Eperne () — Fransada şəhər, Marna departamentinin qərbində, Marna çayının sahilində yerləşən Eperne rayonunun mərkəzidir. Şəhərin əhalisi 26 min nəfərdir, yaxın yaşayış məntəqələri ilə birlikdə isə 34 min nəfərə çatır.
Eperne dairəsi 10 kantona, 164 kommunaya bölünür və ümumilikdə 92 min nəfər əhalisi vardır.
Tarix
X əsrə qədər Eperne Rems arxiyepiskoplarına məxsus idi, sonradan isə Şampan qraflarının mülkiyyətinə çevrilmişdir. XVII və XVIII əsrlərdə o, Latur d’Overn nəslindən olan Buiyon hersoqlarına məxsus olmuşdur. Şəhərin yaxınlığında isə Konde qəsri — Konde şahzadələrinin irsi mülkü ucalır.
Şəhərin meri yazıçı Moris Renarın babası Pyer Eduar Renar olmuşdur. Moris Renar məktəb illərində tez-tez yay tətilini bu yerlərdə keçirirdi. Eperne ətrafı və Sen-Remi qəsri onun fantastik romanın olan "Yarımtanrı Doktor Lern" əsərindəki hadisələrin cərəyan etdiyi məkanlarına prototip olmuşdur.
Şərabçılıq
Eperne şərabçılıq regionunda yerləşir və şampan istehsalının əsas mərkəzlərindən biri hesab olunur. Şəhərin turistlər tərəfindən görməli olduğu yerlərindən biri əhəngdaşı qayalarında yonulmuş katakombalar hesab olunur. Bu katakombalar Avropanın böyük ticarət evlərinə şərab zirzəmisi kimi xidmət etmişdir. Təkcə məşhur Moët & Chandon şirkətinin təkbaşına 28 km uzunluğunda bu yeraltı dəhlizlərə sahib olduğu şirkətin bələdçiləri tərəfindən turistlərə bildirilir.
Eperne sakinləri buranın artıq yüz əlli ildən çoxdur istehsal olunan şampanın qeyri-rəsmi paytaxtı statusu uğrunda mübarizə aparırlar. Bəzi şampan evlərində muzeylər fəaliyyət göstərir və burada ekskursiyalar zamanı XIX əsrdən bu günə qədər şərab istehsalının bütün texnoloji prosesi nümayiş etdirilir. Ən məşhur ekskursiyalar De Castellane və Mercier şampan evlərinin muzeylərinə təşkil olunur.
XIX əsr Rusiyasında isə "eperne" sözü elitar, ən bahalı şampanı ifadə edirdi. Şair knyaz P. A. Vyazemski dostu Denis Davıdova "Eperne" adlı şeir həsr etmişdir.
İstinadlar
Xarici keçidlər
Official website
Kateqoriya:Fransa şəhərləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri