Mariya Konopnitskaya (; ) — polyak şairə, yazıçı, uşaq yazıçısı, tərcüməçi, jurnalist, tənqidçi, həmçinin qadın hüquqları və Polşanın müstəqilliyi uğrunda mübarizə aparan aktivist. "Jan Sava" da daxil olmaqla müxtəlif təxəllüsləri olub. Konopnitskaya, Polşa pozitivizm dövrünün ən mühüm şairlərindən biri olub.

Həyatı Konopnitskaya, 23 may 1842-ci ildə Suvalkidə anadan olub. Atası Yuzef Vasilovski hüquqşünas olub. ilk təhsilini evdə aldıqdan bir il sonra (1855–56), Varşavadakı Sakramentka Rahibələri monastırının pansionatında oxuyub.

O, yazıçı kimi debütünü 1870-ci ildə "Qış səhərində" şeiri ilə edib. Gələcək Nobel mükafatı laureatı Henrik Senkeviç tərəfindən yüksək qiymətləndirilən və 1876-cı ildə nəşr olunan "Dağlarda" şeirindən sonra məşhurluq qazanıb.

1862-ci ildə Yaroslav Konopnitsk ilə ailə həyatı quran Mariyanın altı övladı olub. Həyat yoldaşı onun yazıçı karyerasına qarşı olduğu üçün bu evlilik xoşbəxt sonluqla nəticlənməyib. Dostuna yazdığı məktubunda o, özünü "ailəsi olmayan" və "qəfəsə salınmış quş" kimi təsvir edirdi. Nəhayət, 1878-ci ildə, qeyri-rəsmi ayrılıqdan sonra, həyat yoldaşını tərk edərək yazıçılıqla məşğul olmaq üçün Varşavaya köçüb. Övladlarını da özü ilə aparıb. Tez-tez Avropaya səyahət edən Mariyanın ilk böyük səfəri 1883-cü ildə İtaliyaya olub. Ömrünün 1890-1903-cü illərini Avropada, xaricdə yaşayaraq keçirib.

Onun həyatı nikahdankənar sevgi macəraları, itkilər və ailədəki psixi xəstəliklər də daxil olmaqla "çətin" olaraq xarakterizə edilib. O, pozitivizm dövrünün polyak qadın şairi Eliza Orjeşkova və rəssam, həmçinin fəal Mariya Dulebianka ilə dost olub.

Aktivist yazıçı olmaqla yanaşı, o, həm də Prussiyada etnik (əsasən polyak) və dini azlıqlara qarşı repressiyalara etiraz olaraq aksiyalar təşkil edən və o aksiyalarda iştirak edən ictimai fəal olub. O, qadın hüquqları müdafiəsi hərəkatında da yaxından iştirak edib.

Onun 1880-ci illərdəki ədəbi fəaliyyəti Polşada böyük rəğbət qazanıb. 1884-cü ildə uşaq ədəbiyyatı yazmağa başlayan Konopnitskaya, 1888-ci ildə isə "Dörd hekayə" adlı əsəri ilə nəsr yazarı kimi debüt edib. Konopnitskayanın hazırda muzey olan kənd evi, Jarnoveçdə yerləşir. Yazılarının getdikcə artan populyarlığı sayəsində, 1902-ci ildə bir qrup polyak aktivist ona malikanə alaraq mükafatlandırıblar. Bu mülk bir sıra təşkilatlar və fəallar tərəfindən toplanan vəsait hesabına satın alınıb. Həmin dövrdə Polşa müstəqil ölkə olmadığı və onun yazıları Prussiya ilə Rusiya hakimiyyətinin siyasi maraqlarına uyğun gəlmədiyi üçün, keçmiş Polşanın daha tolerant olan Avstriya tərəfindən bölünmüş hissəsində bir məkan seçildi. 1903-cü ildə o, Jarnoveçdə malikanə aldı və sentyabrın 8-də oraya köçdü. O, yaz və yay fəsillərinin böyük hissəsini orada keçirir, payız və qışda isə Avropanı səyahət etməyə davam edirdi.

Mariya Konopnitskaya 1910-cu il oktyabrın 8-də Lvovda vəfat edib. Orada, Lıçakov qəbiristanlığında dəfn olunub. Arzusuna uyğun olaraq, Dulebianka da onun yanında torpağa tapşırılıb.

Fəaliyyəti Mariya Konopnitskaya həm nəzm, həm də nəsr əsərləri yazıb. Onun ən xarakterik üslublarından biri xalq nəğmələri tərzində bəstələnmiş şeirlər idi. O, ədəbiyyatın bir çox janrlarında – reportaj oçerkləri, narrativ (nəqli) xatirələr, psixoloji portret araşdırmalar və digər istiqamətlərdə özünü sınayıb.

Kəndlilərin, fəhlələrin və Polşa yəhudilərinin məruz qaldığı zülm və yoxsulluq onun əsərlərinin ana mövzusu olub. Yəhudi xalqına bəslədiyi rəğbətə görə o, filosemit hesab olunurdu. Onun əsərləri eyni zamanda vətənpərvər və millətçi xarakter daşıyırdı.

Onun ən tanınmış əsərlərindən biri, Braziliyadakı polyak mühacirlərindən bəhs edən və altı nəğmədən (kantodan) ibarət "Braziliyada cənab Balker" adlı epik poemasıdır. Digəri isə iki il sonra Feliks Novoveyski tərəfindən bəstələnərək, xüsusilə Prussiyanın bölüşdürülən ərazilərində Polşanın qeyri-rəsmi himninə çevrilən "And" əsəridir. Bu vətənpərvər poema almanlaşdırma siyasətini kəskin şəkildə tənqid etdiyindən, anti-alman xarakterli əsər kimi xarakterizə olunurdu. Onun uşaq ədəbiyyatı sahəsindəki ən məşhur əsəri 1896-cı ildə işıq üzü görən "Yetim Məryəm və cırtdanlar haqqında" kitabıdır. Dövrün bir çox digər əsərləri ilə müqayisədə, onun uşaq ədəbiyyatı nümunələri böyük rəğbətlə qarşılanıb.

Mariya Konopnitskaya, həmçinin İrlandiya patriotu Robert Emmetin edam edilməsi haqqında da poema da yazıb. Emmet 1803-cü ildə Dublində Britaniya hakimiyyəti tərəfindən edam edilsə də, Konopnitskaya bu mövzuda olan poemasını 1908-ci ildə nəşr etdirib.

Mariya Konopnitskaya, həm də tərcüməçi idi. Onun tərcümə etdiyi əsərləri arasında Ada Neqrinin 1901-ci ildə Polşada nəşr olunmuş "Fatalita" və "Tempeste" əsərləri də yer alıb.

Xatirəsi 1922-ci ildə Pabyanitse şəhərində Mariya Konopnitska adına Xüsusi Təhsil Məktəb Kompleksi təsis edilib. Polşa poçtu 1952-ci ildə onun təsviri olan poçt markası buraxıb. Konopnitskayanın Jarnoveçdəki malikanəsi muzeyə çevrilmiş və 1957-ci ildə Jarnoveçdəki Mariya Konopnitskaya Muzeyi adı altında fəaliyyətə başlayıb. Digər muzey — Suvalkidəki Mariya Konopnitskaya Muzeyi isə 1973-cü ildə açılıb. Polşada bir çox məktəb və digər müəssisə, həmçinin bir neçə küçə və meydan onun adını daşıyır. Polşa Ticarət Donanmasına aid "MS Maria Konopnicka" gəmisi də onun şərəfinə adlandırılıb. Onun xatirəsinə bir neçə lövhə və abidə də ucaldıllb. Bunlardan ən yenilərindən biri 2010-cu ildə Suvalkidə ucaldılmış abidədir. 1994-cü ildə isə Venera planetindəki kraterlərdən birinə onun adı verilib. Şairənin vəfatının yüzüncü ildönümü münasibətilə 2010-cu ildə Varşavada "orqanik iş"in tanınması və qiymətləndirilməsi məqsədilə Beynəlxalq Mariya Konopnitskaya mükafatı təsis edilib. Varşavada yerləşən Mariya Konopnitskaya abidəsi siyenit daşından hazırlanmış heykəldir.

Seçilmiş əsərləri

Şeir kitabları Linie i dźwięki (Xətlər və Səslər, 1897) Śpiewnik historyczny (Tarixi Musiq kitabı, 1904) Głosy ciszy (Səssizliyin səsi, 1906) Z liryk i obrazków (Sözlər və Şəkillər, 1909) Pan Balcer w Brazylii (Braziliyada cənab Balker, 1910)

Nəsr əsərləri Cztery nowele (Dörd qısa hekayə, 1888) Moi znajomi (Tanıdığım insanlar, 1890) Na drodze (Yolda, 1893) Ludzie i rzeczy (İnsanlar və əşyalar, 1898) Mendel Gdański

Uşaq ədəbiyyatı Śpiewnik dla dzieci (Uşaqlar üçün mahnı kitabı). O Janku Wędrowniczku (Səyyah Conni haqqında). O krasnoludkach i sierotce Marysi (Cırtdanlar və Kiçik yetim Məryəm haqqında). Na jagody (Qaragilə yığımı).

Poemaları Rota (And, 1908). Stefek Burczymucha. Wolny najmita (Azad Gündəlik işçi).

İstinadlar

Ədəbiyyat Brodzka, Alina. Maria Konopnicka, "Wiedza Powszechna", Warszawa, 1975. Baculewski, Jan. Śladami życia i twórczości Marii Konopnickiej, Ludowa Spółdzielnia Wydawnicza, Warszawa, 1966. G. Borkowska, Ruchliwa fala (Maria Konopnicka i kwestia kobieca), [in:] Maria Konopnicka. Głosy o życiu i pisarstwie w 150-lecie urodzin. Warszawa 1992

Xarici keçidlər Maria Konopnicka at culture.pl Maria Konopnicka's poems in poezja.org Selected Maria Konopnicka's Poems at PoemHunter.com

Kateqoriya:Polşa tərcüməçiləri