Eyni vaxtda çoxaxınlıq (EVÇ) – avadanlıq səviyyəsində çoxaxınlıq imkanına malik superskalyar mərkəzi prosessorların ümumi səmərəliliyini artırmaq üçün istifadə olunan texnikadır. EVÇ müasir prosessor memarlıqlarının təqdim etdiyi resurslardan daha yaxşı istifadə etmək üçün bir neçə müstəqil icra axınının paralel çalışmasına imkan yaradır.

Detallar "Çoxaxınlıq" anlayışı ikimənalıdır, çünki bir mərkəzi prosessor (MP) nüvəsində yalnız eyni vaxtda bir neçə axın deyil, həm də bir neçə tapşırıq (müxtəlif yaddaş səhifəsi cədvəlləri, müxtəlif tapşırıq vəziyyəti seqmentləri, müxtəlif mühafizə halqaları, müxtəlif giriş-çıxış (G/Ç) icazələri və s. ilə) icra edilə bilər. Eyni nüvədə işləmələrinə baxmayaraq, onlar bir-birindən tamamilə təcrid olunublar.Çoxaxınlıq konsepsiya baxımından qabaqlayıcı çoxşaxəliliyə bənzəyir, lakin müasir superskalyar prosessorlarda icranın axın səviyyəsində tətbiq olunur.

Eyni vaxtda çoxaxınlıq çoxaxınlığın iki əsas tətbiqindən biridir; digər forması isə zamana görə çoxaxınlıqdır (həmçinin super-çoxaxınlıq kimi tanınır). Zamana görə çoxaxınlıqda konveyerin hər hansı müəyyən mərhələsində eyni anda yalnız bir axına aid təlimatlar icra edilə bilər. Eyni vaxtda çoxaxınlıqda isə konveyerin hər hansı müəyyən mərhələsində eyni anda birdən çox axından gələn təlimatlar icra oluna bilər. Bu proses əsas prosessor memarlığında böyük dəyişikliklər edilmədən həyata keçirilir: tələb olunan əsas əlavələr bir dövrdə (tsikldə) bir neçə axından təlimatları gətirmək (fetch) qabiliyyəti və bir neçə axından gələn məlumatları saxlamaq üçün daha böyük registrlər toplusudur. Eyni vaxtda çalışan axınların sayı çip tərtibatçıları tərəfindən müəyyən edilir. Mərkəzi prosessor nüvəsi başına eyni vaxtda çalışan iki axın geniş yayılıb, lakin bəzi prosessorlar bundan daha çoxunu dəstəkləyir.

Paylaşılan resurslarda qaçılmaz olaraq münaqişəni (ziddiyyəti) artırdığı üçün onun səmərəliliyini ölçmək və ya bu barədə razılığa gəlmək çətin ola bilər. Lakin keçmiş 130 nm - 32 nm Intel EVÇ tətbiqlərində paralel yerli (native) və idarə olunan iş yükləri ilə SMT-nin ölçülmüş enerji səmərəliliyi göstərdi ki, 45 nm və 32 nm tətbiqlərində SMT, hətta ardıcıl icra olunan (in-order) Atom prosessorlarında belə son dərəcə enerji səmərəlidir. Müasir sistemlərdə SMT çox az əlavə dinamik güc sərfiyyatı ilə eynivaxtlılıqdan səmərəli istifadə edir. Yəni məhsuldarlıq artımı minimal olduqda belə, enerji sərfiyyatındakı qənaət əhəmiyyətli dərəcədə böyük ola bilər.ASPLOS'11

Bəzi tədqiqatçılar hətta göstərmişlər ki, əlavə axınlardan başqa bir tək axının məhsuldarlığını artırmaq üçün keş kimi paylaşılan resursu əvvəlcədən doldurmaq (yükləmək) məqsədilə profilaktik olaraq istifadə etmək mümkündür və bunun SMT-nin yalnız səmərəliliyi artırmaqla məhdudlaşmadığını sübut etdiyini iddia edirlər. Digərləri isə müəyyən səviyyədə xətaların aşkar edilməsi və bərpası üçün artıq (dublikat) hesablamalar təmin etmək məqsədilə EVÇ Bəzi tədqiqatçılar hətta göstərmişdirlər ki, əlavə axınlardan (threads) keş kimi paylaşılan resursu qabaqcadan doldurmaq və digər tək bir axının performansını artırmaq üçün aktiv şəkildə istifadə etmək olar. Onlar bunun EVÇ-nin yalnız səmərəliliyi artırmaqla məhdudlaşmadığını sübut etdiyini iddia edirlər. Digərləri isə müəyyən səviyyədə xətaların aşkar edilməsi və bərpasını təmin etmək üçün EVÇ-dən redundant (təkrarlanan/ehtiyat) hesablamalar aparmaq məqsədilə istifadə edirlər.

Bununla belə, mövcud halların çoxunda EVÇ-nin əsas məqsədi yaddaşa müraciət kimi yüksək ləngiməli əməliyyatlar zamanı yaranan durğunluqları gizlətməkdir. Beləliklə, o, mövcud resurslardan daha çox istifadə etməklə istifadə olunan aparat təminatının miqdarına düşən hesablamaların buraxılış qabiliyyətini, eləcə də səmərəliliyi artırır.

Taksanomiya Prosessor dizaynında daha az resurs tələbi ilə çipdaxili paralelliyi artırmağın iki yolu vardır: birincisi, təlimat səviyyəsində paralellikdən istifadə etməyə çalışan superskalyar texnikası; digəri isə axın səviyyəsində paralellikdən stifadə edən çoxaxınlıq yanaşmasıdır.

Superskalyar dedikdə eyni anda bir neçə təlimatın icra olunması nəzərdə tutulur, axın səviyyəsində paralellik (TLP) zamanı isə eyni anda bir prosessor çipi daxilində bir neçə axından gələn təlimatlar icra edilir. Bir çip daxilində birdən çox axını dəstəkləməyin bir çox yolu var, yəni:

Növbəli çoxaxınlıq: Müxtəlif axınlardan gələn bir neçə təlimatın növbəli şəkildə buraxılması; buna zamana görə çoxaxınlıq da deyilir. Növbəli buraxılışların tezliyindən asılı olaraq incədanəli çoxaxınlıq və ya kobuddanəli çoxaxınlıq növlərinə bölünə bilər. İncədanəli çoxaxınlıq (məsələn, konveyer prosessorunda) hər dövrdən sonra müxtəlif axınlar üçün təlimatlar buraxır, kobuddanəli çoxaxınlıq isə yalnız hazırda icra olunan axın uzun ləngiməli hadisələrə (səhifə xətası və s. kimi) səbəb olduqda digər axından təlimat buraxılışına keçir. Axınlar arasında daha az kontekst dəyişikliyi olduğuna görə kobuddanəli çoxaxınlıq daha yayğındır. Məsələn, Intel-in Montecito prosessoru kobuddanəli çoxaxınlıqdan, Sun-ın UltraSPARC T1 prosessoru isə incədanəli çoxaxınlıqdan istifadə edir. Nüvə başına yalnız bir konveyerə malik prosessorlar üçün növbəli çoxaxınlıq yeganə mümkün yoldur, çünki o, bir dövrdə ən çoxu bir təlimat buraxa bilir. Eyni vaxtda çoxaxınlıq (EVÇ): Bir dövrdə bir neçə axından bir neçə təlimatın buraxılması. Prosessor bunu etmək üçün superskalyar olmalıdır. Çipsəviyyəli çoxprosessorluq (ÇÇP və ya çoxnüvəli): İki və ya daha çox prosessoru bir çipdə birləşdirir və hər biri axınları müstəqil şəkildə icra edir. Çoxaxınlı/EVÇ/ÇÇP texnologiyalarının hər hansı kombinasiyası.

Onları fərqləndirmək üçün əsas amil prosessorun bir dövrdə (tsikldə) neçə təlimat buraxa bildiyinə və bu təlimatların neçə axından gəldiyinə baxmaqdır. Məsələn, Sun Microsystems şirkətinin UltraSPARC T1 prosessoru eyni vaxtda çoxaxınlıq (EVÇ) əvəzinə incədanəli çoxaxınlıq texnikası ilə birləşdirilmiş çoxnüvəli prosessordur, çünki hər bir nüvə eyni anda yalnız bir təlimat buraxa bilir.

Tarixi tətbiqlər Çoxaxınlı MP-lər 1950-ci illərdən bəri mövcud olsa da, EVÇ ilk dəfə 1968-ci ildə IBM tərəfindən ACS-360 layihəsinin tərkib hissəsi kimi tədqiq edilmişdir. EVÇ ilə işlənilmiş ilk böyük kommersiya mikroprosessoru Alpha 21464 (EV8) olmuşdur. Bu mikroprosessor Kaliforniya Universitetindən (San-Dieqo) Din Tallsena, Vaşinqton Universitetindən syuzan Eqqers və Henri Levinin koordinasiyası ilə DEC şirkəti tərəfindən hazırlanmışdı. Mikroprosessor heç vaxt satışa çıxarılmadı, çünki DEC şirkətini satın alan Compaq, HP tərəfindən əldə edilməzdən qısa müddət əvvəl Alpha mikroprosessor xəttinin istehsalını dayandırdı. Din Tallsenanın işlərindən Intel Pentium 4 mikroprosessorlarının "Northwood" və "Prescott" kimi hiper-çoxaxınlıq versiyalarını hazırlamaq üçün də istifadə olunmuşdur.

Müasir kommersial tətbiqlər

x86/x86-64 Intel Pentium 4, 2002-ci ildə buraxılmış 3.06 QHs modelindən başlayaraq EVÇ-ni tətbiq edən ilk müasir masaüstü prosessoru olmuş və daha sonra bu texnologiya digər prosessorlara da tətbiq edilmişdir. Intel bu funksionallığı Hiper-Çoxaxınlılıq Texnologiyası adlandırır və iki axınlı əsas EVÇ mühərriki təqdim edir. Intel başqa cəhətdən tamamilə eyni olan, lakin EVÇ dəstəyi olmayan Pentium 4 ilə müqayisədə 30%-ə qədər sürətlənmə olduğunu iddia edir. Məhsuldarlığın artımı böyük dərəcədə tətbiqdən asılıdır; belə ki, prosessorun bütün diqqətini tələb edən iki proqram eyni vaxtda icra olunduqda Hiper-Çoxaxınlılıq yandırıldıqda proqramlardan birinin və ya hər ikisinin bir qədər ləngidiyi müşahidoluna bilər. Bu, Pentium 4-ün təkrar icra sisteminin dəyərli icra resurslarını tutması, zolaq genişliyi, keşlər, TLB-lər, yenidən nizamlanma buferi daxilolmaları kimi resurslar uğrunda rəqabəti artırması və prosessor resurslarını iki proqram arasında bərabərləşdirərək icra vaxtını dəyişən dərəcədə uzatması ilə bağlıdır. Pentium 4 Prescott nüvəsi təkrar icra növbəsi qazandı və bu, təkrar icra sistemi üçün tələb olunan vaxtı azaltdı. Bu təkmilləşdirmə həmin məhsuldarlıq itkisini tamamilə aradan qaldırmaq üçün kifayət etdi.

İlk dəfə 2008-ci ildə buraxılmış Intel Atom prosessoru təlimatların yenidən nizamlanması, spekulyativ icra və ya registrlərin yenidən adlandırılması texnologiyalarını dəstəkləmədən 2 tərəfli EVÇ (Hyper-Threading adı altında təqdim olunan) funksiyasına malik ilk Intel məhsuludur. Intel, Core mikromemarlığında istifadə etmədiyi Hiper-Çoxaxınlılıq texnologiyasını Nehalem mikromemarlığı ilə yenidən təqdim etdi.

Intel Xeon Phi (2010–2020) adət olunmuş Hiper-Çoxaxınlılıqdan fərqli olaraq, söndürülməsi mümkün olmayan avadanlıq əsaslı axınlara malik 4 tərəfli EVÇ (zamana görə sıxlaşdırılmış/çoxlanmış çoxaxınlıq ilə) texnologiyasına malikdir.

AMD Bulldozer mikromemarlığı (2011) iki axınlı "modullardan" istifadə edir. Hər modulda iki ayrı tam ədəd nüvəsi yerləşir, lakin FlexFPU və L2 keş paylaşıldığı üçün bu, yalnız natamam EVÇ tətbiqidir. AMD-nin Zen mikromemarlıq ailəsi 2 tərəfli EVÇ-yə malikdir. Zen 5 nüvəsindəki resursların çoxu EVÇ zamanı rəqabətli şəkildə paylaşılır və bu, aktiv axına bütün resursları (və ya su nişanı olan resurslar halında "əksəriyyətini") götürməyə imkan verir. Statik olaraq bölünmüş istisnalara isə mikro-əməliyyat növbəsi, təqaüd (retirement) növbəsi və FPU-nun planlaşdırılmayan növbəsi daxildir.

MIPS Imagination Technologies şirkətinin ən son MIPS memarlıq dizaynlarına "MIPS MT" kimi tanınan EVÇ sistemi daxildir. MIPS MT həm ağırçəkili virtual emal elementlərini, həm də daha yüngül avadanlıq mikroaxınlarını təmin edir. Kupertino şəhərində yerləşən RMI startapı hər biri dörd axın icra edən səkkiz nüvəyə əsaslanan prosessor çipini (SoC) təqdim edən ilk MIPS tədarükçüsüdür. Axınlar incədanəli rejimdə işlədilə bilər; bu rejimdə hər dövrdə müxtəlif axın icra oluna bilər. Axınlara, həmçinin prioritetlər də təyin edilə bilər. Imagination Technologies MIPS mərkəzi prosessorları nüvə başına iki EVÇ axınına malikdir.

POWER/PowerPC/Power ISA IBM-in Blue Gene/Q modeli 4 tərəfli EVÇ-yə malikdir.

2004-cü ilin may ayında elan edilmiş IBM POWER5 modeli iki nüvəli ikiçipli modul (DCM), yaxud dörd və ya səkkiz nüvəli çoxçipli modul (MCM) şəklində təqdim olunur və hər bir nüvə iki axınlı EVÇ mühərrikini əhatə edir. IBM-in tətbiqi əvvəlkilərdən daha mürəkkəbdir, çünki o, müxtəlif axınlara fərqli prioritetlər təyin edə bilir, daha incədanəlidir və EVÇ prosessorunun məhsuldarlığı artırmayacağı iş yüklərini daha yaxşı icra etmək üçün EVÇ mühərriki dinamik şəkildə yandırılıb-söndürülə bilər. Bu, IBM-in ümumi əlçatan olan avadanlıq səviyyəli çoxaxınlılığının ikinci tətbiqidir.

2010-cu ildə IBM hər biri dörd Eyni Vaxtda Ağıllı Axına malik səkkiz nüvəli POWER7 prosessoruna əsaslanan sistemləri çıxardı. Bu sistem həmin vaxt planlaşdırılan proses axınlarının sayından asılı olaraq axın rejimini bir, iki və ya dörd axın arasında dəyişir. Bu da minimal cavab müddəti və ya maksimal buraxılış qabiliyyəti üçün nüvənin istifadəsini optimallaşdırır. IBM POWER8 modeli isə nüvə başına 8 ağıllı eyni vaxtda çalışan axına (SMT8) malikdir.

IBM Z IBM Z sistemləri 2013-cü ildə çıxan z13 prosessorundan başlayaraq nüvə başına iki axına (SMT-2) malikdir.

SPARC