Erməni memarlığı () — erməni xalqının tarixən yaşadığı ərazilərdə, o cümlədən diaspora cəmiyyətləri tərəfindən yaradılmış, erməni xalqının dünya görüşü ilə estetik və tarixi əlaqəyə malik memarlıq. Prof. Patrik Donabedyan, erməni memarlığını coğrafi və xronoloji çərçivəyə salmağın çətin olduğunu qeyd edir.
E.ə VI əsr - b.e. III əsrləri
E.ə. VI əsrdə erməni etnosunun formalaşması başa çatır. E.ə. IV əsrdə qədim yunan tarixçisi Ksenofon “Anabasis” adlı əsərində ilk dəfə ermənilərin ənənəvi evi olan qlxatun xatırlanır. E.ə. III-I əsrlərdə Armavir (müasir Sərdarabad şəhəri yaxınlığında), Yervandaşat (müasir Xeyirbəyli kəndi yaxınlığında), Artaşat (müasir Artaşat şəhərinin yerində), Vağarşapat (müasir Üçkilsə şəhərinin yerində), Tiqranakert (müasir Diyarbəkir şəhəri yaxınlığında) və Zarişat (Van gölünün şimal-qərbində, müasir Qoncalı kəndi yaxınlığında) kimi erkən erməni şəhərləri yaranır və inkişaf edir. Bu şəhərlərdə metalişləmə, dulusçuluq, daşişləmə və ağacişləmə, eyni zamanda memarlıq sənətinin ilkin təzahürləri nəzərə çarpır. Gərni, Armavir və Aştişat (Muş ilinin Yücetepe kəndi ərazisində) ərazilərində icra edilmiş arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bu ərazilərdə ən qədim memarlıq və şəhərsalma ənənələri yunan-ellin ənənələrinin təsiri altında inkişaf etmiş, e.ə. I əsrdən etibarən isə Qədim Roma mədəniyyətinin təsiri ilə “erməni ellinizmi” formalaşmışdır. Şəhərsalma faktorları, o cümlədən şəhərlərin müdafiə xüsusiyyətləri Yaxın Şərqdəki ellinist şəhərlərin şəhərsalma və memarlıq ənənələrini xatırladırdı. Bu ənənəyə görə, şəhər yerinin seçilməsi zamanı çaya yaxın ərazilərə üstünlük verilir, çay suyu həm şəhərin təmin edilməsi, həm də müdafiə məqsədi ilə istifadə edilirdi.
Erməni hökmdarı I Trdatın hakimiyyəti dövründə (54-88-ci illər) inşa edilmiş Gərni məbədi (76-cı il) antik dövr erməni memarlığının şah əsəri hesab edilir.
Plutarxın verdiyi məlumata görə, qədim ArtaşatPlutarx. Сравнительные жизнеописания, Красс, § 33 və TiqranakertPlutarx. Сравнительные жизнеописания, Лукулл, § 29 şəhərlərində teatrlar var idi və ehtimal ki, onlar, memarlıq baxımından antik amfiteatrlar formasında inşa edilmişdi. Gərni qalasında aparılan arxeoloji qazıntılar zamanı, mozaik döşəmələrə malik hökmdar sarayı və hamamının qalıqları aşkara çıxarılmışdır. Artaşatdakı qazıntılar isə hamam, su təchizatı sistemləri, müxtəlif binalara aid çoxsaylı memarlıq və heykəltəraşlıq fraqmentlərinin ortaya çıxarılmasına imkan vermişdir.
IV-VII əsrlər 300px|thumb|right|Armavir mərzi ərazisində VII əsrdə inşa edilmiş Zvartnots dairəvi kilsəsinin qalıqları. Feodal münasibətlərinin yaranması Ermənistan ərazisində memarlıq və şəhərsalmanın da yeni mərhələyə qədərm qoymasına səbəb olur. Antik dövrün şəhərləri iqtisadi tənəzzül dövrünü yaşayır, onlardan yalnız Artaşat və Tiqranakert öz əhəmiyyətini qoruyub saxlaya bilir. Bu dövrdə Dvin (Dəbil) və Karin (Ərzurum) şəhərlərinin əhəmiyyəti artır. Hökmdar II Arşak isə Arşakavan şəhərinin inşasını tamamlaya bilmir. Xristianlığın yayılması ərazidə yeni – lakin erkən mərhələdə hələ də antik mədəniyyətdən ilhamlanan dini memarlıq ənənəsinin meydana çıxmasına səbəb olur.
IV-V əsrlərin kilsələri əsasən klassik bazilika (Kasax, IV-V əsrlər; Əştərək, V əsr; Axç, IV əsr; Yeqvard, V əsr) formasına malikdir. Bu dövrə aid bir sıra erməni bazilikaları “qərb tipli” bazilikal kilsələr sırasına aid edilir. Onlardan ən məşhur olanı Tekor kilsəsi (V əsr), Yerəruyk bazilikası (IV-V əsrlər) və Dvin bazilikasıdır (470-ci il). Altı pilləli stilobat üzərində yerləşən Yerəruyk bazilikası, ehtimal ki, xristianlıqdan əvvəlki dövrə aid məbədin yerində inşa edilmişdir. Eyni zamanda bu dövrdə aid Karnut (V əsr), Yeqvard (V əsr), Gərni (IV əsr), Zovuni (V əsr), Dvin (553-557-ci illər), Talin (V əsr), Tanaat (491-ci il), Carcaris (IV-V əsrlər), Lernakert (IV-V əsrlər) bazilikalarını da qeyd etmək olar.
V əsrdən etibarən, bazilikalar əsas mövqeyini, müxtəlif memarlıq ifadəliklərinə malik günbəzli kilsələrə verməyə başlayır. Onlardan zal-günbəz tipli (Ptxni kilsəsi, VI-VIII əsrlər; Ərçivəng kilsəsi, 661-666-cı illər), günbəzli bazilikalar (yenidən inşa edilmiş Tekor kilsəsi, 478-790-cı illər; Uzunlar kilsəsi, VI əsr; Mren kafedralı, 613-640-cı illər; Müqəddəs Qayane kilsəsi, 630-cu il; Baqavan kilsəsi 631-639-cu illər) və üç apsidalı günbəzli kilsələr (Dvində yenidən tikilmiş Müqəddəs Qriqor kilsəsi, 608-615-ci illər; böyük Talin məbədi, VII əsr) memarlıq forma və xüsusiyyətlərinə görə üçnefli bazilikalarla oxşarlıq təşkil edir. VI-VII əsrlərdə daxili fəzanın vahidliyini təmin etməyə çalışan erməni məbəd memarlığında xaç-günbəz tipli kilsələr meydana gəlir. Bu memarlıq ideyası 588-597-ci illərdə inşa edilmiş Avan kilsəsində inkişaf etdirilmiş, 618-ci ilə aid Müqəddəs Ripsime kilsəsində, o cümlədən digər məbədlərdə (Qarnhovit kilsəsi, VI-VII əsrlər; Aramus kilsəsi, VII əsr; Sisavan kilsəsi, VII əsr; Arçvaberd kilsəsi, VII əsr) klassik mükəmməlliyinə çatmışdır. Bu kilsələrdə memarlıq planı, forma və perspektiv, həmçinin memarlıq ideyasının vahidliyi mümkün qədər aydın və lakonik şəkildə həll edilmişdir.
Məstərə kilsəsi (V-VI əsrlər), Artik kilsəsi (VII əsr) və Müqəddəs Tadeos Baqaran kilsəsi (624-631-ci illər) xaç-günbəz tipli kilsələrin dörd apsidalı kilsə qrupuna aiddir. Xaç-günbəz tipli kilsələrin yeni tipinin yaradılması cəhdləri VII əsrdə erməni memarlığının şah əsəri olan Zvartnots (Göy mələkləri məbədi) kilsəsinin (641-652-ci illər) yaradıılması ilə nəticələnir. Zvartnots kilsəsi dövrün digər erməni kilsələrindən, memarlıq inşasının dekorativ prinsipləri ilə fərqlənir. VII əsrin erməni memarlıq abidələri arasında, bir müddət Erməni katolikosunun iqamətgahı olmuş Ərçivəng kilsəsi də fərqlənir. Kilsənin interyerində qədim freskaların qalıqları saxlanmışdır. Lakin, Ərçivənk kilsəsini fərqləndirən əsas cəhət onun günbəzli zalıdır. Erkən orta əsrlər dövrü erməni memarlığının ən mükəmməl nümunələrindən biri hesab edilən Məsdərə kilsəsi VI əsrin sonu – VII əsrin əvvəllərinə aid edilir.
VII əsrin II yarısından etibarən, çoxaltarlı kilsələrin inşasına başlanılır (Yeğvardda Zoravar kilsəsi, 661-685-ci illər; Araqaç, VI əsr və İrinda, VII əsr kilsələri). Eyni zamanda, V-VI əsrlərdə xaçvari plana malik kiçik kilsələr inşa edilir. VI-VII əsrlərdə təkmilləşən bu tərz, sonradan bir sıra məbəd kompleksi və kilsələrdə özünü göstərir ki, onlardan da Əştərəkdə Karmiravor (VI əsr), Qoşda Müqəddəs Stepanos (VII əsr), Kiçik Talin məbədi (VII əsr), Bcnidə Müqəddəs Sərkis, həmçinin, Aqarak (VII əsr), Alman (637-ci il), Ərzni (VI əsr), Caqavəngdə Müqəddəs Nişan (VII əsr), Oşakanda Müqəddəs Sion (VII əsr), Lmbatavəngdə Müqəddəs Stepanos (VI əsr) kilsələri xüsusi diqqət cəlb edir. Lmbatavəngdə Müqəddəs Stepanos kilsəsi xaçvari plana malik günbəzli bazilika olmaqla, günbəzi səkkizguşəli baraban və tromp keçidə malikdir. Bu kilsədə həm də, erkən orta əsrlər erməni rəssamlığının dəyərli nümunələri qorunub saxlanmışdır.
Bu dövrdə mülki binaların memarlığı müstəqil şəkildə inkişaf edirdi. Dvindəki iki saray (V və VII əsrlər), Zvartnots sarayı (VII əsr) və Aruç sarayı (VII əsr), plan həllinin kompozisiya vahidliyi - mərkəzi hissənin sütunlu zala verilməsi ilə seçilirlər. Dvində arxeoloji tədqiqatlar zamanı aşkarlanmış yaşayış binaları və digər ictimai tikililər bu dövrlərə aid mülki memarlığı təmsil edir. Xristianlığın erkən dövrlərində geniş yayılmış taxta xaçlar, VI-VII əsrlərdə tədricən monumental daş xaçlar – xaçkarlarla əvəz olunur. Xaçkar sənətkarlığının erkən inkişaf dövrü üçün “qanadvari” xaçkarlar xarakterikdir.
Üçkilsə kafedralında, Dvindəki Müqəddəs Qriqor kilsəsində və Zvartnots kilsəsində mozaika sənətkarlığının nümunələri qorunmuşdur. Yerusəlimdəki Müqəddəs Yakov kilsəsində erməni əlifbası ilə yazıya malik VI əsr mozaikası tam şəkildə dövrümüzə çatmışdır. Axç mavzoleyi, Kasax, Yerəruyk, Çiranavor bazilikalarında erkən orta əsrlərə aid freskaların qalıqları aşkar edilmişdir.
Mavzoley inşasının memarlıq ənənələri ellinizm dövrünə gedib çıxır. Ermənistan ərazisində ən qədim mavzoley, Axç ərazisində aşkar edilmiş, IV əsrə aid olan Erməni Arşakilərinin mavzoleyidir. Arşakilərin mavzoleyinin dəfn yeri yeraltı zirzəmi xüsusiyyətinə malikdir. Müqəddəs Ripsime və Müqəddəs Qayane kilsələrində (VII əsr) isə əsas altarın altında dəfn yerini xatırladan otaq vardır. Bu dövrün abidəsi olan Zovun mavzoleyi (V əsr) Müqəddəs Vardan sovməəsinin divarları daxilində yerləşir.
IV-VII əsrlər erməni memarlığının bədii ifadəlilik metodları, həmin dövrün ümumi memarlıq prinsipləri və bədii-estetik təsəvvürlərinə uyğundur. Həmin dövrdə bədii memarlıq təsəvvürünün əsasında memarlıq planı və perspektivin əlaqəli həlli, forma və fasadların aydın mükəmməlliyi, proporsiya harmoniyası və arxitektonikanın düzgün mexanizmləri dayanır. Divar hörgüsündə rəngarəng daşlardan istifadə (bu, konstruktiv əhəmiyyətlə yanaşı həm də bədii keyfiyyət daşıyırdı), bu dövrlərin memarlığının xarakterik xüsusiyyətlərindən biridir.
Dekorativ elementlərin məhdud istifadəsi, bu dövr memarlığında xarici və daxili lakonikliyə çatmaq cəhdləri ilə əlaqədardır. Memarlıq ifadəliyi isə, qapı və pəncərə yerlərinin müxtəlif formaları, divarların bəzi hissələrinin plastik zənginliyi və fasad səthlərinin hissələrə bölünməsində öz əksini tapırdı.
VIII-XIV əsrlər 280px|thumb|left|Ağdamar adasında memar Manuel tərəfindən 915-921-ci illərdə inşa edilmiş Müqəddəs Xaç kilsəsi. Van ili, Türkiyə VIII əsrin əvvəllərindən başlayaraq regiona ərəb yürüşlərinin təsiri ilə memarlıq və şəhərsalmada durğunluq yaranır. Bu dövrdə daha çox mülki tikililərin inşası davam etdirilir, bəzi hallarda isə ayrı-ayrı kiçik hökmdarlıqlar ərazisində monumental bina inşası həyata keçirilir (məsələn, Artavazd Kamsarakanın mavzoleyi kimi). Ağır siyasi mühitə baxmayaraq, erməni katolikosları hər imkanda yeni kilsə binalarının tikintisini dəstəkləyirlər (məsələn, I David Aramoneçi (728-741-ci illərdə katolikos olub) kilsə və saray tikdirir). Bu dövrdə Dvin iç qalasında zadəgan mülkləri inşa edilir. Erkən orta əsrlərdə isə xıra memarlıq nümunəsi olan xaçkarların yaradılması incəsənətinin formalaşması başa çatır.
IX əsrdə Ani hökmdarlığının yaradılmasından sonra, erməni memarlığı intibah dövrünü yaşayır. Bu bölgənin ölkənin əsas şəhərlərində IV-VII əsrlərin memarlıq metod və ənənələrini inkişaf etdirən dəyərli memarlıq nümunələri inşa edilir. Tarix-stil vahidliyi əsasında Ani-Şirak, Taşir-Zoraqet və Vaspurakan memarlıq məktəbləri inkişaf edir.
İnkişaf etmiş şəhərlərdən başqa, memarlıq həm də kiçik hökmdarlıqlarda, qalalarda və xüsusilə dini komplekslərin ərazisində inkişaf edərək, onların sürətli inkişafına və yeni mədəni mərkəzə çevrilməsinə təkan verir.
IX əsrin əvvəllərində inşa edilən ilk məbədlər, VII əsrin xaçvari günbəz örtüklü, üç və dörd apsidalı kilsə kompozisiyalarını təkrar edirlər (874-cü ildə Göyçə gölü ətrafında inşa edilmiş Sevanavəng və Ayravəng). Lakin, bənzər planlı digər tikililərdə yan otaqların genişləndirilməsi (877-888-ci illərdə tikilmiş Şoqakavəng monastırı), həmçinin həmin yan otaqların tikilinin ümumi kompozisiyasına daxil edilməsi (Kotavəng və Makenyats monastırları) tendensiyaları müşahidə edilir. Kompozisiya tapşırığına yaradıcı yanaşma sayəsində, 911-ci ildə Vayots Dzor mərzində inşa edilmiş Karakop monastırının əsas kilsə binasında günbəz daşıyıcı pilonlar yerinə künclərdəki dörd yan otağın divarlarına söykənmişdir. 903-cü ildə Kotavəng kilsəsi, X əsrin I yarısında Byurakanda Müqəddəs Vəftizçi İohann kilsəsi, 936-cı ildə Vayots-dzorda günbəzli Qndevəng məbədi, X əsrin sonlarında isə Makenyats kilsəsi inşa edilir. 280px|thumb|right|940-cı illərdə Ani hökmdarı Abbasın sifarişi ilə Qars şəhərində inşa edilmiş Müqəddəs həvarilər kilsəsini.