Əbu Yalə Məhəmməd ibn əl-Hüseyn ibn Məhəmməd ibn Xələf əl-Fərra (; ) — tanınmış hənbəli hüquqçusu, kəlamçı, mühəddis və müfəssir.

Hənbəli fiqhində nüfuz sahibi olan Əbu Yalə, məzhəb təəssübünə qapılmayaraq, lazım gəldikdə məzhəb imamının görüşlərinə zidd olan bəzi ictihadlar irəli sürən bir alim idi.

Həyatı Hicri 380-ci (aprel 990) ildə Bağdadda anadan olmuşdur. Atası hənəfi məzhəbinə mənsub fəqih və mühəddis idi. Ana tərəfdən babası Əbül-Qasım ibn Hənifə də mühəddis, böyük qardaşı Əbu Həzim isə mötəziləyə meyilli bir mühəddis idi.

O, kiçik yaşlarından hədis öyrənməyə başlamışdır. Başda babası İbn Hənifə, Hakim ən-Nişaburi və İbn Əbül-Fəvaris olmaqla, Əbül-Qasım əs-Saydəlani, Ümmül-Fəth Əmətüs-Salam əl-Bağdadiyyə, Əbül-Qasım ibn Həbbabə, Əbu Abdullah ibn əl-Bağdadi, Əbül-Həsən Əli ibn Məruf əl-Bəzzaz, Əbül-Həsən əs-Sükkəri, Əbül-Həsən Əli ibn Əhməd əl-Həmmami kimi çoxlu mühəddislərdən hədis dinləmişdir. Bundan başqa, elm öyrənmək məqsədilə getdiyi Məkkə, Dəməşq və Hələbdə Əbu Nəsr əs-Siczi və Əbdürrəhman ibn Əbu Nəsr kimi hədis alimlərindən dərs almışdır.

Onun hənbəli fiqhinə meyli 10 yaşında atasını itirdikdən sonra başlamışdır. İbn Müfrihə adlı bir alimdən Xiraqinin "əl-Müxtəsər" əsərinin bəzi hissələrini oxuyan Əbu Yalə, müəlliminin tövsiyəsi ilə məşhur hənbəli hüquqşünası İbn Həmiddən fiqh dərsləri almış və bu məzhəbi mənimsəmişdir. Hicri 402-ci (1012) ildə çıxdığı həcc səfəri zamanı öz yerinə vəkil təyin etdiyi müəllimi İbn Həmidin hicri 403-cü (1012) ildə vəfatından sonra onun dərs məclisində dərs deməyə və fətva verməyə başlamışdır. Hicri 414-cü (1024) ildə yenidən həccə getmiş, qayıtdıqdan sonra da dərs verməyə davam etmişdir. Bununla yanaşı fiqh, fiqh üsulu, kəlam, xilaf elmi, təfsir və digər müxtəlif elm sahələrinə dair əsərlər qələmə almışdır.

Zaman keçdikcə hədis sahəsində də böyük nüfuz qazanan Əbu Yalə cümə namazından sonra Mənsur məscidində Abdullah ibn Əhməd ibn Hənbəlin minbərində hədis dərsləri keçərdi. Dövlət adamları və tanınmış alimlərin də iştirak etdiyi bu dərslərdə böyük izdiham olardı. Çoxlu hədis rəvayət edən Əbu Yalə, Xətib əl-Bağdadinin fikrincə etibarlı (siqa) bir ravi idi. Səfədi isə onun hədis mətn və isnadlarındakı gizli qüsurları (illətləri) müəyyən etməkdə kifayət qədər mahir olmadığını, üsul və füru məsələlərində dəlil kimi bir çox zəif hədislərdən istifadə etdiyini qeyd etmişdir. Zəhəbinin də bu barədə qənaəti eyni istiqamətdədir. Hədis sahəsindəki fikirlərindən Əbül-Fərəc ibn əl-Cövzinin "Səydül-xatir", İbn Kəsirin "əl-Bəisül-həsis" və Süyutinin "Tədribür-ravi" kimi müxtəlif əsərlərində sitatlar gətirilmişdir.

Yetişdirdiyi tələbələr arasında hədis sahəsində oğulları Əbül-Qasım Ubeydullah və Əbül-Hüseyn Məhəmməd, həmçinin Xətib əl-Bağdadi, Hibətullah ibn Əbdülvaris əş-Şirazi, Əbül-Fəzl ibn Xeyrun, Əbül-Həsən ibn Rizvan, Əli ibn Məhəmməd əd-Daməğani və Məhəmməd ibn Əhməd əş-Şaşi; fiqh sahəsində isə Əbül-Vəfa ibn Əqil, Kəlvəzani, İbn əl-Bənna əl-Bağdadi və Əbu Məhəmməd Rizqullah ibn Əbdülvəhhab ət-Təmimi kimi çoxsaylı alimlər vardır.

Əbu Yalə hicri 421-ci (1030) və ya 422-ci (1031) ildə baş qazı (qazıl-quzat) Əbu Abdullah ibn Məkulənin yanında şahidlik (notariat xidməti) vəzifəsinə təyin olunmaq barədə ilk təklifi qəbul etməmişdir. Lakin hicri 428-ci (1037) ildən sonra israrla təkrarlanan ikinci təklifi rədd edə bilməmişdir. Xəlifə Qaim-Biəmrillah, İbn Məkulənin hicri 447-ci (1055) ildə vəfatından sonra boşalan Dərül-xilafə və Hərim qazılığı vəzifəsini böyük etimad və hörmət bəslədiyi Əbu Yaləyə təklif etmişdir. Əvvəlcə bu vəzifədən imtina etsə də, təkidlərdən sonra yalnız müəyyən şərtlərlə vəzifəni qəbul etmişdir. O, rəsmi təntənəli yürüşlərdə, sultanın qarşılanma mərasimlərində iştirak etməyəcəyini, saraya getməyəcəyini, məsul olduğu Nəhrül-muəlla və Bəbül-əzəc qazılıq mərkəzlərinə isə ayda yalnız bir dəfə baş çəkəcəyini şərt qoymuşdur. Əslində Hərim qazılığına Əbüt-Təyyib ət-Təbəri kimi görkəmli bir alim namizəd göstərilsə də, Qaim-Biəmrillah Əbu Yaləni seçmişdir. Sonralar ona Harran və Hulvan qazılığı da həvalə edilmişdir. Daha sonra Babül-əzəcə Cili adlı şəxsi təyin etmiş, lakin onun bəzi səhvlərini gördükdən sonra vəzifədən uzaqlaşdıraraq nikah və borc müqavilələri ilə bağlı işlərə baxmaq üçün tələbəsi Əbu Əli Yəqubu təyin etmişdir. Əmlakla bağlı məhkəmə işləri üçün Əbu Abdullah ibn əl-Bəqqalı, Dərül-xilafə və Nəhrül-muəlla üçün isə Əbül-Həsən əs-Sibini öz naibi təyin etmişdir. Əbu Yalə bütün bu vəzifələri ömrünün sonuna qədər icra etmiş, elmi səriştəsi, möhkəm xarakteri və məsuliyyətli xidmət anlayışı sayəsində xəlifənin getdikcə artan etimad və rəğbətini qazanmışdır.

Əbu Yalə hicri 458-ci ildə (avqust 1066-cı il) vəfat etmişdir. Onun cənazə namazını Mənsur məscidində oğlu Əbül-Qasım Ubeydullah qıldırmış, daha sonra isə cənazəsi Babül-Hərb qəbiristanlığında Əhməd ibn Hənbəlin qəbrinin yaxınlığında dəfn edilmişdir.

Əsərləri Fiqh, fiqh üsulu, xilaf elmi, tövhid, təfsir kimi müxtəlif elm sahələrində altmışa yaxın əsər qələmə aldığı bildirilən Əbu Yalənin dövrümüzə gəlib çatan əsərlərindən bəziləri bunlardır:

Əl-Uddə fi üsulil-fiqh. Məsailül-iman. Kitabür-Rivayəteyn vəl-vəcheyn. Əl-Əhkamüs-sultaniyyə. Əl-Cəmius-səğir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Müctəhidlər Kateqoriya:Hənbəlilər