Əbu Səid Əbdürrəhman ibn Səmurə ibn Həbib əl-Qureyşi (; ) — səhabə, sərkərdə və I Muaviyənin Sistan valisi.

Həyatı Əbdürrəhman ibn Səmurə Məkkənin fəthi zamanı Məhəmməd tərəfindən bağışlanan qureyşlilərdən (tüləqadan) biri idi. İslamdan əvvəl onun adı Əbdü Küləl (və ya Əbdül-Küləl, Əbdü Yəkrəb, Əbdü Kəlub, Əbdül-Kəbə) idi. Müsəlman olduqdan sonra Məhəmməd onun adını Əbdürrəhman qoydu. Daha sonra Mütə və Təbuk döyüşlərində iştirak etdi.

İlk dəfə qohumu Osmanın xilafəti dövründə dövlət vəzifəsinə təyin edildi. İraqın ələ keçirilməsində iştirak etdi və xüsusilə Xorasan cəbhəsində döyüşdü. Bəsrə valisi Abdullah ibn Amir onu Rəbi ibn Ziyadın yerinə 653–654-cü illərdə Sicistan valisi təyin etdi.

Bu zaman Zərənc əhalisi üsyan edərək Rəbi ibn Ziyadın naibini şəhərdən çıxarmışdı. Əbdürrəhman 8000 nəfərlik ordu ilə Zərəngi mühasirəyə aldı. İki milyon dirhəm və 2000 qul qarşılığında qala komandanı ilə yeni sülh müqaviləsi bağladı. Onun ordusu ilə birlikdə Sicistana gələn bir qrup din alimi də yerli əhaliyə İslamın əsaslarını öyrətməyə başladı.

Sonra şərq istiqamətində yürüşlər etdi. Hindistan yaxınlığında Zərənc ilə Kiş arasındakı əraziləri, həmçinin Ruhhac ilə Zəmindavər arasındakı bölgəni fəth etdi və oradakı bütləri dağıtdı.

Bəsrəyə qayıtdıqda Abdullah ibn Amirin Əli tərəfindən vəzifədən uzaqlaşdırıldığını gördü. Cəməl döyüşündən sonra Muaviyənin tərəfinə keçdi (657).

Həsənlə danışıqlar aparmaq üçün Muaviyənin göndərdiyi nümayəndə heyətində o da iştirak etdi (661). Muaviyə xəlifə olduqdan sonra Abdullah ibn Amiri yenidən Bəsrə valisi təyin etdi. Əbdürrəhman isə onun naibi kimi böyük bir ordu ilə yenidən Sicistana göndərildi (662).

O, Abdullah ibn Hazimlə birlikdə Sicistan və Xorasanda İslam hakimiyyətini möhkəmləndirmək üçün çalışdı. Zərəngdə Həsən əl-Bəsrinin üç il dərs dediyi yerdə bir cümə məscidi tikdirdi. Həmçinin Osmanın dövründə ələ keçirilmiş, lakin sonradan İslam hakimiyyətindən çıxmış torpaqları geri qaytarmaq üçün fəaliyyət göstərdi.

Bu səylər nəticəsində Zəbulistan, Ruhhac və Büst şəhərlərini yenidən fəth etdi. Bir ay davam edən mühasirədən sonra Kabil şəhərini də ələ keçirdi.

Bu uğurlarına görə Muaviyə onu Sicistan valisi təyin etdi. Lakin 665-ci ildə əvvəlcə Abdullah ibn Amir, bir ay sonra isə Əbdürrəhman ibn Səmurə vəzifədən azad edildi. O, Bəsrəyə qayıtdı və beş il sonra orada vəfat etdi. Cənazə namazını Ziyad ibn Əbih qıldırdı.

O Məhəmməddən hədis rəvayət etmişdi. Bu hədislərin ümumi sayı 14-dür.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Əməvi sərkərdələri