thumb|Akxandaleşvara məbədində Cayadevanın qədim daş heykəli, Prataparudrapura, Odişa
Cayadeva (Jayadeva, , ;; ) — XII əsrdə yaşamış sanskrit şairi. O, daha çox bahar festivalı zamanı Krişnanın qopi Radhaya olan ilahi sevgisindən bəhs edən və epik poeziya nümunəsi sayılan «Gita Qovinda» poeması ilə tanınır. Radhanın Krişnadan daha üstün mövqeyini irəli sürən bu əsər Hinduizmin Bhakti hərəkatında fundamental müqəddəs mətnlərdən biri hesab olunur.
Həyatı Cayadeva tanınmış bir Brahman ailəsində anadan olmuşdur. O, Puri məbəd şəhəri yaxınlığındakı Kenduli Sasan kəndində (müasir Odişa) doğulmuşdur. Kurmapataka məbədində sanskrit dilini və rəqs sənətini öyrənmiş, daha sonra elə burada dərs demişdir. Şərqi Qanq sülaləsindən olan maharaca Çodanqadeva və onun oğlu Raqhava şairə hamilik etmişdir. Cayadeva həyatının son illərini Benqaliyada maharaca Lakşmanasenanın sarayında keçirmişdir.
Yaradıcılığı Şair sanskrit dilində qələmə aldığı «Gita Qovinda» ("Çobanın nəğməsi") poeması ilə şöhrət qazanmışdır. Bu əsər formal olaraq ənənəvi mahakavya (epik poema) strukturunda yaradılmış olsa da, həm üslubuna, həm də kompozisiyasına görə tamamən yeni və özünəməxsus bir janrdır. Poemanın hər bir fəsli xalq yaradıcılığı mənşəli nəğmələrdən (padavali) ibarət bir neçə hissəyə bölünür və bu nəğmələr bir və ya iki beytlə təqdim olunur. Həmin nəğmələr Krişna, onun sevgilisi Radha və ya Radhanın rəfiqəsinin dialoqları şəklində verilmişdir.
Poema Krişnanın Radhaya qarşı soyuduğunu və digər çoban qızları ilə sevgiyə qapıldığını təsvir edir. Radhanın rəfiqəsi Krişnanı məzəmmət edir, ona Radhanın çəkdiyi iztirabları başa salır və Krişna öz həqiqi sevgisinə qayıdır — poema Krişna və Radhanın qovuşma sevinci ilə yekunlaşır.
«Gita Qovinda» əsasən lirik əsərdir; ona dini mahiyyət — vişnuizmin kanonik mətninə çevrilməsi — daha sonrakı dövrlərdə verilmişdir. Bununla yanaşı, «Gita Qovinda» xalq yaradıcılığı ilə sıx əlaqəsi sayəsində ənənəvi sanskrit poeziyasının çərçivələrini aşmış və benqal ədəbiyyatının incilərindən biri kimi də qəbul edilmişdir.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
Sanskrit Scholars of Odisha (pdf)
Kateqoriya:Bhakti hərəkatı Kateqoriya:Hindu müqəddəsləri Kateqoriya:Hindu şairləri Kateqoriya:Krişna Kateqoriya:Sanskrit dilində yazan şairlər