Famil Front oğlu Mustafayev () — iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri (2019-cu ildən).

Həyatı Famil Front oğlu Mustafayev 18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olmuşdur.Atası Front Mustafayev Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir.1983-cü ildə orta məktəbi bitirmişdir. 1984–1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almışdır. 1998–2002-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır.

Ailəlidir, iki övladı var.

Əmək fəaliyyəti 1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində "Siyasi iqtisad" kafedrasında müəllim, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini, 1994–1996-cı illərdə "Azərbaycan İnvestisiya Şirkəti" SC-nin vitse-prezidenti, prezidenti, 1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti, 1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti, 2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-2" kafedrasının baş müəllimi, 2004–2015-ci illərdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavini, 2004–2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professoru, 2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri, 2016–2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, 2018–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini işləmişdir.

2019-cu ilin 21 iyun tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.

17 sentyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

İctimai fəaliyyəti 2017–2018-ci illərdə Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədri vəzifəsində işləyib. 2018-ci ilin iyul-sentyabr aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının üzvü olmuşdur.

Elmi fəaliyyəti 1998-ci ildə "Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. 2010-cu ildə "Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını, 2014-cü ildə isə professor elmi adını almışdır. 60-dan çox məqalə, dərslik, dərs vəsaiti və proqramları, iki monoqrafiyanın müəllifidir.

İstinadlar

Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycanlı iqtisadçılar Kateqoriya:Azərbaycan professorları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər