IRIS Dena gəmisinin batırılması — 2026-cı il İran müharibəsi gedişatında İran Hərbi Dəniz Qüvvələrinə məxsus "IRIS Dena" freqatı Hind okeanında ABŞ Hərbi Dəniz Qüvvələrinin "Los Angeles" sinfinə aid "USS Charlotte" sualtı qayığı tərəfindən torpedolanaraq batırılmışdır. "Dena" yaxın vaxtlarda Hindistanın ev sahibliyi etdiyi "Beynəlxalq Donanma Paradı 2026" hərbi dəniz təlimində iştirak etmişdi və geri qayıdan zaman Şri-Lankanın bitişik zonasında, Qalle sahillərindən təxminən 19 dəniz mili (35 km) aralıda hücuma məruz qalaraq batırılmışdır. Martın 4-də "Charlotte" freqata iki ədəd "Mark 48" torpedosu atmış, bu zərbələr gəminin batmasına səbəb olmuşdur. Hesabatlar göstərir ki, beynəlxalq təlimdə iştirak etdiyi üçün həmin vaxt gəmidə operativ silah-sursat mövcud olmamışdır. Həmçinin, gəminin "Bell 212" helikopteri də hadisə zamanı göyərtədə olmamışdır. Hücum anında "Dena" freqatında 136 nəfərlik heyət var idi. Onlardan 104-ünün həlak olduğu, 32-nin isə sağ qaldığı bildirilmişdir. Əlavə olaraq, həlak olanlardan 20 nəfərin cəsədinin tapılmadığı qeyd edilmişdir.
Gəminin batırılması 2026-cı il İran müharibəsi ilə bağlı gərginliyin artdığı bir dövrdə baş vermişdir. Bu hadisə İkinci Dünya müharibəsinin Sakit okean cəbhəsindən bəri Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıq tərəfindən torpedolar vasitəsilə bir suüstü gəminin batırıldığı yeganə hal kimi təsvir edilmişdir. Daha geniş mənada, bu, Folklend müharibəsi zamanı Britaniya Kral Donanmasının "HMS Conqueror" sualtı qayığı tərəfindən "ARA General Belgrano" kreyserinin batırılmasından bəri, atom sualtı qayığı tərəfindən düşmənin suüstü gəmisinin batırılması ilə nəticələnən ilk hadisə olmuşdur.
Zəmin "IRIS Dena" 2015-ci ildə suya buraxılmış "Moudge" sinfinə aid freqat idi və 2021-ci ildə İran Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilmişdi. Gəmi zenit və gəmiəleyhinə raketlər, torpedolar, həmçinin bir neçə top və artilleriya qurğusu ilə təchiz olunmuşdu. Bununla belə, iştirakçılardan heç bir döyüş sursatı daşımamağı tələb edən Beynəlxalq Donanma Paradında iştirak etdiyi üçün gəminin həmin vaxt silahsız və ya yüngül silahlanmış olduğu bildirilirdi. Amerika Birləşmiş Ştatları da bu tədbirdə iştirak edirdi və gəminin silahsız və ya yüngül silahlanmış olmasından agah ola bilərdi, lakin ABŞ-nin Hind-Sakit Okean Komandanlığı "Dena"nın silahsız olması barədə məlumatı təkzib etmişdir.
Gəmi 15-25 fevral 2026-cı il tarixlərində Vişakhapatnamda keçirilən "Beynəlxalq Donanma Paradı 2026" və "Milan" çoxmillətli hərbi dəniz təlimində iştirak etmişdi. Ekipaj üzvləri həmçinin Hindistana mədəni səfər çərçivəsində Tac Mahalı və Kailasaqirini ziyarət etmiş, şəhər paradında iştirak etmişdilər. Fevralın 26-da İranın Şri-Lankadakı səfirliyi martın 9-dan etibarən "Dena" və digər iki gəmi üçün "xoşməramlı səfər" icazəsi istəmişdi. Şri-Lanka ABŞ-nin İrana qarşı hərbi güc toplamasını nəzərə alaraq bu müraciəti nəzərdən keçirirdi. Fevralın 28-də ABŞ və İsrailin İran daxilindəki hədəflərə qarşı hava zərbələri başlaması ilə Şri-Lanka hökuməti İrana bildirmişdir ki, 1899-cu və 1907-ci illərin Haaqa Konvensiyalarının neytral dövlətlərlə bağlı qaydalarına uyğun olaraq, müharibə vəziyyətində olan gəmilərin limana yan almasına yalnız fövqəladə hallarda icazə veriləcək. Hindistan Xarici İşlər naziri Subrahmanyam Cayşankar bəyan etmişdir ki, Hind okeanında olan İran gəmiləri daha sonra Koçi limanına yan almaq üçün Hindistan Hərbi Dəniz Qüvvələrinə müraciət etmişdilər. "Dena" freqatının martın 3-nə qədər Şri-Lankada lövbər salmağa çalışmasını davam etdirməsinin səbəbi isə hələ də tam aydın deyil.
Hərbi dəniz əməliyyatı "Dena" freqatı 4 mart 2026-cı il tarixində, səhər erkən saatlarda batırılmışdır. ABŞ rəsmisi bəyan etmişdir ki, Birləşmiş Ştatlar zərbəni endirməzdən əvvəl hər hansı bir xəbərdarlıq etməmişdir. Şri-Lanka Xarici İşlər Nazirliyinin məlumatına görə, "Dena" yerli vaxtla saat 05:08-də göyərtədə partlayış baş verdiyi barədə qəza siqnalı göndərmiş, bunun ardınca Şri-Lanka Hərbi Dəniz və Hərbi Hava Qüvvələri tərəfindən dərhal axtarış-xilasetmə əməliyyatına başlanılmışdır. Hücum baş verən zaman gəmi Hindistandan İrana qayıdırdı və Şri-Lankanın Qalle şəhəri sahillərindən təxminən 19 dəniz mili (35 km) aralıda, beynəlxalq sularda yerləşirdi. Gəmi hücumdan sonra 2-3 dəqiqə ərzində batmışdır.
Pentaqonda keçirilən brifinq zamanı ABŞ-nin Müdafiə naziri Pit Heqset "Dena" freqatının ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıq tərəfindən batırıldığını təsdiqləmişdir. Digər hökumət rəsmiləri isə bu sualtı qayığın "USS Charlotte" olduğunu və gəmiyə iki ədəd "Mark 48" torpedosu ataraq onu vurduğunu dəqiqləşdirmişdilər.
Heqset bu hərbi toqquşmanı şərh edərək bildirmişdir: "...[Dena] beynəlxalq sularda təhlükəsizlikdə olduğunu düşünürdü. Bunun əvəzinə isə torpedo ilə batırıldı. Səssiz ölüm". Avstraliyanın Baş naziri Entoni Albaniz sonradan təsdiqləmişdir ki, sualtı qayığın göyərtəsində Avstraliya Kral Donanmasının üç hərbi qulluqçusu da olmuşdur.
Bu hadisə Folklend müharibəsi zamanı Britaniya Kral Donanmasının "HMS Conqueror" atom sualtı qayığı tərəfindən "ARA General Belgrano" kreyserinin batırılmasından bəri, atom sualtı qayığı tərəfindən düşmənin suüstü gəmisinin batırıldığı ilk hal olmuşdur. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıq tərəfindən isə bu cür hərbi dəniz əməliyyatı İkinci Dünya müharibəsində Sakit okean cəhbəsindən bəri ilk dəfə qeydə alınmışdır.
Xilasetmə işləri Hadisə baş verən zaman freqatın göyərtəsində, İran Hərbi Dəniz Qüvvələrinin musiqi ansamblının üzvləri də daxil olmaqla, təxminən 136 nəfər var idi. Hesabatlar göstərir ki, hücum nəticəsində 104 nəfər həlak olmuşdur ki, bu rəqəmə itkin düşmüş hesab olunan 20 nəfər də daxildir.
ABŞ-nin Hind-Sakit Okean Komandanlığı bəyan etmişdir ki, ABŞ qüvvələri sağ qalanlara Müharibə Qanunlarına (Law of Armed Conflict) uyğun olaraq həyat xilasetmə dəstəyi verməyi planlaşdırmış, ardınca bu dəstək Şri-Lanka tərəfindən təmin edilmişdir. Sağ qalan 32 nəfər Şri-Lanka Hərbi Dəniz Qüvvələri tərəfindən xilas edilərək Qalle Milli Xəstəxanasına çatdırılmış və burada onlara halsızlıq, eləcə də partlayışla bağlı xəsarətlərə görə tibbi yardım göstərilmişdir.
Hindistan Hərbi Dəniz Qüvvələrinin rəsmi press-relizinə görə, Şri-Lanka Hərbi Dəniz Qüvvələri gecə saatlarında Kolombodakı Dəniz Xilasetmə və Koordinasiya Mərkəzinə (MRCC) daxil olan qəza siqnalı barədə onlara məlumat vermişdir. Bundan sonra Hindistan, hər ikisi "IFR 2026" təliminin iştirakçısı olan "INS Tarangini" və "INS Ikshak" gəmilərini Koçi limanından bölgəyə göndərmiş, həmçinin həmin axşam sağ qalanların axtarışı üçün özünün "P-8I Neptune" uzaqmənzilli dəniz patrul təyyarəsini cəlb etmişdir. "P-8I" təyyarəsi, Şri-Lanka hakimiyyətinin rəhbərlik etdiyi axtarış əməliyyatlarına dəstək vermək məqsədilə, havadan atıla bilən xilasetmə bərələri ilə təchiz olunmuş digər bir təyyarə ilə birlikdə yerli vaxtla saat 10:00-da havaya qalxmışdır. "Tarangini" gəmi qrupu saat 16:00-da təyin olunmuş axtarış zonasına çatsa da, Şri-Lanka Hərbi Dəniz Qüvvələri və müvafiq qurumlar artıq əməliyyatlara başlamışdılar.
Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri axtarış işlərini martın 6-da dayandırmışdır. Şri-Lanka Hərbi Dəniz Qüvvələri və Hindistanın patrul təyyarəsi isə axtarış əməliyyatlarını martın 8-də başa çatdırmışdır.https://www.pib.gov.in/PressReleasePage.aspx?PRID=2236440®=3&lang=2
Nəticəsi
Ekipaj
Şri-Lanka Hərbi Dəniz Qüvvələri iranlı dənizçilərə məxsus 84 cəsəd tapmışdır. Onlar Qalle Milli Xəstəxanasına aparılmışdır. İran rəsmiləri, son yaşayış ayinlərinin icra olunması və vətənə qaytarılması üçün "IRIS Dena" freqatına edilən hücum zamanı həlak olan bütün dənizçilərin cəsədlərinin onlara təhvil verilməsini Şri-Lankadan xahiş etmişdir. Müvafiq hazırlıqlar görülənə qədər cəsədlərin xəstəxananın morqunda saxlanılacağı bildirilmişdir. "MILAN-26" təlimləri zamanı heyətə ev sahibliyi edən Vişakhapatnam sakinləri də baş verənlərdən kədərləndiklərini və ekipajın aqibəti ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Həlak olan 45 ekipaj üzvünün cəsədi İranın Şri-Lankadakı səfirliyinə təhvil verilmiş və martın 13-nə qədər Mattala hava limanı vasitəsilə İrana göndərilmişdir. Sağ qalanlar Şri-Lankanın Koqqalada yerləşən hərbi hava bazasına aparılmışdır.
Sağ qalan ekipaj üzvləri ABŞ və İran arasındakı atəşkəs dövründə, 14 aprel 2026-cı il tarixində İrana qaytarılmışdır.
İran İran hökuməti bu hücumu "dənizdə törədilmiş vəhşilik" adlandırmışdır.
"IRIS Dena"nın batırılmasından sonra, "Bandar Abbas" sinfinə aid ikinci bir İran gəmisi – "IRIS Bushehr" Kolombo limanına daxil olmaq üçün icazə istəmişdir. Şri-Lanka hökuməti, "IRIS Bushehr" gəmisini nəzarətə götürmək üçün beynəlxalq konvensiyalara, o cümlədən BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasına uyğun hərəkət edəcəyini bəyan etmişdir. Gəmi daha sonra Şri-Lanka Hərbi Dəniz Qüvvələri tərəfindən 208 nəfərlik heyəti ilə birlikdə internə edilmişdir (müharibə edən tərəfin gəmi və heyətinin neytral dövlət tərəfindən saxlanılması). Bu, İkinci Dünya Müharibəsindən bəri neytral bir ölkədə hərbi gəminin internə edildiyi ilk hadisədir. "IRIS Bushehr" gəmisinin 53 zabit, 84 kursant, 48 baş dənizçi və 23 dənizçidən ibarət heyəti Kolomboya köçürülmüş, gəmi isə Şri-Lanka Hərbi Dəniz Qüvvələri tərəfindən Trinkomali limanına aparılmışdır.
Həmçinin məlum olmuşdur ki, 183 dənizçidən ibarət heyəti olan "IRIS Lavan" desant gəmisi, "Dena"ya edilən hücumdan sonra, martın 4-ü gecə saatlarında Hindistanın Koçi limanına sığınmış və orada internə edilmişdir. Amerika Birləşmiş Ştatları Şri-Lankanı "IRIS Dena"dan sağ qalanları və "IRIS Bushehr" heyətini İrana qaytarmamağa çağırmışdı ki, İran onlardan təbliğat məqsədilə istifadə edə bilməsin. ABŞ həmçinin Şri-Lankadan ekipaj üzvləri arasında fərariliyi və ya sığınacaq istəməyi təşviq edəcək hər hansı bir cəhdin olub-olmadığını soruşmuşdur. Gəmi həmçinin Koçi şəhərində ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Martın 7-də Hindistan hökuməti humanitar əsaslarla "IRIS Lavan" gəmisinin Koçi limanına yan almasına icazə verdiyini bildirmişdir.
ABŞ Bu hadisə ABŞ qüvvələrinin sağ qalanları xilas etməyə çalışmadan hadisə yerini tərk etməsi iddiaları fonunda, Birləşmiş Ştatların beynəlxalq hüququ, xüsusən də İkinci Cenevrə Konvensiyasını pozub-pozmaması ilə bağlı müzakirələrə səbəb olmuşdur. Sualtı qayığın fəaliyyətinin qanuni olduğunu düşünən ekspertlər iddia edirlər ki, sualtı qayıqlarda yer darlığı və suyun üzərinə çıxmağın yaratdığı risklər səbəbindən onların ümumiyyətlə xilasetmə əməliyyatları aparmaq öhdəliyi yoxdur və İran ilə ABŞ arasında davam edən hərbi münaqişə səbəbindən bu hücuma icazə verilirdi. Sualtı qayığın fəaliyyətinin qanunsuz olduğunu müdafiə edənlər hesab edirlər ki, sualtı qayıq heyətin həyatını xilas etmək üçün əlindən gələni etməyə borclu idi və bu hücum ABŞ-yə qarşı birbaşa və qaçılmaz təhdidlərin hüdudlarından kənara çıxdığı üçün ümumi münaqişənin qanuniliyini sual altına qoyur. Gəminin batırılması həmçinin Çinə bir siqnal ola bilər ki, onların Hind okeanı vasitəsilə Yaxın Şərqdən həyata keçirdikləri enerji daşımaları kəsilməyə qarşı həssasdır.
Avstraliya
Martın 6-da Avstraliyanın Baş naziri Entoni Albaniz "IRIS Dena" gəmisini batıran ABŞ sualtı qayqında Avstraliya Müdafiə Qüvvələrinin üç hərbi qulluqçusunun olduğunu təsdiqləmişdir. O bildirmişdir ki, Avstraliya heyəti ABŞ-nin Avstraliyaya atom sualtı qayıqları tədarük edəcəyi AUKUS təhlükəsizlik tərəfdaşlığı çərçivəsindəki təlim rotasiyasının bir hissəsi olaraq gəmidə olub. Albaniz, Avstraliya hərbçilərinin İrana qarşı hər hansı "təcavüzkar fəaliyyətdə" iştirak etmədiyini vurğulamışdır.
Hindistan