.