Zi Qar döyüşü () və ya Zi Qar günü () — Ərəb qəbilələri ilə Sasanilər imperiyası arasında baş vermiş döyüş.

Adlanması Bu döyüşə, Kufə yaxınlığındakı Zi Qar adlı su quyusunun ətrafında baş verdiyi üçün "Zi Qar döyüşü" deyilmişdir.

Səbəblər Mənbələrdə döyüşün səbəbləri haqqında müxtəlif məlumatlar verilmişdir. Bununla yanaşı II Xosrovun (Xosrov Pərviz) katibi və tərcüməçisi Ədi ibn Zeydin Ləxmilərə mənsub sonuncu Hirə hökmdarı (və ya valisi) III Numan ibn Munzir tərəfindən, III Numan ibn Munzirin də II Xosrov tərəfindən öldürülməsi və ardınca baş verən hadisələr adətən döyüşün səbəbi kimi təqdim edilmişdir. Mövzuya geniş yer verən Təbəri də döyüşün məhz bu səbəbdən baş verdiyini yazmışdır.

Mənbələrdə Zi Qar döyüşünün səbəbi ilə bağlı başqa rəvayətlər də qeyd olunur. Bu rəvayətlərdən birinə görə, Numan ibn Munzirin II Xosrovun taxta çıxması məsələsində Sasani şahzadələrindən Bəhramı dəstəkləməsi və onu II Xosrova üstün tutması sonradan onun öldürülməsi ilə nəticələnən hadisələr zəncirinin başlanğıcı olmuşdur.

Digər bir rəvayətə görə, III Numan ibn Munzir və yaxın ətrafının digər ərəb qəbilələri ilə səmimi münasibətlər qurması, siyasi nüfuzun Sasanilərdən ərəblərə keçə biləcəyi ehtimalını artırmış və bu vəziyyət III Numan ibn Munzirin öldürülməsinə səbəb olmuşdur.

Başqa bir məlumata əsasən isə, III Numan ibn Munzirin rəhbərlik etdiyi nümayəndə heyəti II Xosrovun hüzuruna çıxaraq Sasanilərə ödənilən vergilərdən narazılığını bildirmişdir. Hətta III Numan ibn Munzir ilə II Xosrov arasında baş verən mübahisənin tərəflər arasındakı gərginliyi artıraraq son nəticədə müharibəyə səbəb olduğu rəvayət edilir.

Arxa plan Tərəflar arasındakı düşmənçilik III Numan ibn Munzirin Ədi ibn Zeydin tövsiyəsi ilə II Xosrov tərəfindən Hirəyə hökmdar təyin edilməsindən sonra başlamışdı. Çünki Ədi ibn Əvs III Numan ibn Munzirin yerinə öz qardaşı Əsvədin təyin edilməsini istəmişdi. Bu səbəblə də o, III Numan ibn Munzir ilə Ədi ibn Zeydin arasını vurmaq qərarına gəlmiş və bundan sonra III Numan ibn Munzirə davamlı hədiyyələr yolluyaraq onun etimadını qazanmağa çalışmışdı.

Bir müddət sonra məqsədinə nail olmuş, Ədi ibn Zeydin III Numan ibn Munzir tərəfindən öldürməsini təmin etmişdi. Lakin əməlindən peşman olan III Numan ibn Munzir, yanına gəlmiş Sasani elçisini rüşvət verərək öz tərəfinə çəkmiş və Zeyd ibn Ədi ibn Zeydin öz atasının yerinə təyin edilməsini təmin etmişdi.

III Numan ibn Munzirin II Xosrovun etimadını qazanmağa çalışması ilk vaxtlar xeyrinə olsa da, sonradan vəziyyət onun əleyhində inkişaf etməyə başlamışdı.

Mənbələrə görə, II Xosrov əvvəlki Sasani hökmdarları kimi gözəl qadınları sarayına toplamaq istəmiş və yeni tərcüməçisi Zeyd ibn Ədi II Xosrova onun arzuladığı gözəllikdə iyirmidən çox qızın Munzirlər sülaləsinin sarayında olduğunu bildirmişdi. Bundan sonra II Xosrov həmin qızları gətirmək üçün Zeyd ibn Ədini bir elçi ilə birlikdə III Numan ibn Munzirin yanına göndərmişdi. Məsudiyə görə II Xosrov yalnızca III Numan ibn Munzirdən öz qızını göndərməsini tələb etmişdi. Lakin Numan ibn Munzirin bu tələbi alçaldıcı hesab edərək ciddi şəkildə qəzəblənmiş və narazılığını sərt ifadələrlə bildirmişdi. O, Munzirlər sülaləsində II Xosrova layiq qızların olmadığını söyləyərək elçiləri geri qaytarmışdı.

Ktesifona qayıdan elçilər baş verənləri II Xosrova xəbər vermişdilər. O da gözləmədiyi bu münasibət qarşısında qəzəblənmiş və bir müddət sonra III Numanı məktubla öz hüzuruna çağırmışdı. III Numan ibn Munzir çağırışın əsl səbəbini anlayaraq Bənu Təyy qəbiləsi və digər ərəb qəbilələrindən kömək istəmişdi. Lakin Əbs qəbiləsinin Bəni Rəvaha ibn Səd qolundan başqa heç bir qəbilə onun müraciətinə müsbət cavab verməmişdi.

Bundan sonra III Numan ibn Munzir Zi Qar bölgəsində yaşayan Bəkr ibn Vail qəbiləsinin Bənu Şeyban qoluna sığınmış və ailəsini, həmçinin hərbi ləvazimatını qəbilənin rəhbərlərindən Həni ibn Məsuda (və ya Həni ibn Qabisəyə) əmanət etmişdi. Daha sonra II Xosrov ilə görüşmək üçün Ktesifona getmiş, lakin burada həbs olunaraq 602-ci ildə öldürülmüşdü.

Beləliklə, II Xosrov Ləxmilər sülaləsinin hakimiyyətinə son qoymuş və Təyy qəbiləsindən İyas ibn Qabisəni Hirə valisi təyin etmişdi.

II Xosrov İyas ibn Qabisədən III Numan ibn Munzirin Həni ibn Məsuda verdiyi əmanətləri alıb ona göndərməsini əmr etmiş, lakin Həni ibn Məsud əmanətləri yalnız sahibinə verə biləcəyini bildirərək tələbi rədd etmişdi. Həni ibn Məsudun cavabından hiddətlənən II Xosrov, Bənu Şeybanın mənsub olduğu Bənu Bəkr qəbiləsini məhv etməyə and içmiş və onlara müharibə elan etmişdi. Döyüş planları üçün Bənu Təğlibdən kəşfiyyat məlumatları alan II Xosrov, Bənu Bəkr qəbiləsinə yay aylarında onların Zi Qar quyusu ətrafında toplandığı günlərdə hücum etməyi qərarlaşdırmışdı (çünki burada onları bütünlüklə məhv etmək mümkün olacaqdı). Bənu Bəkr qəbiləsi Zi Qar quyusu ətrafında toplanmağa başladıq da onlara elçi göndərərək təslim olmalarını və ya vətənlərini tərk etmələrini, əksi təqdirdə onlarla döyüşəcəyini bildirmişdi. Bənu Bəkr qəbiləsi II Xosrovla döyüşmək qərarına gəlmiş, II Xosrov da Hirə valisi İyas ibn Qabisəni Sasani qüvvələrinə komandan təyin edərək ordusunu döyüşə yollamışdı. Bu orduya Səvad sərkərdələri, Bənu İyad və Bənu Təğlib kimi ərəb qəbilələri də qoşulmuşdu. Bənu Bəkr qəbiləsi də başda Bənu İcl qəbiləsi olmaqla müttəfiq qəbilələrin dəstəyi ilə döyüş hazırlıqlarını tamamlamışdıla.

Döyüş Döyüş Zi Qar mövqeyində başlamış, Bənu Bəkr qəbiləsi ilə müttəfiqləri çölün üstünlüklərindən, döyüş taktikalarından və qadınlardan da istifadə edərək özlərindən sayca çox olan Sasani ordusunu geri çəkilməyə məcbur etmişlər. Sasani ordusundakı Bənu İyad qəbiləsini də öz tərəflərinə çəkən Bənu Bəkr qəbiləsi, Bənu İyadlıların döyüş mövqelərini tərk etmələrindən sonra Sasanilərə son zərbəni endirmiş və Sasaniləri məğlub etməyi bacarmışdılar.

Nəticə Ərəblərin say və hərbi qüvvə baxımından özlərindən qat-qat üstün olan Sasaniləri məğlub etməsi həm bölgədə, həm də Ərəbistan yarımadasının daxili hissələrində yaşayan ərəb qəbilələri tərəfindən böyük sevinclə qarşılandı. Döyüşdən sonra ərəb qəbilələri Sasanilərin düşünüldüyü kimi məğlubedilməz olmadığını anladılar.

Zi Qar döyüşü sonrakı dövrlərdə Sasanilərə qarşı aparılan mübarizənin simvollarından birinə çevrildi. Raşidi xəlifələri dövründə İslam fəthlərinin başlanması ilə Bənu Şeyban qəbiləsindən Müsənna ibn Harisənin Sasani torpaqlarına hücumlar təşkil etməsi və bunun ardınca Əbu Bəkrin hərbi əməliyyatlar həyata keçirmək üçün Xalid ibn Vəlidi bölgəyə göndərməsi bu hadisənin təsirinin davamı kimi qiymətləndirilə bilər.

Populyar mədəniyyətdə Zi Qar döyüşü haqqında 2025-ci ildə "Səhra döyüşçüsü" () adlı film çəkilmişdir.

Həmçinin bax

Bəsus müharibəsi

İstinadlar Kateqoriya:609 Kateqoriya:Sasanilər imperiyasının döyüşləri Kateqoriya:VII əsrdə İran