Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə ermınistan arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş.
Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə erməni Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur.
Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır. Fransa mərkəzli "Le Monde" qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdir.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir, lakin Ermənistan rəhbərliyi bunu təkzib etmişdir. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdir. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini təsdiqləmiş, fəqət sonradan Ermənistan Baş naziri Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyi buna zidd olan bəyanatlar yaymışdır. Atəşkəs razılaşmasının imzalanmasından sonra Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan, eləcə də Paşinyan, separatçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir. Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuş və Azərbaycana strateji üstünlük vermişdir. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etmiş və Azərbaycan müharibədə qələbə çalmışdır.
Zəmin
Şuşa şəhəri Cənubi Qafqazda yerləşən Dağlıq Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Şəhər 1994-cü ildə Birinci Qarabağ müharibəsinin sona çatmasından bəri Qondarma Dağlıq Qarabağ Respublikasının nəzarətində olmasına baxmayaraq, de-yure Azərbaycan Respublikasının Şuşa rayonunun bir hissəsidir. Şuşa dəniz səviyyəsindən 1300–1600 metr yüksəklikdə, separatçıların paytaxt elan etdikləri Xankəndi şəhərindən təxminən uzaqlıqda yerləşir. İki şəhəri bir vadi ayırır və dağlıq ərazidə yerləşən, Xankəndi üçün bufer zonası olan Şuşa "bütün Dağlıq Qarabağı nəzarətdə saxlamağa imkan yaradan strateji yüksəklik" olaraq xarakterizə edilmişdir. Strateji şəhər həm Azərbaycanda, həm də Ermənistanda xalq arasında "əlçatmaz" dağ qalası adlandırılır. Ermənistanın cənubundakı Sünik mərzində yerləşən Gorus şəhəri ilə Xankəndini birləşdirən açar yol – Laçın dəhlizi Şuşadan keçir. Ermənistanı Dağlıq Qarabağa bağlayan digər əsas yol şimaldan, Kəlbəcər rayonundakı Murovdağ silsiləsindən keçir.
1923-cü ildə, sovet hakimiyyəti dövründə əhalisi əsasən ermənilərdən təşkil olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılmış, lakin vilayətin inzibati mərkəzi əsasən azərbaycanlıların yaşadığı Şuşa şəhəri seçilmişdir. 1988-ci ilin fevralında, əksəriyyəti ermənilərdən təşkil olan DQMV hökuməti Azərbaycan SSR-dən ayrılmaq və Ermənistan SSR ilə birləşmək üçün qərar qəbul etmişdir ki, bu da Sovet İttifaqında yaşayan azərbaycanlılarla ermənilər arasında daha geniş etnik və ərazi münaqişəsinə gətirib çıxarmışdır. Sovet İttifaqı 1991-ci ildə süquta uğradıqdan sonra azərbaycanlılar və ermənilər Qarabağ üzərində nəzarəti saxlamaq üçün mübarizə aparmış və döyüşlər 1992-ci ilin əvvəllərində Ermənistan Silahlı Qüvvələrinin iştirakı ilə genişmiqyaslı müharibəyə çevrilmişdir. Dağlıq anklav o vaxta qədər öz müstəqilliyini elan edir və qondarma bir hökumət qurmuşdur. 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Şuşa şəhərini işğal etmişdir və 1979-cu ildə şəhər əhalisinin 85,5 %-ni təşkil edən azərbaycanlılar məcburi köçkün olmuşdur.
Şəhər həm azərbaycanlılar, həm də ermənilər üçün tarixi, siyasi və mədəni əhəmiyyətə malikdir. Azərbaycanlılar Şuşa şəhərini bölgənin tarixi paytaxtı hesab edirlər və şəhər onlar üçün xüsusi mədəni əhəmiyyət daşıyır. Eyni zamanda, şəhərdə yerləşən və 2020-ci ilə qədər Erməni Həvari kilsəsinin Artsax Yeparxiyasının mərkəzi olan Qazançı kilsəsi ermənilər üçün dini əhəmiyyətə malikdir. 2021-ci ildə Ermənistan Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtını Şuşaya köçürməyi və burada qanunsuz məskunlaşmanı başa vurmağı planlaşdırırdı. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında tez-tez şəhərin işğaldan azad edilməsinin müharibənin əsas məqsədlərindən biri kimi xarakterizə etmişdir. O, 16 oktyabrda Türkiyə televiziyasına verdiyi bir müsahibədə "Şuşa olmasa, işimiz yarımçıq qalacaq" demiş, Qondarma Dağlıq Qarabağ Respublikasının Prezidenti Arayik Harutyunyan isə Şuşanı "əcdadlarımızdan bizə miras qalan ən böyük irslərimizdən biri" adlandırmışdır. Şəhərin simvolik əhəmiyyətinə baxmayaraq, Beynəlxalq Böhran Qrupunun azərbaycanlı analitiki Zaur Şiriyev Şuşanın ələ keçirilməsinin hərbi və ya siyasi bir hədəf olub-olmadığının qaranlıq qaldığını qeyd etmişdir. Azərbaycanlı siyasi analitik Fuad Şahbazovun fikrincə, Azərbaycan qüvvələrinin Şuşada qələbə çalması "cəbhədə olan və olmayan azərbaycanlılar üçün mənəvi qələbə kimi qəbul ediləcək" və o güman edir ki, bu da erməni əsgərləri arasında "ciddi demoralizasiya"ya səbəb olacaq.
Döyüşdən əvvəl 27 sentyabr 2020-ci ildə de-fakto Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən və Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə edilən, lakin de-yure Azərbaycanın bir hissəsi olan Qarabağ bölgəsində döyüşlər başlamışdır. Azərbaycan qüvvələri əvvəlcə müvafiq inzibati mərkəzlərini işğaldan azad edərək Füzuli və Cəbrayıl rayonlarında uğur əldə etmiş, oradan Hadrut qəsəbəsinə doğru irəliləmişdir. 15 oktyabrda Hadrutun ələ keçirilməsindən sonra Azərbaycan qoşunları daha intensiv irəliləməyə, ermənilər isə geri çəkilməyə başlayırlar. Azərbaycan qüvvələri daha sonra Zəngilan və Qubadlı şəhərlərini işğaldan azad etmişdir. Onlar, həmçinin, Laçına hücuma keçir, meşələri və dağ keçidlərini aşaraq Şuşa rayonuna daxil olurlar.
Müharibənin əvvəlindən Şuşa şəhərinin ara-sıra top atəşinə məruz qalması barədə xəbərlər yayılırdı. Oktyabrın 4-də Azərbaycan ordusunun dəqiq raket zərbəsi ilə Şuşada, müharibədən cəmi bir neçə ay əvvəl separatçı rejimin rəhbəri Araik Arutyunyanın öz "inauqurasiyasını" keçirdiyi Mədəniyyət Evi darmadağın edildi. Zərbə nəticəsində həmin vaxt orada cəmləşən erməni hərbçiləri məhv edilib. Belə ki, zərbə zamanı binada 300-ə yaxın erməni hərbçisinin (sonradan onların Ermənistandan Qarabağa döyüşlərə göndərilən polislər olduğu üzə çıxmışdı) cəmləşdiyi məlum idi. Onların əksəriyyətinin öldüyü və yaralandığı bildirilir. Rəsmi mənbələr orada 20-dən çox polisin öldüyünü, 200-ə yaxınının yaralandığını təsdiq edir. Partlayış nəticəsində binanın damı dağılıb və içəridəkilərin üstünə tökülüb. 8 oktyabrda Şuşadakı Qazançı kilsəsinin bombardman edildiyi və ciddi ziyan gördüyü bildirilmişdir. Azərbaycan tərəfi bu insidentdə hər hansı bir məsuliyyətdən imtina etmişdir. Oktyabr ayı boyunca Şuşanın və eləcə də yaxınlıqdakı kəndlərin Azərbaycan qüvvələri tərəfindən top və raket atəşinə tutulması barədə xəbərlər yayılmış, Azərbaycan tərəfi isə xüsusən də şəhəri atəşə tutması haqqında yayılan xəbərləri təkzib edib. 28 oktyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Şuşadan bir neçə kilometr cənub-şərqdə yerləşən Çanaqçı kəndində vəziyyətin "gərgin" olduğunu bildirdi. Ertəsi gün Ermənistan Müdafiə Nazirliyi kənddə toqquşmaların baş verdiyini açıqlamış, Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan isə Azərbaycan qüvvələrinin Şuşadan uzaqlıqda olduğunu etiraf etmişdir. 30 oktyabrda Daşaltı başda olmaqla Şuşa yaxınlığında toqquşmalar baş verib. Elə həmin gün "Abkhazian Network News Agency"nin müxbiri şəhər yaxınlığında böyük partlayışların eşidildiyini qeyd etmişdir. Ertəsi gün Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Şuşanın yenidən bombardmana məruz qaldığını açıqladı. Noyabrın 2-də Ermənistanın Müdafiə Nazirliyi də yaydığı bəyanatda Şuşa yaxınlığında şiddətli toqquşmaların baş verdiyini bildirib.
Döyüşdən əvvəl, oktyabrın sonları və noyabrın əvvəllərində həm Azərbaycan, həm də Ermənistan bir-birini Şuşa yaxınlığında ağ fosfordan istifadə etməkdə günahlandırmışdır. 30 oktyabrda Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi Azərbaycan qüvvələrini Şuşa yaxınlığındakı meşələri yandırmaq üçün fosfor istifadə etməkdə günahlandırmış, lakin Azərbaycan tərəfi bu iddiaları təkzib etmişdir. Noyabrın 20-də Azərbaycan Baş Prokurorluğu Ermənistan Silahlı Qüvvələrini Şuşa ətrafında kimyəvi sursat istifadə edərək "ətraf mühitə böyük və uzunmüddətli ziyan vurmaqda" ittiham etmiş, bu məsələ barədə cinayət işi açmışdır. Həmçinin, Azərbaycan rəsmiləri Ermənistan Silahlı Qüvvələrinin bölgəyə ağ fosfor daşıdığını bildirmişdir. Ağ fosforun istifadəsi həm Azərbaycanın, həm də Ermənistanın imzalamadığı beynəlxalq müqaviləyə əsasən qadağan olunmuşdur.
Döyüş Oktyabr ayında Dağlıq Qarabağın cənubunda yerləşən, əvvəllər ermənilərin nəzarətində olan ərazilərin əksəriyyəti üzərində nəzarəti əldə etdikdən sonra Azərbaycan quru qoşunları təmas xəttini keçərək qərbə doğru irəliləməyə başladı. Oktyabr ayının ortalarına qədər Azərbaycan hərbi qüvvələri Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinə doğru irəlilədi və ermənilərin nəzarətində olan əsas şəhərlərdən hesab edilən Hadrutu azad etdi. Oktyabrın 22-dək Azərbaycan hücumu ilə Laçın şəhərinə və həyati əhəmiyyət kəsb edən dəhlizə 10 kilometr məsafəyə qədər yaxınlaşdı. Laçın dəhlizini itirməklə Ermənistan Dağlıq Qarabağdakı qüvvələrini təchiz etməkdə çətinliklə üzləşə bilərdi. Cavab olaraq və təzyiqi Laçın dəhlizindən uzaqlaşdırmaq üçün erməni qüvvələri çətin keçilən meşə-dağlıq ərazilərdə hərbi qüvvələrdən istifadə edərək əks-hücumlara başladılar və Azərbaycan qoşunlarının əsas təminat yolları boyunca pusqular qurmağa başladılar. 28–30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi. Bəzi məlumatlara görə, Azərbaycan XTQ qüvvələrinin 400 hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyib, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alıblar. Məlumata görə, xüsusi təyinatlılar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.