"Too Epic to Be True" – Estoniyanın "Vanilla Ninja" qrupunun ifa etdiyi mahnı. Mahnı ölkənin milli seçim turu olan "Eesti Laul 2026" müsabiqəsində qalib gəldikdən sonra Estoniyanı 2026 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
2026 Avroviziya Mahnı Müsabiqəsi "Eesti Laul 2026" ERR tərəfindən 2026 Avroviziya Mahnı Müsabiqəsi üçün ölkə təmsilçisini seçmək məqsədilə təşkil edilən Estoniyanın milli seçim turu olan "Eesti Laul"un 18-ci buraxılışı olmuşdur. Müsabiqə 14 fevral 2026-cı il tarixində Tallində yerləşən "Unibet Arena" idman-konsert kompleksində keçirilən və 12 mahnıdan ibarət olan final mərhələsindən ibarət olmuşdur.
34 nəfərdən ibarət münsiflər heyəti təqdim olunan müraciətlər arasından "Too Epic to Be True" mahnısı ilə "Vanilla Ninja" qrupunu seçmişdir. Qrupun müsabiqədə iştirak edəcəyi ETV kanalının əyləncəli "Ringvaade" proqramı zamanı, 30 oktyabr 2025-ci il və 31 oktyabr 2025-ci il tarixlərində elan edilmişdir.
Finalda "Vanilla Ninja" münsiflər heyətinin səsverməsi nəticəsində 6-cı, xalq səsverməsində isə 1-ci yeri tutaraq ümumi hesabda 19 xal qazanmışdır. Superfinalda qrup ümumi telesəslərin təxminən yüzdə 35-ini toplamışdır. Müsabiqədəki bu qələbə nəticəsində "Vanilla Ninja" Estoniyanı "Avroviziya 2026" mahnı müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.
"Avroviziya 2026" mahnı müsabiqəsi Avstriyanın Vyana şəhərindəki "Wiener Stadthalle" kompleksində baş tutmuşdur. Müsabiqə 12 may 2026-cı il və 14 may 2026-cı il tarixlərində keçirilən iki yarımfinaldan ibarət olmuş, final mərhələsi isə 16 may 2026-cı il tarixində reallaşmışdır. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma nəticəsində Estoniya birinci yarımfinalda yer almışdır.
Estoniya birinci yarımfinalda 11-ci yeri tutaraq final mərhələsinə adlaya bilməmişdir. Canlı ifa zamanı səhnədə "Vanilla Ninja" qrupunu təbilçi Borka müşayiət etmiş, bek-vokalları isə səhnəarxasından Kayre Vilqats və Daqmar Oya yerinə yetirmişdilər.
İstinadlar
Kateqoriya:2025-ci ilin sinqlları Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:İngilis dilində mahnılar