Deybel əl-Xuzai (; tam adı: Əbu Əli Dibil ibn Əli ibn Razin əl-Xuzai; ) — Abbasilər xilafəti dövründə yaşamış məşhur ərəb şairi və şiə xadimi. O, şiə imamlarından Cəfər əs-Sadiq, Musa əl-Kazım, Əli ibn Musa ər-Rza və Məhəmməd Təqi dövründə yaşamışdır.

Nəsəbi və nəsli

Şairin tam nəsəbi belədir: Deybel ibn Əli ibn Rəzin ibn Osman ibn Əbdürrəhman ibn Abdulla ibn Budeyl ibn Vərqa ibn Əmr ibn Rəbiə ibn Əbdülüzza ibn Rəbiə ibn Cuzi ibn Amir ibn Mazin ibn Ədl ibn Əmr ibn Rəbiə əl-Xuzai əl-Kufi. Künyəsi Əbu Əli və ya Əbül-Cəfərdir. O, hicri II-III əsrlərdə (hicri 148–246 / miladi 765–860) yaşamış, ərəb poeziyasının birinci təbəqəsinə aid edilən şiə alimi, şairi və ədibi olmuşdur.

Ailəsi

Rəzin ailəsi elm, fəzilət və ədəbiyyat mühiti ilə tanınmış, bu nəsildən bir çox mühəddis və şair yetişmişdir. Atası Əli ibn Rəzin əl-Xuzai dövrünün tanınmış şairlərindən biri idi. Deybelin ulu babası Abdulla ibn Budeyl İslam peyğəmbəri Məhəmmədin səhabəsi və elçisi, həmçinin İmam Əlinin yaxın tərəfdarlarından olmuşdur. O, Siffeyn döyüşündə Xuzai qəbiləsi ilə birlikdə I Müaviyəyə qarşı vuruşmuş və üç qardaşı ilə birlikdə bu döyüşdə həlak olmuşdur.

Deybelin qardaşı Əbül-Həsən Əli də şair olmuş və təxminən 500 vərəqlik divan qələmə almışdır. O, miladi 813-cü ildə (hicri 198) qardaşı Deybel ilə birlikdə İmam Əli ibn Musa ər-Rzanın hüzuruna səfər etmiş və bir müddət onun elmindən bəhrələnmişdir. Deybelin digər qardaşı Rəzin və əmisi oğlu Əbül-Şiys də dövrünün tanınmış şairlərindən idilər.

Uşaqlıq və gənclik illəri

Uşaqlıq və yeniyetməlik illərini Kufə və Bəsrə şəhərlərində keçirən Deybel, daha sonra Bağdada köçərək təhsilini davam etdirmişdir. O, ərəb dili və poeziyasını Harun ər-Rəşidin və Bərməkilərin saray şairi olan, "Səriül-Qəvani" ləqəbli Müslüm ibn Vəlid əl-Ənsaridən öyrənmiş və gənc yaşlarından şeir yazmağa başlamışdır.

Deybel əl-Xuzai uzun ömrü ərzində dörd şiə imamının (Cəfər əs-Sadiq, Musa əl-Kazım, Əli ibn Musa ər-Rza və Məhəmməd Təqi) dövrünə şahidlik etmiş, həmçinin Abbasilər sülaləsindən olan bir neçə xəlifənin (Mehdi, Hadi, Harun, Əmin, Məmun, Əl-Mötəsim, Vasiq və Mütəvəkkil) hakimiyyəti illərində yaşamışdır.

Həyatı

Deybel əl-Xuzai Kufədə, ədəbiyyat və fəzilət sahibi olan bir ailədə dünyaya gəlmişdir. Onun atası, babası və qardaşları da şair idilər. Deybel dövrün xəlifələrinə və dövlət xadimlərinə yazdığı kəskin həcvlərinə görə daimi təqiblərlə üzləşmiş, həyatının böyük hissəsini qaçqınlıq və səfərlərdə keçirmişdir.

İmam Əli ər-Rzanın Mərv şəhərinə gəlişindən sonra Deybel də Xorasana yola düşmüşdür. O, əhli-beytin fəzilətlərindən və tarixindən bəhs edən məşhur "Təiyyə" qəsidəsini Mərvdə İmam Rzaya oxumuşdur. Qəsidədən dərindən təsirlənən İmam ər-Rza şairə öz adına kəsilmiş yüz qızıl dinar və öz əbasını (cübbəsini) hədiyyə etmiş, həmçinin həmin vəzn və qafiyədə qəsidəyə iki beyt əlavə etmişdir.

Mərv səfəri və İmam ər-Rza ilə görüş

Əli ibn Musa ər-Rza Abbasilər xəlifəsi Əl-Məmunun vəliəhdlik təklifini qəbul edib Mədinədən Xorasana gəldikdə, Deybel əl-Xuzai digər şiə şairi olan qardaşı Əbül-Həsən Əli ilə birlikdə Xorasana yola düşmüşdür. Onlar Mərv şəhərində İmamın hüzuruna çıxmış və Deybel əvvəlcədən heç kəsə oxumayacağına dair əhd etdiyi məşhur qəsidəsini ifa etmişdir. Bəni-Haşimin tarixini, qəhrəmanlığını və əhli-beytin fəzilətlərini vəsf edən bu qəsidə məclisdəkilərə, o cümlədən İmam ər-Rzaya və xəlifə Məmuna dərindən təsir edərək onları ağlatmışdır. İmam ər-Rza şairin şeirinə eyni vəzn və qafiyədə iki beyt əlavə etmişdir; bu beytlər əhli-beytin çəkdiyi müsibətlərdən və Qaimin zühuru ilə bu qəm-qüssənin aradan qalxacağından bəhs edir.

İmam ər-Rza şairə öz adına kəsilmiş 100 qızıl dinar vermiş, Deybelin xahişi ilə öz şəxsi geyimlərindən olan bir cübbəni (əbanı) də ona bağışlamışdır. Xəlifə Məmun da şairə 50,000 dirhəm bəxşiş təqdim etmişdir. Deybel Xorasandan Qum şəhərinə köçdükdə, Qum əhli şairi razı salaraq İmamın hədiyyə etdiyi cübbəni onlara verməsini istəmiş, əvəzində cübbənin qolundan bir parçanı və 1,000 dinar pulu şairə təslim etmişdirlər.

Təqiblər və sui-qəsd nəticəsində vəfatı

Güclü iradəyə, cəsarətli və barışmaz xarakterə malik olan Deybel, ömrünün sonuna qədər şiə əqidəsini müdafiə etməkdən və müxaliflərini həcv etməkdən çəkinməmişdir. O, tez-tez: "Əlli ildir ki, edam kəndirimi çiynimdə daşıyıram, lakin heç kəs məni asmaqdan qorxur" — deyirdi. Bağdadda nüfuzlu ərəb əyanlarından olan Malik ibn Tövq ət-Təğlibi onu öldürmək qərarına gəldikdə, Deybel Bəsrəyə, oradan isə Əhvaza qaçmışdır. Malik bir nəfərə 10,000 dirhəm verərək şairi qətlə yetirməyi tapşırmışdır. Şair Şuş yaxınlığındakı Tayyibə kəndində olarkən, həmin şəxs işa (xüftən) namazından sonra ucluğu zəhərlənmiş xəncərli əsa ilə Deybelin ayağının arxa hissəsinə zərbə endirmişdir. Şair zəhərlənmiş və növbəti gün aldığı xəsarətdən vəfat etmişdir. Vəfat edərkən yaşının 97-dən yuxarı olduğu qeyd edilir. Miladi 860-cı ildə (hicri 246) vəfat edən şair Şuş şəhərində dəfn olunmuşdur.

Hədis rəvayətçiliyi

thumb|Şuş şəhərində yerləşən Deybel əl-Xuzai türbəsi

Deybel əl-Xuzai həm də hədis ravilərindən biri hesab olunur. Şiə mənbələri onun rəvayət etdiyi hədisləri, xüsusilə də İmam Əli ər-Rzadan vəd olunmuş xilaskarın (İmam Mehdinin) zühuru haqqında nəql etdiyi hədisi mötəbər sayırlar. Ondan hədis rəvayət edənlər arasında Əhməd ibn Əbi Davud, Əbuəs-Səlt əl-Hərəvi, Musa ibn Həmmad əl-Yəzidi, Abdulla ibn Səid əl-Əşqəri, Əli ibn əl-Həkim və Harun ibn Abdulla əl-Mühəllibi kimi şəxslər vardır.

Ədəbi irsi və ailəsi

Mənbələrdə şairin üç əsas əsərinin adı çəkilir: "Təbəqat əş-şüəra", "Əl-Vahidə fi mənaqib əl-ərəb və məsalibihə" və şeirlər divanı. Onun divanını ilk dəfə Əbu Bəkr əs-Suli 300 vərəq həcmində yığmış, daha sonra Həmzə ibn Həsən əl-İsfahani və müasir dövrdə Şeyx Məhəmməd Səmavi onun digər məcmuələrimi tərtib etmişdirlər. Onun şeirləri mədh, mərsiyə, həcv, həmçinin hikmətli nəsihətlərdən ibarətdir.

Deybelin ərəb ədəbiyyatında mədh janrının ən gözəl nümunələrindən biri hesab olunan "Təiyyə qəsidəsi"nə Əllamə Məclisi və Seyid Nemətullah Cəzayiri kimi görkəmli şiə alimləri tərəfindən şərhlər yazılmışdır. Şairin vəfatından sonra Abdulla və Hüseyn adlı iki oğlu qalmışdır ki, onlardan Hüseyn də sonradan tanınmış şair olmuşdur.

Şairdən geriyə qalan əsas əsərlər aşağıdakılardır: "Təbəqat əş-şüəra" (Şairlərin təbəqələri) "Əl-Vahidə fi mənaqib əl-ərəb və məsalibihə" "Divan" (Şeirlər məcmusu)

Ustadları və ədəbi fəaliyyəti

Deybel əl-Xuzai gənclik illərində ərəb dili və poeziyasını Harun ər-Rəşidin və Bərməkilərin saray şairi olan, "Səriül-Qəvani" ləqəbli Müslüm ibn Vəlid əl-Ənsaridən öyrənmiş və ömrünün sonuna qədər onu özünün ən əsas ustadı kimi qəbul etmişdir.

Mənbələrdə Əbu Bəkr əs-Suli tərəfindən yığılmış Deybel divanının təxminən 300 vərəqdən ibarət olduğu qeyd edilir. Şair ümumilikdə dörd mühüm kitabın müəllifidir: "Əl-Vahidə fi məsalib əl-ərəb və mənaqibihə": Şair bu əsərində Əməvilər sülaləsinin siyasətini kəskin şəkildə tənqid və məzammat etmişdir. "Təbəqat əş-şüəra" (Şairlərin təbəqələri): Dövrünün ən mühüm ədəbi mənbələrindən biri hesab olunan bu kitab, Deybelə qədər yaşamış ərəb şairlərinin həyat və yaradıcılığını əhatə edir. "Vəsayə əl-mülk" (Hökmdarların vəsiyyətləri). "Divan": Şairin özünün təxminən 1400 beytlik şeirlər məcmusudur. (Bu divan 2012-ci ildə Heydər Söhrabi tərəfindən geniş təhlil və şərh edilərək fars dilinə tərcümə olunmuşdur).

"Mədarisu ayatin" qəsidəsi

Deybel əl-Xuzainin əhli-beytin mədhinə və mərsiyəsinə həsr etdiyi 120 beytlik "Mədarisu ayatin" (Ayələrin dərslikləri) qəsidəsi bu mövzuda ərəb ədəbiyyatında qələmə alınmış ən mükəmməl mərsiyə nümunələrindən biri hesab olunur.

O hidayət nəbisidir, mələklər eylər ona salavat, Dua buyur, ruhu-pakına bizdən çatsın bu təhiyyat. Xatəmül-ənbiyanın qardaşıdır, pakdır hər bir xətadan, Döyüş meydanında aslandır, kafirə bəxş eylər məmat. Ey Fatimə, görsəydin Hüseyni qum üstə qanlar içində, Dodağı susuz can verdi, kənarında axırdı Fərat. O fəlakətdən sonra, ey Fatimə, döyərdin üz-gözünə, Ağlayıb yanağından sel tək axıdardın göz yaşını heyhat...

Şuş şəhərində heykəlinin ucaldılması və götürülməsi

1990-cı illərin əvvəllərində Şuş şəhər bələdiyyəsi Deybel əl-Xuzainin xatirəsinə simvolik bir heykəl hazırlatmış və şəhərin əsas meydanlarından birinə şairin adını verərək heykəli orada ucaltmışdır. Lakin bir neçə aydan sonra, səbəbi rəsmi olaraq açıqlanmadan heykəl mərkəzi meydandan götürülmüş və Deybel əl-Xuzai türbəsinin həyətinə köçürülmüşdür. Şairin adını daşıyan meydanın adı da dəyişdirilmişdir. Uzun illər türbə həyətində qaldıqdan sonra heykəl Şuş bələdiyyəsinin evinə (anbarına) aparılmışdır.

Təxminən 20 il sonra, Şuş şəhərinin ictimai və mədəniyyət fəalları şəhərin mədəni komponentlərindən biri olan bu heykəlin yenidən şəhərdə ucaldılmasını tələb etmişdirlər. Şuş şəhərinin YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsi ərəfəsində rayonun İran İslam Şurası Məclisindəki deputatı, Şuş Şəhər Şurasının sədri və bir çox sənətçilər heykəlin yenidən qoyulmasının vacibliyini vurğulamışdırlar. Mövzu ilə bağlı ISNA, Fars və Mehr xəbər agentlikləri müvafiq hesabatlar dərc etmişdilər.

Heykəlin sındırılması və yenisinin ucaldılması

Heykəlin 20 ildən sonra yenidən Şuş şəhərində müvafiq yerə qoyulması planlaşdırılarkən, xəbər agentlikləri abidənin sındırılması barədə məlumat yaymışdırlar. Bəzi media orqanlarında bu hadisənin qəsdən törədilməsinə dair şübhələr irəli sürülmüşdür. Mədəni İrs Xəbər Agentliyi isə hadisənin Şuş bələdiyyəsinin anbarda qeyri-standart saxlama şəraiti ucbatından baş verdiyini yazmışdır.

Nəhayət, mədəni irs fəallarının çoxillik səylərindən sonra, 21 iyul 2017-ci ildə Şuş bələdiyyəsi tərəfindən hazırlanmış yeni Deybel əl-Xuzai heykəli şəhərin girişində rəsmən ucaldılmışdır.

İstinadlar

Həmçinin bax

Əli ibn Musa ər-Rza Abbasilər xilafəti Həcv Kateqoriya:Korlar