Qəni İbrahimi () ― İran azərbaycanlısı siyasətçi və siyasi məhbus. Bakıda yaradılmış Ədalət Partiyasının, İran Kommunist Partiyasının və Tudə Partiyasının üzvü olub. Dəfələrlə təqiblərə və həbslərə məruz qalıb. Siyasi fəaliyyətinə görə Nəhavənd şəhərinə sürgün edilib. 20 ildən çox sürgündə yaşadıqdan sonra polis əməkdaşları tərəfindən zəhərlənərək öldürülüb.

Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin və Tudə Partiyasının İcraiyyə Heyətinin üzvü Ənuşirəvan İbrahiminin atasıdır. Hər iki övladı siyasi fəaliyyətlərinə görə edam olunublar.

Həyatı Qəni İbrahimi Astara şəhərində anadan olub. Atası Mirzə Ağabala tacir olduğu üçün daim xarici səfərlərdə olub. Qəni İbrahimi də atası ilə birlikdə bir müddət Bakı və Qafqazın bir neçə şəhərlərində yaşayıb. Bakıda yaşadığı müddətdə Sosial-Demokrat partiyasının üzvləri və inqilabçılarla tanış olub. Daha sonra özü də ticarətlə məşğul olmağa başlayıb. Daha çox Bakı ilə ticarət əlaqələri qurduğuna görə özünə Mərdəkanda ev alıb.left|thumb|200x200px|Nəhavəndə şəhərində sürgündə ikən.Oktyabr inqilabından sonra siyasətlə aktiv məşğul olmağa başlayıb. 1916-cı ildə Bakıda yaradılmış Ədalət Partiyasının üzvü olub. 1918-ci ildə partiyanın Astara şöbəsini təsis edib. 1920-ci il iyul ayında Ənzəli şəhərində Ədalət partiyasının ilk konqresində partiyanın adı İran Kommunist Partiyası adlandırılıb. Siyasi fəaliyyətinə görə daim təqib olunub. 1931-ci ildə həbs olunub. Onunla eyni vaxtda Mirəyyub Şəkiba, Fərzi Dehqan, Məmi Dehqan, Sadıq Zamani və Sadıq Sasani kimi partiya fəalları da həbs olunublar. Qəni İbrahimi Ərdəbildə saxlanıldığı müddətdə işgəncələrə məruz qalıb. Sirr verməsin deyə özünü yandıraraq intihar edib. Amma onu xilas edə biliblər. Daha sonra isə Təbrizə aparıblar. Bir müddət Təbrizdə həbsxanada cəza çəkdikdən sonra Tehranda yerləşən Qəsri Qacar həbsxanasına köçürülüb. 2 il sonra xəstələndiyi üçün Nəhavənd şəhərinə sürgün edilib. Sürgündə olmasına baxmayaraq fəaliyyətini davam etdirib. 1941-ci ildə Tudə Partiyası qurulduqdan sonra partiyanın Nəhavənd şöbəsini yaradıb. Yoldaşlarının köməyi ilə Nəhavənd şəhərində yerləşən Sədi məktəbində teatr yaradıb. Teatrda səhnələşdirmək üçün inqilabi mövzulu pyeslər yazıb. 1946-cı ilin dekabr ayında həbs olunub. Həbsdə ikən ağır işgəncələrə məruz qalıb. Həbsdən çıxdıqdan sonra daim təqiblərə məruz qalıb. 1958-ci ildə yenidən saxlanılıb. Polis şöbəsindən buraxıldıqdan sonra 1958-ci ilin dekabr ayında dünyasını dəyişib. Həkimlərin diaqnozuna görə Qəni İbrahimi həbs olunarkən polis əməkdaşları tərəfindən zəhərlənib. Nəhavənd şəhərində dəfn olunub.

Ailəsi Qəni İbrahimi Fatimə Şirvani ilə ailə qurub. Bu evlilikdən İrəc, İqlimə, İranduxt adlı qızları və Firudin, Ənuşirəvan adlı oğulları olub.

Böyük oğlu Firudin İbrahimi jurnalist və hüquqşünas olub. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü və Azərbaycan Milli Hökumətinin baş prokuroru olub. "Azərbaycanın qədim tarixi haqqında", "Sülh uğrunda" kitablarını yazıb. Şah qoşunu Təbrizə daxil olduqdan sonra Təbrizi tərk etməyib. 4 fədai ilə birlikdə Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin binasında səngər quraraq bir neçə gün onlara və qarətçilərə qarşı döyüş aparıb. 1946-cı il dekabrın 15-də güllələri bitdiyi üçün həbs olunublar. 1947-ci ilin may ayının 22-də Təbrizdə, Gülüstan bağında dar ağacından asılıb.

Kiçik oğlu Ənuşirəvan İbrahimi də siyasətlə məşğul olub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Təbrizə gedib və orada yeni açılmış Polis Akademiyasında təhsil almağa başlayıb. 1946-cı ildə Firudin İbrahimi ilə birlikdə şah ordusuna qarşı formalaşdırılan "Babək" könüllü dəstələrinin təşkilatçılarından biri olub. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Şimali Azərbaycana mühacirət edib. Burada təhsilini davam etdirib və alimlik dərəcəsi alıb. 1979-cu ildə İran İslam İnqilabından sonra Tudə Partiyasının İcraiyyə Heyətinin üzvü kimi İrana gedib. Burada bütün ölkə ərazisində şəhər, vilayət və əyalət təşkilatlarını bərpa etmək istiqamətində işlər görüb. 1982-ci ilin əvvəllərində 3000-dən çox firqə üzvü, eləcə də Ənuşirəvan İbrahimi həbs olunub. 1987-ci il sentyabrın 13-də Tehranda yerləşən Evin həbsxanasında edam olunub.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Tudə partiyasının üzvləri Kateqoriya:Astarada (İran) doğulanlar Kateqoriya:İran azərbaycanlısı siyasətçilər Kateqoriya:İran kommunistləri