Gövhər Hacı Məcid qızı Cəfərzadə və ya Gövhər Şövqiyyə () — Azərbaycan müəllimi, maarifçi və publisist. XX əsrin əvvəllərində Şamaxıda qızların təhsili sahəsində fəaliyyət göstərmiş, burada ikisinifli qız məktəbi yaratmış və qadın maarifçiliyinin ilk nümayəndələrindən biri olmuşdur.

Həyatı Gövhər Cəfərzadə 1883-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini evdə almışdır. Anası Əsəd xanım qızların təhsilinə müsbət münasibət bəsləmiş və onun maarifçilik fəaliyyətinə dəstək göstərmişdir.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Şamaxıda qızların təhsili zəif inkişaf etmişdi və şəhərdə xüsusi qız məktəbi yox idi. Bu dövrdə Şamaxının maarifpərvər ziyalıları qızların təhsilə cəlb olunması üçün təşəbbüslər göstərirdilər. Gövhər Şövqiyyə də həmin təşəbbüslərdə iştirak etmiş, sonradan öz evində ikisinifli qız məktəbi yaratmışdır.

Pedaqoji fəaliyyəti Gövhər Şövqiyyənin yaratdığı "Məktəbi-Şövqiyyə" 1912–1918-ci illərdə fəaliyyət göstərmişdir. Məktəbin təşkilində Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Qafur Rəşad Mirzəzadə, Sultan Məcid Qənizadə və Mahmud bəy Mahmudbəyov kimi maarifçi ziyalılar ona dəstək göstərmişdilər.

Məktəb əvvəlcə kiçik bir otaqda fəaliyyət göstərmiş, sonradan burada iyirmidən artıq qız təhsil almışdır. Məktəbdə ana dili, hesab, tarix və coğrafiya fənləri tədris olunurdu. Gövhər xanım dərslərdə "Xacəyi-sibyan", "Gülzar", "Əlifba" və "Balalara hədiyyə" kimi kitablardan istifadə edir, şagirdlərə şeir və hekayələr əzbərlədirdi. O, tədris prosesində musiqi və səhnəciklərdən də istifadə etmiş, Mirzə Ələkbər Sabirin və Abbas Səhhətin şeirləri əsasında mahnılar öyrətmişdir.

Gövhər Şövqiyyə valideynlərlə mütəmadi görüşlər keçirərək qızların təhsili və tərbiyəsi ilə bağlı söhbətlər aparmışdır. Onun fəaliyyəti nəticəsində məktəb Şamaxıda qadınların maariflənməsi istiqamətində fəaliyyət göstərən əsas təhsil ocaqlarından birinə çevrilmişdir.

1911–1912-ci illərdə Gövhər Şövqiyyənin "Məktəb" və "İşıq" jurnallarında maarif, mədəniyyət və qadın azadlığı məsələlərinə dair məqalələri dərc olunmuşdur.

Gövhər Şövqiyyənin pedaqoji fəaliyyəti dini-mühafizəkar çevrələrin narazılığı ilə qarşılanmışdır. Məktəbin fəaliyyətinə maneələr yaradılmış, məktəb bir müddət gizli fəaliyyət göstərmişdir. Sonradan Gövhər xanım Qafqaz müftisinin yanında imtahan verərək məktəbin rəsmi fəaliyyətinə icazə almışdır. Buna baxmayaraq, məktəb uzun müddət fəaliyyət göstərə bilməmiş, sonradan məktəbin fəaliyyətinə son qoyulmuşdur.

Sonrakı illərdə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gövhər Cəfərzadə ali təhsil almışdır. O, Ucarda və Bakınin müxtəlif məktəblərində müəllimlik etmiş, savad kurslarında qadınlara dərs demişdir.

1924–1936-cı illərdə Keşlə və Bakıda fəaliyyət göstərmiş, Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışmışdır. Onun yetirmələri sonralar Azərbaycanın müxtəlif bölgələrində müəllim, həkim və mədəniyyət işçisi kimi fəaliyyət göstərmişlər.

Gövhər Cəfərzadə 1936-cı ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər CƏFƏRZADƏ Gövhər Hacı Məcid qızı (Şövqiyyə) Azərbaycanın ilk maarifçi qadın cəmiyyətləri Azərbaycanın ilk maarifçi qadın cəmiyyətləri Xalq təhsilinin fədakarları

Kateqoriya:Azərbaycan maarifçi qadınları Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan publisistləri