Dünya federalizmi və ya qlobal federalizm — demokratik, federal dünya hökumətinin qurulmasını müdafiə edən siyasi ideologiya. Bu modelə əsasən, dünya federasiyası qlobal əhəmiyyət kəsb edən məsələlərdə ali səlahiyyətə malik olduğu halda, üzv dövlətlər yerli və milli məsələlər üzərində öz səlahiyyətlərini qoruyub saxlayırlar. Bununla belə, dünya əhalisi üzərindəki ümumi suverenlik böyük ölçüdə federal hökumətə məxsus olur.
Dünya federalizmi unitar dünya hökuməti modellərindən subsidiarlıq prinsipi ilə fərqlənir. Bu prinsipə görə, qərarlar mümkün qədər ən aşağı və birbaşa səviyyədə qəbul edilir ki, bu da milli müstəqilliyin əhəmiyyətli dərəcədə qorunmasını təmin edir. Bu ideologiyanın tərəfdarları iddia edirlər ki, dünya federasiyası mövcud Birləşmiş Millətlər Təşkilatı ilə müqayisədə daha effektiv və hesabatlı qlobal idarəetmə strukturu təklif edir, eyni zamanda qitə, milli, regional və yerli hökumətlər üçün geniş muxtariyyət imkanları tanıyır.
Əhatə dairəsi Daha geniş yayılmış dünya hökuməti anlayışından fərqli olaraq, dünya federalizmi qlobal idarəetmənin xüsusi bir formasını, yəni federal və demokratik dünya respublikasını təsvir edir. Dünya federalizminin qlobal idarəetmənin digər növlərindən fərqləri aşağıda qeyd olunmuşdur.
Birləşmiş Millətlər Təşkilatı qanunverici orqan olmadığı üçün onun fəaliyyəti əsasən məsləhətçi rolla məhdudlaşır. Təşkilatın bəyan edilmiş məqsədi mövcud milli hökumətlər üzərində hakimiyyət tətbiq etmək deyil, onlar arasında əməkdaşlığı inkişaf etdirməkdir. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatına üzvlük fərdlərə (dünya vətəndaşlığı anlayışında olduğu kimi) yox, yalnız dövlətlərə şamil edilir.
Unitar dünya hökuməti ali suverenliyə malik vahid, mərkəzi hökumət orqanından ibarət olur. Belə bir sistemdə inzibati idarələr mövcud olmuşdur, lakin onların səlahiyyətləri mərkəzi hökumət tərəfindən verilir. Subsidiarlıq prinsipinə əsaslanan dünya federasiyasında isə səlahiyyətlərin ötürülməsi əks istiqamətdə — yerli səviyyədən mərkəzə doğru baş verir. Qlobal federal hökumət yerli hökumətlərə nisbətdə yardımçı xarakter daşıyır və yalnız yerli orqanların həyata keçirə bilmədiyi məsələləri öz öhdəsinə götürür.
Tarixən məlum olan dünyanı işğallar yolu ilə birləşdirmək planlarında federal idarəetmədən ziyadə, mərkəzləşdirilmiş unitar hökumətin qurulması hədəflənmişdir. Dünya federalizminin tərəfdarları, bir qayda olaraq, dünya federasiyasının yaradılması üçün zorakı üsulların tətbiqini dəstəkləmirlər.
Konfederasiya ümumi bir məqsəd naminə birləşən suveren dövlətlərin ittifaqıdır. Konfederasiyaya üzv olan dövlətlər bəzən bu ittifaqdan sərbəst şəkildə ayrılmaq hüququna malik olurlar. Subsidiarlıq prinsipinə əsaslanan federasiyada dövlətlər qlobal səviyyədə təkbaşına idarə edə bilmədikləri məsələlər üzrə suverenliklərindən imtina edərək, bu səlahiyyətləri həmin problemləri qlobal müstəvidə tənzimləmək gücünə malik mərkəzi hakimiyyətə verməyi seçirlər. Milli məsələlər üzərində suverenlik isə birbaşa dövlətin özündə qalır.
Qlobal səviyyədə federalizmin müxtəlif formaları tətbiq oluna bilər. Məsələn, Amerika Birləşmiş Ştatları tərəfindən qəbul edilmiş ənənəvi federalizm modelində ştatlar öz suverenliklərini federal hökumətə dövr edirlər və federal hakimiyyət digər dövlətlər qarşısında onları təmsil edir. Bu model dünya federalizminin mərkəzləşdirilmiş formasıdır. Dünya federalizminin ən mərkəzləşdirilməmiş modeli dövlətlərin konfederasiyası və ya dünya konfederasiyası hesab olunur. Bu sistemdə ölkələr öz suverenliklərini qoruyub saxlayır, federal hakimiyyətə isə yalnız hökumətlərarası münasibətləri idarə etmək və tənzimləmək səlahiyyətləri verilir. Bu, dövlətlərə daha yüksək dərəcədə güc və azadlıq tanıyır. Avropa İttifaqı bu növ idarəetmə sisteminə nümunə göstərilə bilər. Belə ki, ittifaqa üzv olan dövlətlər müəyyən sahələrdə öz suverenliklərinin bir hissəsini birliyin rəhbər orqanlarına ötürür, lakin ümumi suverenliklərini qoruyub saxlayırlar.
İstinadlar
Kateqoriya:Dünya hökuməti Kateqoriya:İdarələşmə Kateqoriya:Qlobal siyasət Kateqoriya:Siyasət