Asya Fikrət qızı Atayeva () — Azərbaycanlı kapoeyraçı, inklüziv idman mütəxəssisi, idman idarəçisi, C kateqoriyalı beynəlxalq dərəcəli hakim, Azərbaycan Kapoeyra Federasiyasının İdarə Heyətinin üzvü, kapoeyra üzrə Azərbaycan milli yığma komandasının məşqçisi, Wolf Kapoeyra Akademiyasının direktoru, kapoeyra üzrə 5 qat Azərbaycan çempionu və beynəlxalq çempionatların çoxqat mükafatçısı.

Kapoeyra üzrə beynəlxalq yarışlarda Azərbaycanı professional kateqoriyada təmsil edən yeganə qadın idmançıdır. O, idman fəaliyyəti ilə yanaşı, həssas kateqoriyadan olan uşaq və gənclərin kapoeyra idman növü vasitəsilə sosial reabilitasiyası, adaptasiyası və inklüziv inteqrasiyası sahəsində ölkədə konseptual layihə müəllifi və tətbiqçisidir.

Azərbaycan, rus və ingilis dillərini bilir. Subaydır.

Həyatı və təhsili

Asya Fikrət qızı Atayeva 15 mart 1998-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. 2004–2013-cü illərdə Bakı şəhəri 240 nömrəli tam orta məktəbdə əsas təhsilini almışdır. 2013–2017-ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Kollecində, 2017–2021-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. 2022-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (indiki Azərbaycan İdman Akademiyası) Məşqçilik (indiki Menecment) fakültəsində "İdman menecmenti və kommunikasiya" ixtisası üzrə ali ixtisas təhsilini davam etdirir.

İdman karyerası

2011-ci ildən kapoeyra idman növü ilə məşğuldur. Bu illər ərzində 5 dəfə Azərbaycan çempionu olmuş, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuşdur. 2017-ci ildən etibarən Azərbaycan Kapoeyra Federasiyasının (AKF) məşqçilər kollegiyasının və milli yığma komandasının üzvüdür.

Şəxsi məşqçisi Elgiz Əlizadədir.

Yerli turnirlər və nailiyyətlər

Kapoeyra üzrə Azərbaycan Çempionatı: 5 dəfə I yer (Qızıl medal — 5 qat Azərbaycan çempionu), 2 dəfə II yer (Gümüş medal), 1 dəfə III yer (Bürünc medal). "Baku Open" turniri: 1 dəfə I yer (Qızıl medal). Bakı Çempionatı: 1 dəfə II yer (Gümüş medal).

Beynəlxalq turnirlər və nailiyyətlər

2013: Ümumdünya Kapoeyra Federasiyasının Bakıda keçirilən Dünya Çempionatında III yer (Bürünc medal) 2021: Joga Bonito 2 solo yarışında II yer. 2022: Polşanın Zakopane şəhərində keçirilən "Tatra Open International" beynəlxalq turnirində I yer (Qızıl medal). 2023: Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən "Tallinn Cup" beynəlxalq turnirində I yer (Qızıl medal). 2024: Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Avropa Kapoeyra Çempionatında II yer (Gümüş medal). 2024: Braziliyanın Kuritiba şəhərində keçirilən "Desafio" beynəlxalq turnirində II yer (Gümüş medal). 2025: Almaniyanın Münxen şəhərində keçirilən "Bimba Open Europe" beynəlxalq turnirində III yer (Bürünc medal).

Məşqçilik fəaliyyəti

Aktiv pedaqoji və məşqçilik fəaliyyətini davam etdirir. O, idmançıların yetişdirilməsində, onların texniki-taktiki hazırlığında və idman ustalıqlarının artırılmasında iştirak edir. Fərdi təlim-məşq proseslərinə rəhbərlik etməklə yanaşı, milli yığma komandanın məşqçilər korpusunun üzvü kimi idmançıların beynəlxalq yarışlara hazırlığını həyata keçirir. 2016: Azərbaycan Kapoeyra Federasiyası tərəfindən "İlin ən yaxşı qadın idmançısı" adına layiq görülmüşdür. 2019: Azərbaycan Kapoeyra Federasiyası tərəfindən "İlin ən yaxşı xanım məşqçisi" adını qazanmışdır.

İnklüziv kapoeyra və sosial reabilitasiya

Kapoeyra metodikasını həssas qruplardan olan uşaq və gənclərin sosial reabilitasiyası və cəmiyyətə adaptasiyası vasitəsi kimi tətbiq edən əsas mütəxəssislərdəndir:

2022–2023: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və AKF-nin birgə icra etdiyi, "Münaqişədən sonra uşaq və gənclərə dəstək" (ing. "Post Conflict support youth and kids") proqramında mütəxəssis-məşqçi kimi çalışmışdır. 2022–hal-hazırda: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və həssas kateqoriyaya aid digər benefisiarlara kapoeyra təlimləri keçir. Onun yetirmələri respublika səviyyəli yarışlarda yüksək nəticələr göstərmişdir. 2025: Azərbaycan Kapoeyra Federasiyası və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə tərəfdaşlığı ilə həssas qrupların cəmiyyətə inteqrasiyası məqsədilə reallaşdırılan "Kapoeyra ilə ümid yarat!" sosial-idman proqramının müəllifidir.

İdman idarəçiliyi və beynəlxalq hakimlik

2024–hal-hazırda: Wolf Kapoeyra Akademiyasının direktoru kimi fəaliyyət göstərir. 2024–hal-hazırda: Azərbaycan Kapoeyra Federasiyasının İdarə Heyətinin üzvüdür.

Hakimlik və təşkilatçılıq: Ümumdünya Kapoeyra Federasiyasının (WCF) C kateqoriyalı beynəlxalq dərəcəli hakimidir. Azərbaycan Kapoeyra Federasiyasının keçirdiyi respublika çempionatlarında Baş katib kimi fəaliyyət göstərir. 2024-cü ildə Budapeştdə keçirilən Avropa Çempionatında beynəlxalq hakim kimi təmsil olunmuş, 2026-cı ildə Türkiyənin Samsun şəhərində WCF tərəfindən keçirilən "Samsun Open 2026" beynəlxalq turnirinin Baş katibi vəzifəsinə təyin olunmuşdur.

Mükafatları

2024: Reabilitasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində, həssas qruplarla işdə və sosial inteqrasiya proqramlarındakı aktiv fəaliyyətinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəkkürnaməsi ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər

Azərbaycan Kapoeyra Federasiyasının rəsmi saytında — Asya Atayeva Ümumdünya Kapoeyra Federasiyasının rəsmi saytında — Asya Atayeva

Xanım məşqçimiz Asya Atayeva "MAG" verlişinin qonağı oldu. Kapoeyra Haqqında sizlərlə nə bölüşdü?

Kateqoriya:Azərbaycan idmançıları