Uelsli Maud Şarlotta Mariya Viktoriya (; ) — Britaniya kralı VII Eduardın qızı, Norveç kraliçası.

Həyatı 26 noyabr 1869-cu ildə saat 12:20 radələrində Londondakı Marlboro-hausda dünyaya gəldi. Atası Britaniya kraliçası Viktoriyanın oğlu Uels şahzadə Albert Eduard, anası isə Danimarka kralı IX Kristianın qızı Aleksandradır. Doğulduğu əsnada nənəsi Kraliça Viktoriya hələ də taxtda idi. 24 dekabrda doğulduğu Marlboro-hausda vəftiz edildi. Vəftiz valideynləri arasında əmisi Albani hersoqu Leopold, xalası Mariya Fyodorovna, dayısı arvadı İsveçli Luiza, atasının ögey dayısı arvadı Badenli Mariya və dayısının qaynatası İsveç kralı XV Karl da vardı.

Uşaqlıq illəri boyunca anasının Danimarkadakı qohumlarını hər il ziyarət edirdi və onların Norveç və Aralıq dənizi səyahətlərində iştirak edirdi. 1885-ci ildə bibisi Beatrisanın Henri Battenberqlə, 1893-cü ildə isə qardaşı Georqun Mariya Teklə olan toy mərasimlərində gəlin nədiməsi oldu. Qardaşı arvadı Mariya Tekin kiçik qardaşı Fransisklə evləndirilmək istənilsə də, bəy namizədinin artan qumar borcları və qadınlara düçkün həyat tərzi səbəbilə bu müzakirələr yarım qaldı. Daha sonra isə dayısı oğlu şahzadə Karlla evliliyi müzakirə edildi. Uşaqlıq illəri birlikdə keçmişdi və cütlük bir-birini yaxşı tanıyırdı. Bəy namizədindən 3 yaş böyük olsa da, cütlük bir-birini sevirdi. Beləcə, 1895-ci ilin oktyabrında cütlüyün nişanı elan olundu və bu hadisə nənələri Kraliça Viktoriyanı olduqca sevindirdi.

22 iyul 1896-cı ildə Bukingem sarayında evlənən cütlük İngiltərədə yaşamağa başladı. Yeganə övladları olan Aleksandr da məhz burada dünyaya gəldi. Övladının doğumundan sonra cütlük Danimarkaya köçdü. 1901-ci ildə nənəsinin vəfatının ardından atası VII Eduard adıyla taxta çıxdı. Artıq Britaniya kralının qızı olan Maudun Danimarka sarayındakı nüfuzu daha da artdı.

1905-ci ildə Norveç parlamenti İsveçlə olan birliyi ləğv edərək şahzadə Karlı taxta dəvət etdi. Onun Kraliça Viktoriyanın nəvəsiylə evli olması bu təklifin edilməsində mühüm rol oynadı. Beləcə, noyabr ayındakı referendumun ardından şahzadə Karl VII Haakon adını alaraq Norveç taxtına əyləşdi. Yeganə övladları Aleksandr isə Olaf adını alaraq taxtın varisi elan olundu. Maud isə 22 iyun 1906-cı ildə keçirilən tacqoyma mərasiminin ardından Norveç kraliçası ünvanını aldı.

Yeni qurulan Norveç saray heyəti daxilində ən nüfuzlu yerə sahib idi və xalq önündəki təvazökarlığından fərqli olaraq, sarayda nənəsi Kraliça Viktoriyanın sərt və nizam-intimzamlı həyat tərzini mənimsəmişdi. 1910-cu ildə atasının vəfatından sonra böyük qardaşı V Georq taxta çıxdı. Hər il mütəmadi olaraq Britaniyaya səyahət etdi və burada monarx ailəsi tərəfindən Bukingem sarayında qonaq edildi. Onun Britaniyada qatıldığı son mərasim isə 1937-ci ilin mayında qardaşı oğlu VI Georqla Yelizaveta Bouz-Layonun tacqoyma mərasimi oldu. Britaniya monarx ailəsinin bir üzvü olan Kraliça Maud Vestminster abbatlığında baş tutan mərasimdə qardaşı arvadı dul-kraliça Mariya Tek və qardaşı qızı Harvud qrafinyası Mariya ilə yan-yana dayandı.

1938-ci ilin oktyabrında İngiltərəyə səyahət etdi. Səyahət boyunca Sandrinqemdə məskunlaşsa da, daha sonra səhhəti pisləşdi. 16 noyabr 1938-ci ildə əməliyyat olundu və uşaqlıq yolunda xərçəng hüceyrələri aşkarlandı. Əri VII Haakon dərhal Londona gəldi. Əməliyyatdan sağ çıxsa da, zəifləmiş bədəni əməliyyatdan sonrakı tibbi prosesə dözmədi və 20 noyabr 1938-ci ildə ürək çatışmazlığı səbəbilə vəfat etdi.

Cənazəsi Osloya gətirildi və burada keçirilən vida mərasiminin ardından dəfn olundu.

Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriV Olaf2 iyul 190317 yanvar 1991 (87 yaşında)İsveçli Marta (21 mart 1929)Şahzadə RaqnildŞahzadə AstridV Harald

Qalereya

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:Almanəsilli Britaniya şəxsləri Kateqoriya:XX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XIX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XX əsr monarxları Kateqoriya:Britaniya zadəganlığı Kateqoriya:Kraliça-həyat yoldaşları Kateqoriya:Norveç şəxsləri