Məmməd İsmayıl oğlu Cuvarlinski () — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan SSR xalq maarif komissarı (1932–1933).
Həyatı Məmməd İsmayıl oğlu Cuvarlinski 1900-cü ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdur. 1916-cı ilin sentyabr ayından 1919-cu ilin avqust ayınadək Gəncə şəhərindəki müxtəlif müəssisələrdə gözətçi və fəhlə işləmişdir. 1919-cu ilin noyabrından 1920-ci ilin iyununadək Qaryagində kənd təsərrüfatı işləri ilə məşğul olmuşdur.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra, 1920-ci ilin sentyabr ayında Azərbaycan Kommunist Partiyası Cəbrayıl Qəza Təşkilatı tərəfindən kommunist partiyası sıralarına qəbul edilmişdir. 1921-ci ilin iyun ayınadək Cuvarlı Kənd İnqilab Komitəsinin sədri, Qaryagin və Lənkəran qəza partiya komitələrində şöbə müdiri vəzifəsində çalışmış, sonra Moskvada partiya-sovet işçiləri kursunun müdavimi olmuşdur. 1926-cı ildə təhsilini başa vuraraq Bakıya qayıtmış, Gəncə və Quba dairə partiya komitələrində şöbə müdiri vəzifələrində işləmişdir.
Məmməd Cuvarlinski 1932-ci ilin noyabr ayından 1933-cü ilin dekabr ayınadək Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində işləmiş və "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Daha sonra o, Azərbaycan K(b)P-nin Sabirabad Rayon Komitəsinin və Nuxa Şəhər Komitəsinin birinci katibi olmuşdur.
Həbsi və ölümü Məmməd Cuvarlinski 1936-cı ilin dekabr ayında Azərbaycan K(b)P MK-nin fəaliyyətini tənqid etdikdən sonra Mir Cəfər Bağırovun narazılığı və etirazı ilə qarşılaşmış və təqibə məruz qalmışdır. O, 14 mart 1937-ci ildə Azərbaycan SSR Sovetlər Qurultayının partiya qrupunda çıxış edərək Azərbaycan SSR Konstitusiyası layihəsinə bəzi düzəlişlər etmiş, lakin Mir Cəfər Bağırov tərəfindən millətçiliklə günahlandırılmışdır. Bir neçə gün sonra, martın 17-də Mərkəzi Komitənin büro üzvlüyündən, martın 19-da isə Bağırovun təklifi ilə partiya sıralarından xaric edilmişdir.
O, SSRİ Xalq Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizliyi idarəsi tərəfindən verilmiş 27 iyun 1937-ci il tarixli order əsasında həbs edilmiş və həmin il oktyabrın 12-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən güllələnməyə məhkum edilmişdir. Hökm ertəsi gün, oktyabrın 13-də icra edilmişdir.
Xatirəsi 52 saylı orta məktəbə Məmməd İsmayıl oğlu Cuvarlinskinin adı verilib. Qeyd edək ki, məktəb 1966-cı ildən bəri fəaliyyət göstərir.
Məmməd Cuvarlinskinin Şura xanım adlı qızı vardı.
İstinadlar
Mənbə ''' Ənvər Çingizoğlu, Cuvarlinskilər, "Soy" dərgisi, 5 (25), 2009, səh.17–21.
Kateqoriya:Cuvarlinskilər Kateqoriya:Azərbaycan SSR xalq maarifi komissarları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Şəki Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Sabirabad Rayon Komitəsinin birinci katibləri Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar