Qum məscidi — 1907-ci ildə Astara şəhərində tikilmiş məscid. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Qum məscidi 1907-ci ildə Astara şəhərində Qum küçəsində tikilib. Məscid yerləşdiyi küçənin əhalisinin vəsaiti ilə tikilib. Bundan başqa, onun tikintisinə Hacı Zeynalabdin Tağıyevin də maddi yardım göstərdiyi qeyd olunur.

Məscidin əsas binası bişmiş kərpicdən tikilib. Döşəmədən tavana qədər 5,5 metrdir. Mehrabının hündürlüyü 4,5 metrdir. Minbəri taxtadandır və 5 pillədən ibarətdir. İbadət zalında beş tağvari pəncərə qoyulub. Məscidin əsas giriş qapısının üstündə daş kitabə həkk olunub. Orada məscidin inşa tarixi qeyd edilib. Belə ki, burada məscidin hicri-qəməri ilə 1325-ci il cəmadi əl-axər ayında tikildiyi göstərilib. Məscidin damının örtüyü qırmızı kirəmitdəndir. Məscidin güldəstə formasında olan günbəzi səkkizguşəli olub, şəbəkələrlə işlənib. Həyətyanı sahəsi 1200 kv.metr, kişilər üçün nəzərdə tutulmuş ibadət zalının sahəsi 13x7 metrdir. Qadınlar şöbəsi isə üç hissədən ibarət olub, hər birinin ayrı-ayrılıqda sahəsi 7x4 metrdir.

Sovet işğalından sonra Azərbaycanda dinə qarşı mübarizə aparılsa da məscidlərin əksəriyyəti fəaliyyətini dayandırsa da Qum məscidi fəaliyyətini davam etdirib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1992-ci ildə məsciddə təmir-bərpa işləri aparılıb. 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məsciddə Astara şəhəri "Qum" məscidi dini icması fəaliyyət göstərir.

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Astara rayonunun məscidləri Kateqoriya:Astaranın görməli yerləri