Şahzadə Əbülfəzl və Rəna xanım — Səkinə Axundzadənin müəllifi olduğu roman. Azərbaycan ədəbiyyatında qadın müəllifliyi ilə yazılmış ilk roman hesab olunur.
Haqqında Azərbaycan ədəbiyyatında qadın müəllifliyi ilə yazılmış ilk roman Səkinə Axundzadənin “Şahzadə Əbülfəzl və Rəna xanım” əsəri hesab olunur. Romanın müqəddiməsində nəşr tarixi Abuzər Orucovun nəşriyyatı, hicri 1326, miladi 1918-ci il kimi göstərilsə də, tədqiqatçılar əsərin daha əvvəl qələmə alındığını bildirirlər. Ədəbiyyatşünas Nazif Qəhrəmanlının araşdırmalarına görə, “Şahzadə Əbülfəzl və Rəna xanım” əvvəlcə roman kimi deyil, opera ssenarisi (libretto) formasında yazılmışdır. Bu barədə 9 yanvar 1914-cü il tarixli “Sədaye-həqq” qəzeti məlumat verərək, Hacıbala Şərifovun Səkinə xanım Axundzadə ilə birgə “Şahzadə Əbülfəz” adlı opera üzərində çalışdığını qeyd etmişdir. Lakin sonrakı mənbələrdə əsərin səhnələşdirilməsi barədə məlumatlara rast gəlinmir və ehtimal edilir ki, opera müxtəlif səbəblərdən tamaşaya qoyulmamışdır. Mövcud faktlara əsasən, əsərin 1912–1913-cü illərdə opera ssenarisi kimi yazıldığı, sonradan isə 1918-ci ildə Səkinə Axundzadə tərəfindən roman adı ilə nəşr edildiyi qənaətinə gəlinir.
“Şahzadə Əbülfəzl və Rəna xanım” romanı mərhum tədqiqatçı Nazif Qəhrəmanlı tərəfindən transfonliterasiya edilmişdir. O, yazıçının anadan olmasının 140 illiyi münasibətilə (2005) əsəri özünün ön sözü və Səkinə Axundzadənin yaradıcılığına dair həmin vaxta qədər yazılmış məqalələrlə birlikdə “Səkinə xanım Axundzadə – müəllim, teatr xadimi, dramaturq” adlı kitabda nəşr etdirmişdir.
Ədəbi qiymətləndirmə XX əsrin əvvəllərində Azərbaycan qadını yaradıcılıq sahəsində ciddi məhdudiyyətlərlə üzləşdiyindən, Səkinə Axundzadənin bu əsəri daha çox maarifçi və təşəbbüskar xarakter daşıyır.
Əsər “roman içində roman-nağıl” prinsipi ilə qurulmuşdur. Kiçik təbiət təsviri ilə başlayan əsas süjet tərəkəmə qızının nişanlısını uzun müddət gözləməsi ilə açılır. Ardınca yaşlı bir qadının danışdığı hekayə vasitəsilə əsas hadisələr təqdim olunur. Hekayənin sonunda oğlanın qayıdışı, qısa müddət sonra isə toy və xoşbəxt həyat təsvir edilir. Əsərin adı da məhz bu hekayə ilə əlaqədardır.
Daxili hekayə Misir şahzadəsi Əbülfəzlin yuxuda Sərvinazdan buta alması ilə başlayır. Uzun səfərlərə çıxan Əbülfəzl səhrada Rəna xanımla qarşılaşır və aralarında dərin məhəbbət yaranır. Rəna xanım Əbülfəzlin bütün çətinliklərində ona dayaq olur və sədaqət nümunəsi göstərir. Lakin Əbülfəzlin Sərvinazla evlənərək onu Rənanın yanına gətirməsi faciəvi hadisələrə səbəb olur. Nəticədə Rəna xanım intihar edir, ardınca Əbülfəzl də həyatına son qoyur, Sərvinaz isə ürək tutmasından vəfat edir; hər üçü eyni məqbərədə dəfn olunur.
“Şahzadə Əbülfəzl və Rəna xanım” istər forma, istərsə də məzmun baxımından nağıl və dastan elementlərini xatırladır. Əsərdə Şərq klassik ədəbiyyatına məxsus motivlər – buta, ikili sevda, sədaqət, faciəvi sonluq – geniş yer tutur. Bu xüsusiyyətlər orta əsr romanlarına xas olan sintez xarakteri ilə izah olunur və əsərin klassik Şərq ədəbi ənənələrinin təsiri altında yazıldığı qənaətinə gətirir.
Əsərdə nəzm və nəsr növbələşməsi müşahidə olunur; ümumilikdə 260 misradan artıq şeir parçası yer alır. Bəzi poetik hissələrdə forma baxımından qüsurlar nəzərə çarpsa da, qoşma və gəraylılar Səkinə Axundzadənin şairlik potensialını nümayiş etdirir.
İstinadlar
Xarici keçidlər
Romanın elektron versiyası — Azərbaycan Milli Kitabxanasının elektron resursu.
Kateqoriya:Azərbaycan romanları Kateqoriya:Azərbaycan dilində romanlar Kateqoriya:Azərbaycanda qadın ilkləri