Mpox (meymunçiçəyi kimi də tanınır) — insanların və digər heyvanların yoluxa biləcəyi infeksion virus xəstəliyi. Simptomlarına qabarcıqlar əmələ gətirən və sonra qabıq bağlayan səpgilər, qızdırma və şişmiş limfa düyünləri daxildir. Xəstəlik adətən yüngül keçir və yoluxmuş şəxslərin əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır. Məruz qaldıqdan sonra simptomların yaranmasına qədər olan müddət beş ilə iyirmi bir gün arasında dəyişir və simptomlar adətən iki-dörd həftə davam edir. Bununla belə, xüsusilə uşaqlarda, hamilə qadınlarda və ya immun sistemi zəif olan insanlarda halların ağır keçməsi mümkündür.
Xəstəlik, Orthopoxvirus cinsinə aid olan zoonotik bir virus olan meymunçiçəyi virusu tərəfindən törədilir. Çiçək xəstəliyinə səbəb olan variola virusu da bu cinsə daxildir. İnsandan insana ötürülmə yoluxmuş dəriyə və ya bədən mayelərinə, o cümlədən cinsi əlaqə yolu ilə birbaşa təmas vasitəsilə baş verə bilər. Simptomların başlanğıcından və bütün qabarcıqlar qabıqlanıb tam sağalana qədər insanlar digər insanlara xəstəliyi ötürə bilərlər. Virus yoluxmuş heyvanlarla işləyərkən, həmçinin, onların ətinə toxunmaq və ya heyvanın dişləməsi və ya cızması yolu ilə yayılabilir. Diaqnoz virusun DNT-si üçün lezyonun PCR testi ilə təsdiqlənə bilər.
Yüksək infeksiya riski olan şəxslər üçün vaksinasiya tövsiyə olunur. Mpox-a qarşı xüsusi bir vaksin inkişaf etdirilməyib, amma çiçək xəstəliyi üçün olan vaksinlərin effektiv olduğu aşkar edilib. Xəstəlik üçün spesifik müalicə yoxdur, buna görə müalicənin məqsədi simptomları idarə etmək və komplikasiyaların qarşısını almaqdır. Mpox-u müalicə etmək üçün tecovirimat kimi antiviral dərmanlar istifadə oluna bilər, lakin onların effektivliyi sübuta yetirilməyib.
Mpox mərkəzi və Qərbi Afrikada endemikdir və burada bir neçə məməli növünün virusun təbii rezervuarı olduğu güman edilir. İlk insana yoluxma halları 1970-ci ildə Konqo Demokratik Respublikasının Basankusu bölgəsində diaqnoz edilib. O vaxtdan bəri epidemiyaların tezliyi və şiddəti əhəmiyyətli dərəcədə artıb, bunun çiçək xəstəliyinə qarşı rutin vaksinasiya dayandırıldıqdan sonra immunitetin azalması ilə əlaqəli olduğu düşünülür. 2022–2023-cü illərdə qlobal II kladanın baş verməsi, virusun ilk dəfə olaraq Afrikadan kənarda geniş miqyasda yayıldığı hadisə kimi qeydə alındı. 2022-ci ilin iyul ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu epidemiyanı Beynəlxalq Narahatlıq Doğuran İctimai Sağlamlıq Fövqəladə Vəziyyəti (PHEIC) elan etdi. Lakin 2023-cü ilin may ayında ÜST epidemiyanın nəzarət altına alındığını bildirərək bu statusu geri götürdü və vaksinasiya və ictimai sağlamlıq məlumatlarının birgə istifadəsini uğurlu nəzarət tədbirləri kimi qiymətləndirdi.
2023-cü ildə Konqo Demokratik Respublikasında I klad meymunçiçəyi epidemiyası aşkarlandı. 2024-cü ilin avqust ayına qədər bu epidemiya bir neçə Afrika ölkəsinə yayılaraq, virusun daha davamlı şəkildə insanlara yoluxa biləcəyinə dair narahatlıqlar yaradıb. 14 avqust 2024-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu epidemiyanı Beynəlxalq Narahatlıq Doğuran İctimai Sağlamlıq Fövqəladə Vəziyyəti (PHEIC) elan etdi. Ertəsi gün, Afrikadan kənarda ilk yoluxma halı İsveçdə qeydə alındı.
Nomenklatura İlk olaraq "Meymunçiçəyi" (monkeypox) adı bu xəstəliyin ilk dəfə laboratoriya meymunlarında aşkar edilməsi səbəbindən qoyulmuşdur. Bu ad sonradan yanlış adlandırma olaraq tənqid edildi, çünki meymunlar xəstəliyin əsas ev sahibi və ya rezervuarı deyil. Həmçinin, adın Afrika ölkələri ilə əlaqəli irqçilik və damğalanma stereotiplərini gücləndirdiyi üçün tənqid olundu.
Bir neçə ictimai sağlamlıq təşkilatı və alimlərin bu məsələlərin xəstəlik epidemiyasının nəzarət altına alınmasına maneə törətdiyini bildirməsindən sonra, meymunçiçəyi virusunun alt tipləri avqust 2022-ci ildə yenidən adlandırıldı: Konqo hövzəsi (Mərkəzi Afrika) kladının adı I klad, Qərbi Afrika kladının adı isə II klad kimi dəyişdirildi. 2022-ci ilin noyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "mpox" terminini öz kommunikasiya materiallarında istifadə edəcəyini və başqalarını da bu tövsiyələrə riayət etməyə təşviq edəcəyini açıqladı.
Əlamətlər və simptomlar thumb|Mpox lezyonunun inkişaf mərhələləri Mpox infeksiyasının ilkin simptomları qızdırma, əzələ ağrıları və boğaz ağrısı ilə başlayır, sonra qaşınan və ya ağrılı səpgilər, başağrısı, şişmiş limfa düyünləri və yorğunluq müşayiət olunur. Hər kəs bütün simptomları yaşamaya da bilər. thumb|Püstüldən başlayan nekrotik mpox lezyonunun inkişafı Əksər mpox xəstələri infeksiyadan 4–11 gün sonra simptomları yaşamağa başlayırlar. Ancaq inkubasiya müddəti bir günə qədər qısa ola bilər. 2022–2023-cü il epidemiyası 4 həftəyə qədər inkubasiya dövrlərinin mümkün olduğunu və halların 5%-nin inkubasiya dövrlərinin əvvəllər nəzərdə tutulan 21 gündən daha uzun olduğunu göstərdi.
Səpgilər çoxsaylı kiçik lezyonlardan ibarətdir və bu lezyonlar əllərin palmar tərəfi, ayaq altları, üz, ağız, boğaz, cinsiyyət orqanları, həmçinin anus bölgəsində çıxa bilər. Səpgilər əvvəlcə kiçik düz ləkələr kimi başlayır, sonra kiçik qabarcıqlara çevrilir, bu qabarcıqlar maye ilə dolur, nəhayət partlayır və qabıq bağlayır. Bu proses adətən təxminən 10 gün davam edir. Nadir hallarda, lezyonlar nekrotik ola bilər, bu da onları təmizləməyi tələb edir və sağalması daha uzun vaxt alır.
Bəzi xəstələrdə yalnız 1 yara, bəzi xəstələrdə isə hətta yüzlərlə yara meydana gələ bilər. Bir şəxs heç bir simptom göstərmədən də Orthopoxvirus meymun çiçəyi virusuna yoluxa bilər. Semptomlar adətən iki-dörd həftə davam edir, lakin immun sistemi zəif olan xəstələrdə daha uzun müddət davam edə bilər.
Fəsadlar Komplikasiyalar arasında ikincili infeksiyalar, pnevmoniya, sepsis, ensefalit və kornea infeksiyası nəticəsində görmə itkisi yer alır. İmmun sistemi zəif olan şəxslər, dərman istifadəsi, tibbi vəziyyətlər və ya HİV səbəbiylə, xəstəliyin ağır formalarını inkişaf etdirməyə daha meyillidirlər. Əgər infeksiya hamiləlik dövründə baş verərsə, bu, ölü doğuş və ya digər fəsadlara səbəb ola bilər.
Əgər hər hansı bir fəsad yoxdursa, sekvelalar nadirdir; sağaldıqdan sonra qabıqlar solğun izlər buraxa bilər, daha sonra isə tünd yara izlərinə çevrilə bilər. thumb|2022-ci ilin epidemiyası zamanı sağ tonsilla (badamcıq) böyüməsi və üzərində pustulyar (irinli) lezyonun meydana gəlməsi.
Ölüm halları Tarixən, keçmiş epidemiyalarda ölüm nisbəti (CFR) 1% ilə 10% arasında qiymətləndirilmişdir. I klad, II kladdan daha ağır qəbul edilir.
IIb kladının səbəb olduğu 2022–2023-cü il qlobal epidemiyasında ölüm nisbəti çox aşağı olub, təxminən 0,16% kimi qiymətləndirilmişdir və ölümlərin əksəriyyəti immun sistemi artıq zəifləmiş insanlarda idi. 2024-cü ilin aprel ayına olan məlumata görə isə, Konqo Demokratik Respublikasında I klad epidemiyasının ölüm nisbəti 4,9% təşkil edir.
Bu qiymətləndirmələr arasındakı böyük fərq aşağıdakılarla əlaqələndirilir:
I klad və II klad virulentliyindəki fərqlər. Əsasən zəif səhiyyə infrastrukturuna malik olan Afrikanın endemik bölgələrində yüngül və ya simptomları olmayan halların qeydə alınmaması. Virusun təkamülü insanlarda daha yüngül xəstəliyə səbəb olur. 2022–2023-cü il qlobal epidemiyasından təsirlənən əhalinin ümumi sağlamlıq vəziyyətinin və səhiyyə xidmətlərinin yaxşı olması.
Heyvanlarda Kiçik məməlilər endemik bölgələrdə virus üçün rezervuar rolunu oynayır. Heyvanlar arasında yayılma əsasən nəcis-oral yolla, burun vasitəsilə, yaralar və yoluxmuş ət yemək səbəbi ilə baş verir. Xəstəlik meymunlar, anteaterlər, kirpi, preri itləri, siçanlar və şüvəngələr də daxil olmaqla müxtəlif heyvan növlərində də qeydə alınıb. Heyvanlarda simptomlar və əlamətlər yaxşı öyrənilməmişdir və əlavə tədqiqatlar davam edir.
Endemik Afrika xaricində də heyvan infeksiyaları baş vermişdir; 2003-cü il ABŞ epidemiyası zamanı prairi itləri (Cynomys ludovicianus) yoluxmuş və qızdırma, öskürək, konyunktivit, zəif qidalanma və səpgilər nümayiş etdirmişdir. Həmçinin, bir ev iti (Canis familiaris) infeksiya olub və lezyonlar və xoralar göstərmişdir.
Səbəb Həm insanlar, həm də heyvanlarda meymunçiçəyi, Orthopoxvirus meymunçiçəyi (Orthopoxvirus monkeypox) tərəfindən törədilən infeksiya ilə yaranır. Bu, Orthopoxvirus cinsinə, Poxviridae ailəsinə aid olan ikiqat zəncirli DNA virusudur və kiçikçiçək, inəkçiçək və vaccine virusları ilə yaxından əlaqəlidir.
Virusun iki əsas alt tipi var: I klad və II klad. 2024-cü ilin aprel ayında yeni bir variant aşkar edildikdən sonra I klad, Ia və Ib olaraq adlandırılan alt tiplərə bölündü. Klad II isə oxşar şəkildə alt tiplərə bölünür: klad IIa və klad IIb.
Klad I-in, klad II-dən daha ağır xəstəliklərə və daha yüksək ölüm nisbətinə səbəb olduğu təxmin edilir.
Virusın Mərkəzi və Qərbi Afrikanın tropik yağış meşələri bölgələrində endemik olduğu hesab edilir. Meymunlarla yanaşı, virus Qambiya kisəli siçovullarında (Cricetomys gambianus), süleysinlərdə (Graphiurus spp.) və Afrika dələ (Heliosciurus və Funisciurus) növlərində də aşkar edilmişdir. Bu heyvanların qida olaraq istifadə edilməsi, insanların virusa yoluxmasının mühüm mənbəyi ola bilər.
Yoluxma Orthopoxvirus meymunçiçəyi virusunun təbii rezervuarının tropik Afrikada yaşayan kiçik məməlilər olduğu düşünülür. Virus heyvandan insana dişləmə və ya cırmaqlama yolu ilə, həmçinin ovlama, dərisini soyma və ya yoluxmuş heyvanların bişirilməsi kimi fəaliyyətlər zamanı keçə bilər. Virus bədənə dəri zədələri və ya ağız, tənəffüs yolları və ya cinsiyyət orqanları kimi selikli qişalar vasitəsilə daxil olur.
Meymunçiçəyi insandan insana yoluxmuş lezyon materialı və ya dəridə, ağızda və ya cinsiyyət orqanlarında olan maye ilə təmas yolu ilə ötürülə bilər; buna toxunma, yaxın təmas və cinsi əlaqə daxildir. Virus, yoluxmuş şəxslə uzunmüddətli yaxın təmas zamanı tənəffüs damcıları vasitəsilə də yayıla bilər. 2022–2023-cü illərdə klad II-nin qlobal epidemiyası zamanı insanlar arasında yoluxma demək olar ki, yalnız cinsi əlaqə vasitəsilə baş verirdi.
Fomitalardan (yəni, yoluxmuş şəxs tərəfindən toxunulan və yoluxucu ola bilən əşyalar, məsələn, geyim və yataq dəstləri) yoluxma riski daha aşağıdır, lakin ehtiyat tədbirləri görülməlidir.
Diaqnoz Klinik diferensial diaqnoz digər səpgili xəstəlikləri, məsələn, suçiçəyi, qızdırmalar, bakterial dəri infeksiyaları, qotur, zəhərli sarmaşıq, sifilis və dərmanla əlaqəli allergiyaları nəzərə almalıdır. Diaqnoz virus testi ilə təsdiqlənə bilər. Dəri lezyonlarından götürülən nümunələrin PCR testi laboratoriya üçün üstün metod sayılır.
Profilaktika
Vaksin Aydın olmuşdur ki, Afrikada kiçikçiçək vaksini ilə vaksinasiya olunmuş şəxslərin meymunçiçəyinə tutulma riski daha aşağıdır. Digər yandan kütləvi kiçikçiçək vaksinləri 1980-ci ildən dayandırıldıqdan sonra yeni nəsil vaksinasiya olunmamış insanlarda immunitet səviyyəsi aşağı düşüb. Həmçinin yeni doğulan və ya vaksin olunmamış şəxslərin sayının artması, bu şəxslərin meymunçiçəyi xəstəliyinə daha açıq olmasına səbəb olur.
2024-cü avqust ayı vəziyyətinə görə, meymunçiçəyi xəstəliyini qarşısını almaq üçün istifadədə olan 4 vaksin mövcuddur, lakin təchizat məhduddur. Bu vaksinlərin hamısı əvvəlcə kiçikçiçəyi ilə mübarizə aparmaq üçün hazırlanmışdır.
MVA-BN (bazarda Jynneos, Imvamune, və ya Imvanex adı ilə tanınır), Bavarian Nordic tərəfindən istehsal olunur. Avropa, ABŞ və Kanadada mpox əleyhinə istifadə üçün lisenziyalıdır. KMB Biologics-in (Yaponiya) LC16 vaksini, Yaponiyada istifadə üçün lisenziyalıdır. OrthopoxVac, Rusiyada istifadəyə lisenziyalaşdırılmışdır və Rusiyanın Dövlət Virusologiya və Biotexnologiya Tədqiqat Mərkəzi VECTOR tərəfindən istehsal olunur. ACAM2000, Emergent BioSolutions tərəfindən istehsal olunur. ABŞ-də meymunçiçəyi qarşısında istifadəyə mövcuddur, lakin hazırda istifadə edilmir.