Vindhya — silsiləsi Hindistanın qərb-mərkəzi hissəsində yerləşən, mürəkkəb və fasiləli dağ silsilələri, təpə zəncirləri, yüksəkliklər və yayla uçurumlarından ibarət bir sistemdir.

Texniki baxımdan Vindhya dağları Hindistanın ən hündür dağ silsilələri sırasına daxildir. Vindhyaların dəqiq sərhədləri aydın şəkildə müəyyən edilməmişdir və tarixi baxımdan bu termin Mərkəzi Hindistanda bir neçə fərqli təpə sistemini, o cümlədən bu gün Satpura silsiləsi kimi tanınan ərazini də əhatə edirdi. Bu gün isə termin əsasən Madhya-Pradeş əyalətində Narmada çayının şimalında və ona təxminən paralel uzanan uçurum və onun təpəlik davamlarını ifadə edir. Tərifdən asılı olaraq, silsilə qərbdə Qücəratadək, şimalda Uttar-Pradeş və Bihara, şərqdə isə Çhattisqarha qədər uzana bilər. Vindhyaların orta hündürlüyü də müxtəlif mənbələrə görə dəyişir.

Vindhya dağları Hindistan mifologiyasında və tarixində böyük əhəmiyyətə malikdir. Bir sıra qədim mətnlərdə Vindhyalar qədim hind-ari xalqlarının ərazisi olan Aryavartanın cənub sərhədi kimi göstərilir. Bu gün hind-ari dilləri Vindhyaların cənubunda da danışılmasına baxmayaraq, bu dağ silsiləsi hələ də Şimali və Cənubi Hindistan arasında ənənəvi sərhəd hesab olunur. Keçmiş Vindhya Pradeş əyaləti də adını Vindhya dağ silsiləsindən almışdır. Etimologiya və adlar Amarakosha əsərinə yazılmış bir şərhin müəllifinə görə, Vindhya sözü sanskrit dilindəki vaindh (“mane olmaq, qarşısını kəsmək”) sözündən yaranmışdır. Mifoloji bir rəvayətə görə (aşağıda qeyd olunur), Vindhya dağları bir vaxtlar Günəşin yolunu bağlamış və ad da buradan qaynaqlanmışdır. Ramayana dastanında deyilir ki, daim böyüyən və Günəşin yolunu kəsən böyük Vindhya dağı, müdrik Aqastyanın sözünə itaət edərək daha da böyüməyi dayandırmışdır. Başqa bir nəzəriyyəyə görə isə “Vindhya” adı sanskrit dilində “ovçu” mənasını verir və bu ad bölgədə yaşayan qəbilə ovçu-yığıcılarla əlaqəli ola bilər

Vindhya silsiləsi həmçinin “Vindhyachala” və ya “Vindhyachal” adı ilə də tanınır; achala (sanskrit) və ya achal (hind dili) şəkilçisi “dağ” mənasını ifadə edir. Mahabharata eposunda bu silsilə Vindhyapadaparvata adı ilə də xatırlanır. Yunan coğrafiyaşünası Ptolemey bu dağ silsiləsini Vindius və ya Ouindion adlandırmış və onu Namados (Narmada) və Nanagouna (Tapti) çaylarının mənbəyi kimi təsvir etmişdir. Kaushitaki Upanişadda qeyd olunan “Daksinaparvata” (“Cənub dağı”) da Vindhya dağları ilə eyniləşdirilir.

Mədəni əhəmiyyəti Vindhya dağları ənənəvi olaraq Hindistanın şimalı ilə cənubu arasındakı coğrafi sərhəd hesab olunur və Hindistanın həm mifologiyasında, həm də coğrafiyasında mühüm və seçkin mövqeyə malikdir. Qədim Hind mətnlərində Vindhyalar indo-arilərin yaşadığı ərazilərlə digər xalqların torpaqları arasındakı ayırıcı xətt kimi təqdim edilir. Ən qədim hindu mətnləri onları Aryavartanın cənub sərhədi kimi qəbul edir. Mahabharata dastanında qeyd olunur ki, Nişadalar və digər mleçça tayfaları Vindhya meşələrində yaşayırlar. Daha sonralar indo-ari dilləri (məsələn, marathi və konkani) Vindhyalardan cənuba doğru yayılsa da, Vindhya dağları Hindistanın şimalı ilə cənubu arasında ənənəvi sərhəd kimi qəbul edilməyə davam etmişdir.

Vindhyalar Hindistan mifoloji rəvayətlərində də mühüm yer tutur. Dağlar çox hündür olmasa da, tarixən sıx bitki örtüyü və orada yaşayan düşmən tayfalar səbəbindən son dərəcə keçilməz və təhlükəli hesab olunmuşdur. Ramayana kimi qədim sanskrit mətnlərində Vindhyalar adamyeyənlər və cinlər tərəfindən məskunlaşmış naməlum ərazi kimi təsvir edilir. Sonrakı mətnlərdə isə Vindhya silsiləsi Şaktinin (ilahə Kali və ya Durqanın) qəzəbli formasının məskəni kimi göstərilir; o, cinləri məhv etdikdən sonra burada yaşamışdır. İlahə Vindhyavasini (“Vindhya sakini”) adlandırılır və ona həsr olunmuş məbəd Uttar Pradeş ştatındakı Vindhyaçal şəhərində yerləşir. Mahabharata Vindhyaları Kalinin “əbədi məskəni” kimi xatırladır.

Bir əfsanəyə görə, Vindhya dağı bir zamanlar Meru dağı ilə yarışaraq o qədər böyümüşdü ki, günəşin qarşısını kəsmişdi. Müdrik Aqastya isə cənuba keçə bilməsi üçün Vindhyadan öz hündürlüyünü azaltmağı xahiş etdi. Aqastyaya hörmət əlaməti olaraq Vindhya alçaldı və Aqastya şimala qayıdana qədər bir daha böyüməyəcəyinə söz verdi. Aqastya cənubda məskunlaşdı və Vindhya dağı verdiyi sözə sadiq qalaraq bir daha böyümədi.

Valmikinin Ramayanasının Kişkindha Kandasında Mayanın Vindhya dağlarında bir saray tikdiyi qeyd olunur. Daşakumaracarita əsərində isə Maqadha kralı Racahamsa və onun nazirlərinin müharibədə məğlub olduqdan sonra öz krallıqlarından qovulmaları və Vindhya meşəsində yeni bir koloniyanın əsasını qoymaları təsvir edilir.

Vindhya dağları Hindistanın milli himnində adı çəkilən cəmi iki dağ silsiləsindən biridir; digəri isə Himalay dağlarıdır.

İstinadlar

Kateqoriya:Dağ silsilələri Kateqoriya:Hindistan Kateqoriya:Asiya dağları