İncə quruluş (multiplet parçalanma) – atom, molekul və kristallarda spin-orbital qarşılıqlıtəsir nəticəsində onların enerji səviyyələrinin və spektral xətlərinin parçalanması. Enerji səviyyəsinin parçalandığı alt səviyyələrin sayı spinin mümkün oriyentasiyalarının sayından (ϰ multipletlikdən; ϰ = 2s + 1; s – spindir) asılıdır və ϰ-dan böyük qiymət ala bilməz. Məsələn, qələvi metalların atomları üçün xarici elektronun spini orbital momentin istiqamətinə nəzərən iki yönəlməyə (oriyentasi­yaya) malik ola bildiyindən ϰ = 2 olur və onların enerji səviyyələri iki alt səviyyəyə parçalanır  (dublet parçalanma); uyğun spektral xətlər isə bir-birinə yaxın iki xəttə (dubletə) parçalanır.

Yüngül atomlar üçün enerji səviyyələrinin incə parçalanmasının qiyməti 10-5 ev artıq olmur və buna uyğun spektral xətlərin parçalanması isə (dalğa ədədləri vahidində) bir neçə cm-1 tərtibində olur. Enerji səviyyələrinin parçalanma dərəcəsi nüvənin (elektrik) yükünün artması ilə kəskin artır; belə ki,  ağır atomlarda bu parçalanmanın qiyməti 10-1 ev tərtibinə çata bilir və bu da  artıq “incə” quruluş anlayışına uyğun gəlmir.

Qeyd etmək lazımdır ki, incə quruluş yalnız spin–orbital qarşılıqlı təsir nəticəsində deyil, həm də elektronun kütləsinin onun sürətindən asılılığı (relyati­vistik effekt) sayəsində meydana çıxır. Hər iki səbəbdən baş verən parçalanma α (dimenzionsuz fundamental fiziki sabitlərdən biri olaraq α – incə quruluş sabiti adlandırılır və qiyməti ≈ 1/137 bərabərdir) parametrinin kvadratı tərtibindədir və ona görə də eyni zamanda nəzərdən keçirilməlidir. Kateqoriya:Kvant fizikası Kateqoriya:Kvant kimyası Kateqoriya:Spektroskopiya