"Un jour, un enfant" () — Fransa müğənnisi Frida Boddara tərəfindən ifa olunmuş, musiqisi Emil Şternə, sözləri isə Eddi Marneyə aid olan mahnı. Sözügedən musiqi kompozisiyası 1969-cu ildə Madrid şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil etmiş və birinci yeri bölüşən dörd qalib mahnıdan biri olmuşdur.
Frida Bokkara bu mahnını beş dildə: fransız, ingilis, alman, ispan və italyan dillərində lentə aldırmışdır.
Tarixi "Un jour, un enfant" mahnısı bəstəkar Emil Ştern və söz yazarı Eddi Marne tərəfindən qələmə alınmışdır. Əsər dünyanın möcüzələrini bir uşağın gözü ilə təsvir edən klassik baladadır. F. Bokkara mahnını beş dildə səsləndirmişdir: fransızca, ingiliscə ("Through the Eyes of a Child"), almanca ("Es schlägt ein Herz für dich" – "Sənin üçün bir ürək döyünür"), ispanca ("Un día, un niño" – "Bir gün, bir uşaq") və italyanca ("Canzone di un amore perduto" – "İtirilmiş sevgi haqqında nəğmə").
Avroviziya Fransa Radio və Televiziya İdarəsi (ORTF) bu mahnını 14-cü Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmək üçün seçmişdir. Müsabiqə 29 mart 1969-cu il tarixində Madridin "Real" teatrında İspaniya Televiziyasının (TVE) təşkilatçılığı ilə keçirilmiş və bütün qitədə canlı yayımlanmışdır. F. Bokkara "Un jour, un enfant" mahnısını həmin gecə almaniyalı təmsilçi Siv Malmkvistin "Primaballerina" çıxışından sonra və Portuqaliya təmsilçisi Simona de Oliveyranın "Desfolhada portuguesa" ifasından əvvəl, 14-cü nömrə altında ifa etmişdir. Fransanın çıxışı zamanı canlı orkestri Frank Pursel idarə etmişdir.
Səsvermənin yekunlarına əsasən, mahnı 18 xal toplamışdır. Eyni miqdarda xalı İspaniyanı təmsil edən Salome "Vivo cantando" mahnısı ilə, Böyük Britaniyanı təmsil edən Lulu "Boom Bang-a-Bang" mahnısı ilə və Niderlandı təmsil edən Lenni Kur "De troubadour" mahnısı ilə qazanmışdır. Həmin dövrdə bərabərlik vəziyyətində qalibi müəyyən edən qayda mövcud olmadığından, hər dörd ölkə birgə qalib elan edilmişdir. 1970-ci ildə Fransanın növbəti təmsilçisi Gi Bonne "Marie-Blanche" mahnısı ilə çıxış etmişdir.
İstinadlar