İbn Rəcəb () və ya tam adı ilə Əbül-Fərəc Zeynəddin Əbdürrəhman ibn Əhməd ibn Əbdirrəhman Rəcəb əl-Bağdadi əd-Dəməşqi əl-Hənbəli () — Hənbəli fəqihi, müfəssir və mühəddis.
Bioqrafiyası İbn Rəcəb hicri 736-cı ildə (noyabr 1335) Bağdadda anadan olub. Babası Rəcəb ayında dünyaya gəldiyi üçün, ona babasına nisbətlə "İbn Rəcəb" deyilmişdir.
İlk təhsilini mühəddis olan atası və babasından alıb. Kiçik yaşlarından Əbdürrəhim ibn Abdullah əz-Zərirəninin Bağdaddakı Mücahidiyyə mədrəsəsindəki dərslərində iştirak edib.
Atasının təşviqi ilə yenə kiçik yaşlarında Bağdaddakı Səfiyyəddin ibn Əbdülhəq əl-Bağdadi, Ələməddin əl-Birzəli və Əbu Abdullah Məhəmməd ibn Əhməd ət-Təli əd-Dəməşqi kimi alimlərin elm məclislərində iştirak etdi və onlardan icazət (diplom) aldı.
Hicri 744-cü (1343) ildə atasıyla birlikdə Dəməşqə getdi. Orada mühəddis İbn ən-Nəqib əl-Misri və Ələddin Əhməd ibn Əbdülmömin əs-Subkidən icazət aldı. Məhəmməd ibn İsmayıl əl-Həbbaz və İbrahim ibn Davud əl-Əttar kimi mühəddislərdən hədis dinlədi.
Oradan Nablusa gedərək Hafiz İbn Bədrənin tələbələrinin dərslərində iştirak etdi. Ardınca Qüdsdə Əlaidən də hədis dinlədi.
Hicri 748-ci (1347) ildə atasıyla birlikdə Bağdada qayıtdı. Bu minvalda Əbül-Məali Məhəmməd ibn Əbdürrəzzaq əş-Şeybanidən hədis öyrəndi.
Sonrakı il atasıyla birlikdə həccə getdi. Məkkədə Əbu Həfs Ömərdən Buxarinin "Sülasiyyat"ını dinlədi.
Qayıtdığı Dəməşqdə İbn Qəyyim əl-Cövziyyəyə tələbəlik etdi və onun ölümünə kimi müəllimin yanında qaldı.
Daha sonra Qahirəyə gedib İbn əl-Müluk və Məhəmməd ibn Məhəmməd ibn Əbül-Hərəm əl-Qəlanisinin hədis halqasına qoşuldu.
Hicri 763-cü (1362) ildə yenidən həccə getdi.
Müəllimləri arasında Zeynəddin əl-İraqi, İbn Əbdülhadi, Fəxrəddin Osman ibn Yusif ən-Nuri, Əbu Abdullah Məhəmməd ibn Əbdüləziz əl-Vərraq, Ələddin Əli ibn Zeynəddin əl-Münəcca kimi alimlər də vardır.
Nəhayət Dəməşqdə məskunlaşan İbn Rəcəb, müəllimi İbn Qazil-Cəbəlin vəfatından (v. 1370) sonra onun söhbətlərini davam etdirdi və İbn ət-Təqinin ölümünün (v. 1386) ardınca Hənbəliyyə Mədrəsəsində dərs deməyə başladı. Bundan başqa Öməriyyətüş-Şeyxiyyə və Türbətül-İzziyyə mədrəsələrində moizələr oxudu.
İbn Rəcəb, Qəssaindəki Sükkəriyyə Mədrəsəsində hədis və fiqh dərsləri deməklə məşğul olmuşdu. Aralarında Məhəmməd ibn Əhməd əl-Məqdisi, İbn əl-Ləhham, İbn ər-Rəssam, Əbdürrəhman ibn Əhməd ibn Əyyaş, Qazıl-qudat Əbül-Fəzl Muhibbəddin Əhməd ibn Nəsrullah əl-Bağdadi, İbn əl-Müləqqin və Əbu Zər Əbdürrəhman ibn Məhəmməd əl-Misri kimi alimlərin də olduğu bir çox tələbə yetişdirmişdir.
4 Ramazan 795-ci (14 iyul 1393) ildə Dəməşqda vəfat etmiş və Bab əs-Sağir qəbiristanlığında dəfn olunmuşdur. Qəbri Şamdakı ziyarətgahlardan biridir. Bəzi mənbələrdə vəfat etdiyi ayın Rəcəb olduğu da qeyd edilir.
Əsərləri İbn Rəcəb əsasən fiqh, kəlam, hədis, təfsir, tarix və bioqrafiya sahələrində çoxlu əsərlər qələmə almışdır. Onlardan bəziləri bunlardı:
Fiqhlə bağlı əsərləri: "əl-Qəvaid" (Təqrirül-qəvaid və təhrirül-fəvaid), "əl-İstixrac li-əhkamil-xərac", "əl-Qaidətüz-zəhəbiyyə fil-muəmalətil-İslamiyyə", "Lə zərarə və lə dirar" (Qahirə. 1990), "Lətaifül-məarif fimə li-məvasimil-əm minəl-vəzaif" və s. Bioqrafiya və tarixlə bağlı əsərləri: "əz-Zeyl alə Təbəqatil-Hənəbilə" (Dəməşq. 1370; I–II. Qahirə. 1372), "Sirətü-Əbdilməlik ibn Ömər ibn Əbdiləziz", "Fəzailüş-Şam". Hədislə bağlı əsərləri: "Fəthül-bari alə Səhihil-Buxari", "Şərhu-İləlit-Tirmizi", "Cəmiul-ülum vəl-hikəm fi şərhi-xəmsinə hədisən min cəvamiil-kiləm", "İxtiyarül-əvla fi şərhi hədisi ixtisamil-mələil-alə" və s. Əqidə-kəlamla bağlı əsərləri: "ət-Təxvif minən-nar vət-tərif bi-hali daril-bəvar" (Qahirə. 1992), "Müxtəsəru-Şuabil-iman", "Kəlimətül-ixlas və təhqiqu-mənaha" və s. Təsfirlə bağlı əsərləri: "Təfsiru-surətin-Nəsr", "Təfsiru-surətil-İxlas", "Təfsiru-surətil-Fələk" və s. O yuxardakı əsərlərdən başqa əsərlər də qələmə almışdır. Ondan bəziləri bunlardır: "Fəzlü ilmis-sələf alə ilmil-xələf" (Beyrut. 1983), "əl-Fərq beynən-nəsihə vət-təyir", "İstinşaqu nəsimil-üns min nəfəhati riyazil-qüds" və s.
İstinadlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:XIV əsr tarixçiləri
Kateqoriya:Hənbəlilər