Həsən bəy Məşədi Hüseyn bəy oğlu Ağayev () — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, həkim, müəllim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini.
Həyatı Həsən bəy Ağayev 1875-ci ildə Gəncədə anadan olmuşdur. Gəncə klassik gimnaziyasında təhsilini başa vurduqdan sonra 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin puluyla Moskva Universitetinin tibb fakültəsində oxuyaraq oranı bitirmişdir. Vətənə qayıdaraq həkimlik etmişdir. 1906–1907-ci illərdə Güney Azərbaycanda yaşamağa məcbur olmuşdur. 1907-ci ildə Bakıda keçirilən Qafqaz müsəlman müəllimləri qurultayı mərkəzi komitəsinin sədri seçilmişdir. "Difai" təşkilatının üzvü olmuşdur. thumb|291x291px|Şəhərlər Birliyinin Gəncə Komitəsinin iclası (fevral, 1916-cı il). Soldan 3-cü əyləşən Həsən bəy Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə, əvvəllər "Difai"ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri – Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov, Şeyxzamanlı qardaşları və b. ilə birgə Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad məramlı bir partiyanın — "Türk Ədəmi-Mərkəziyyət Firqəsi"nin əsasını qoymuşdur (1917). Bu partiya Müsavatla birləşəndən sonra onun Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olmuşdur və bu tarixi hadisədə birbaşa iştirak etmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalamışdır. 1918-ci il, iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış əziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti olaraq dayandırmış, bütün hakimiyyəti yeni yaradılmış Hökumətə vermişdir. Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışmışdır.
Dekabrda Parlament sədrinin müavini seçilmiş, sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra etmişdir. Cümhuriyyətin süqutundan sonra Tiflisə getmişdir.
19 iyul 1920-ci ildə Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatilin gülləsiylə şəhid olmuşdur. Tbilisidə yerləşən köhnə müsəlman qəbiristanlığında (hazırda Botanika bağının ərazisi) dəfn olunmuşdur.
Publisistik fəaliyyəti thumb|240x240px|"Nicat" Cəmiyyətinin təşkilaçılığı ilə çağrılmış Azərbaycan müəllimlərinin II qurultayı, Bakı, 25 avqust 1907-ci il. İkinci cərgədə, sağdan 5-ci Həsən bəy AğayevHəsən bəy Ağayev publisistika ilə də yaxından məşğul olmuşdur. Gəncədə "Yujnı Kavkaz" ("Cənubi Qafqaz") qəzetini nəşr etdirmişdir (1911–1912). Müsəlmanlar arasında maarif yayan cəmiyyətin sədri seçilmişdir (1911). Gəncədə Xudadat bəy Rəfibəyli ilə (1878–1920) birgə tibb cəmiyyəti yaratmışdır (1914).
İstinadlar
Mənbə
Həmçinin bax Əmir bəy Ağayev
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Moskvada təhsil almış azərbaycanlılar Kateqoriya:Azərbaycanın İstiqlal Bəyannaməsini imzalayanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvləri Kateqoriya:Bakı Şəhər Dumasının üzvləri Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Zaqafqaziya Seyminin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavinləri Kateqoriya:Müsavat Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Nicat Cəmiyyətinin sədrləri Kateqoriya:Nemezis əməliyyatında qətlə yetirilənlər Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Rusiya imperiyası jurnalistləri Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Rusiya imperiyası həkimləri Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvləri