Fridrix Engels (; ) — XIX əsr alman filosofu, sahibkarı, marksizmin yaradıcılarından biri, Karl Marksın yaxın dostu, köməkçisi və bir çox əsərlərinin həmmüəllifi.

Həyatı 1820-ci il noyabr ayının 28-də Almaniyanın Barmen şəhərində varlı fabrikant Fridrixin ailəsində dünyaya gəldi. Ailə başçısı əvvəlcə Engelsi Barmen şəhərində məktəbdə, sonra isə 1834–1837-ci illərdə Elberfelddə Gimnaziyada oxutmuş daha sonra isə oğlunu peşəkar sahibkar kimi tərbiyə etmək üçün Gimnaziya təhsilindən yarımçıq ayıraraq fabrikə göndərmişdir. Gimnaziya təhsilini başa vurmasına cəmi bir il qalmış atasının təkidli tələbiylə təhsildən ayrılsa da, əslində Engelsin oxuyub mütaliə etmək ehtirası bitib-tükənmək bilmirdi. O, müstəqil surətdə daim öz təhsilini artırır. Hegel fəlsəfəsini öyrənirdi. Xüsusi fitri-istedadının hesabına Fridrix Engels iyirmiyə qədər xarici dil öyrənmişdir. Bu səbəbdən də kəkələyəndə dostları zarafatla "Bizim Engels iyirmi dilə kəkələyir" deyərdilər.

1841–1842-ci illərdə Berlin şəhərində hərbi xidmət keçən Engels imkan tapıb Berlin universitetində mühazirələr dinləmiş və inqilabi-demokratik əhval ruhiyyəli gənc hegelçilərə qoşulmuşdur. Beləliklə ata Fridrixin fabrik kapitalisti kimi görmək istədiyi Engels, əksinə, varlı kapitalistlərə qarşı mübarizə aparan inqilabçıya çevrilmiş və hələ üstəlik 1849-cu ilin may-iyul aylarında 29 yaşı olarkən Cənub Qərbi Almaniyadakı silahlı üsyanda şəxsən iştirak etmiş, barrikadaların qurulmasında küçə döyüşlərində xüsusi fəallıq göstərmiş, üsyan yatırıldıqdan sonra isə Prusiya ordusunun təqiblərindən yaxa qurtarmaq üçün əvvəlcə İsveçrəyə, oradan da İngiltərəyə mühacirət etmək məcburiyyətində qalmışdır, amma maddi ehtiyac yenə də onu zəhləsi getdiyi işlə — ticarətlə məşğul olmağa sövq etdi. O, 1850-ci ildə Londondan Mançestr şəhərinə gəlmiş və burada atasının ortağı olduğu "Ermen və Engels" firmasında işləməyə məcbur oldu. 1851-ci ildə irland mənşəlli fəhlə qızı Meri Bernslə ailə qurmuş, 1864-cü ildə isə Meri vəfat etdikdən bir il sonra baldızı Lizzi Bernslə evlənmişdir. Ömrünün sonlarına yaxın Engelsin arzusunda olduğu ən böyük şey böyük dəyişikliklərin yaşanacağına ümid etdiyi XX əsri az da olsa görmək idi, amma səhhəti buna imkan vermədi və 1895-ci il avqustun 5-də axşam saat 10:30-da vəfat etdi. Ölümündən əvvəl əmlakının böyük hissəsini dostu Karl Marksın qızlarına vəsiyyət etmiş və arzusuna uyğun olaraq öldükdən sonra cənazəsi yandırılmış, külü isə İngiltərənin İstborn şəhəri yaxınlığında dənizə batırılmışdı, bura Engelsin ən çox sevdiyi istirahət yeri idi və indi də onun külünün dənizə batırıldığı yerdə xatirə abidəsi ucalmaqdadır.

Fəaliyyəti

Fridrix Engels və Karl Marks dostluğu Heç şübhəsiz ki, Engelsin həyatında Marksla olan 40 illik dostluq münasibətlərinin özünəməxsus yeri vardı. Onların ilk əyani tanışlığı 1842-ci ilin noyabr ayında Köln şəhərində Marksın baş redaktoru olduğu "Reyn" qəzetinin redaksiyasında baş tutmuşdur. Növbəti görüşləri isə 1844-cü ilin avqustuna təsadüf etmiş və bununla da onların yaxın dostluğunun təməli qoyulmuşdur. 1845–1846-cı illərdə birgə yazdıqları "Alman ideologiyası" əsəri isə onların ilk ortaq işiydi. Marks və Engels əvvəlcə utopik sosialistlərin təsiri altında olan "Ədalətlilər İttifaqı" ilə əməkdaşlıq etmiş, sonra isə bu təşkilatın proqramının elmi kommunizm prinsibləri əsasında tərtibinə nail olmuşdurlar. 1847-ci ildə "Ədalətlilər İttifaqı "nın I qurultayı zamanı təşkilatın adı "Kommunistlər İttifaqqı" olaraq dəyişdirilmiş, növbəti II qurultayda isə Engelsin hazırladığı nizamnamə və təklif etdiyi "Bütün ölkələrin proletarları, birləşin!" şüarı qəbul olunmuşdur. thumb|Fridrix Engelsin vaxtı ilə yaşadığı ev Sonra təşkilatın göstərişinə uyğun olaraq Marks və Engels "Kommunist Partiyasının manifesti"ni yazdılar ki, bu kommunistlərin ilk proqram sənədiydi. 1848-ci ildə Köln şəhərinə köçən Marks və Engels burada "Yeni Reyn" qəzetinin nəşrinə başladılar. 1849-cu ildə Almaniyada baş vermiş inqilabdan sonra qəzetin fəaliyyəti qadağan olunmuş, Marks Londona mühacirət etmək məcburiyyətində qalmışdır. Barrikada döyüşlərində iştirak edən Engels isə üsyançı dostlarıyla birlikdə Baden hersoqluğu ərazisində Prussiya ordusuna məğlub olduqdan sonra sərhəddi keçərək İsveçrəyə, oradan isə İngiltərəyə mühacirət etdi. Engels Mançestr şəhərində ticarət kantorunda çalışır və Marksın ailəsinə mütəmadi maddi yardım göstərirdi. Mançestrdə yaşadığı 20 il ərzində Marks və Engels arasında təxminən 1300-dən çox yazışma olmuş və bu vasitəylədə onlar ən mühüm məsələləri belə müzakirə etmək imkanı əldə etmişdirlər. Nəhayət 1870-ci ildə Engels həmişəlik olaraq Marksın yanına, Londona köçmüşdür. Fridrix Engelsin kommunist ideologiyası qarşısında 2 ən böyük xidməti: 1-ci ən böyük xidməti ondan ibarətdir ki, Engels marksizmi hamının başa düşəcəyi populyar dildə şərhini vermişdir. Leninin təbirincə desək "Engelsin bütün əsərlərini nəzərə almadan marksizmi başa düşmək və onu mükəmməl şərh etmək olmaz"dı. Kommunist ideologiyasının qarşısında Engelsin göstərdiyi ikinci ən böyük xidmət isə ondan ibarətdir ki, o "Kapital" əsərinin I cildini maliyyələşdirdi və Marksın ölümündən sonra onun yarımçıq qalmış işini davam etdirərək "Kapital"ın II və III cidlərini çap etdirməyə müvəffəq olmuşdur. Avstrya sosial-demokratı Adlerin təbirincə desək Engels Kapitalın II və III cildlərini nəşr etməklə öz dahi dostuna əzəmətli bir abidə qoymuş və bu abidə üzərində istər-istəməz öz adını da əbədi cizgilərlə yazmışdır. Doğrudanda "Kapital"ın bu iki cildi iki adamın, Marks ilə Engelsin əsəridir"Lenin "Əsərlərin tam külliyyatı" səh.13, cild II, Bakı 1974. Engels 1885-ci ildə kapitalın II cildini, 1894-cü ildə isə III cildini çapa hazırlayaraq nəşr etdirmişdir, amma axırıncı IV cildin nəşrinə ömür vəfa etmədi.

Fridrix Engels, yoxsa Karl Marks Kommunist ideologiyasına münasibətdə qərb ictimai fikrində çox yanlış iki tendensiya mövcuddur. Bunlardan biri ondan ibarətdir ki, elmi kommunizm nəzəriyyəsinin yaradıcısı kimi Marks yox, məhz Fridrix Engels ön plana çəkilir və bu da onunla əsaslandırılır ki, Engels kommunizmin nəzəri məsələləri barədə daha çox yazmış və belə demək mümkündürsə, kommunizm prinsiplərinin elmi nəzəri şərhi Marksa yox, Engelsə məxsusdur. Məsələn, bu gün də fəaliyyətdə olan Belçika Fəhlə Partiyası ideoloji rəhbər kimi ancaq Fridrix Engelsi tanıyır. Bu cür düşünənlərin ən yaxşı cavabını elə məhz Engels özü sağlığındaykən vermişdi. O, Marksın ölümündən bir il sonra 1884-cü ilin oktyabrında dostu Bekkerə məktubunda açıq-aydın etiraf edirdi ki, "Marksın yanında mən ikinci rol oynayırdım". Engelsin yazdıqlarından belə aydın olur ki, onunla Marks arasında sanki belə bir iş bölgüsü varıydı. left|thumb|Friedrich Engels