Elçin Fikrət oğlu Vəliyev (11 avqust 1983, Moskva) — Azərbaycan alimi, texnika elmləri doktoru, Elm Və Təhsil Nazirliyinin Geologiya İnstitutu PHŞ-nin direktor müavini və direktor vəzifəsini icra edən. Stenford Universitetinin tərtib etdiyi dünyanın ən nüfuzlu 2% alimləri siyahısına (World's Top 2% Scientists) daxil edilmişdir.

Neft-qaz mühəndisliyi və neftvermənin artırılması sahəsində 100-dən çox elmi əsərin, 5 patentin, eləcə də ABŞ-ın "Wiley" nəşriyyatında çap olunmuş monoqrafiyaların həmmüəllifidir.

Həyatı və təhsili Elçin Vəliyev 11 avqust 1983-cü ildə Moskva şəhərində anadan olmuşdur. 2000-ci ildə orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olmuş, 2004-cü ildə həmin ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra BDU-da "Landşaftşünaslıq" ixtisası üzrə magistratura pilləsində təhsil almışdır. 2006–2007-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

Təhsilini və ixtisaslaşmasını davam etdirən E. Vəliyev 2010–2012-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft mühəndisliyi üzrə ixtisasartırma kursunu bitirmiş, 2015–2018-ci illərdə isə Ukraynanın İvano-Frankovski Milli Texniki Universitetində qazma mühəndisliyi üzrə bakalavr təhsili almışdır. 2018-ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almış, sonradan tədqiqatlarını davam etdirərək texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Əmək fəaliyyəti Elçin Vəliyev əmək fəaliyyətinə 2004-cü ildə "Azərkosmos" Dövlət Agentliyinin Ekologiya İnstitutunda kiçik elmi işçi kimi başlamış və 2006-cı ilədək burada çalışmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra, 2008–2010-cu illərdə "BJ Services" şirkətində baş laborant vəzifəsində işləmişdir.

2010-cu ildən etibarən fəaliyyətini SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda davam etdirmiş, 2010–2012-ci illərdə "Qazma məhlulları" laboratoriyasında, 2012–2017-ci illərdə isə "Analitik Tədqiqatlar" laboratoriyasında böyük elmi işçi vəzifələrində çalışmışdır. 2017–2022-ci illərdə həmin laboratoriyanın müdir müavini, 2022–2026-cı illərdə isə müdiri olmuşdur.

26 may 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müvafiq əmri ilə Geologiya İnstitutu PHŞ-nin direktor müavini və direktor vəzifəsini icra edən təyin edilmişdir.

Elmi fəaliyyəti Elçin Vəliyevin elmi tədqiqatları neft mühəndisliyi və neft-mədən kimyası, xüsusilə layların neftvermə əmsalının artırılması (EOR), nanomaterialların (nanofluidlər, nanogellər və kolloid dispersiyalar) tətbiqi, polimerlərin məsaməli mühitdə davranışı, eləcə də qazma və sementləmə texnologiyalarına həsr olunmuşdur. Alim laylarda su axınının idarə olunması, polimerlərin adsorbsiyası, az duzluluqlu suların neftçıxarmaya təsiri və EOR üsullarının qiymətləndirilməsi sahəsində bir çox tədqiqatların müəllifidir.

O, 102 elmi əsərin, o cümlədən 50 elmi məqalənin, 40 tezisin və 5 ixtira patentinin həmmüəllifidir. Tədqiqatlarının nəticələri Journal of Petroleum Science and Engineering, Petroleum Science and Technology və Modern Physics Letters B kimi nüfuzlu beynəlxalq jurnallarda dərc edilmişdir. E. Vəliyev 2021–2024-cü illərdə Stenford Universitetinin tərtib etdiyi dünyanın ən nüfuzlu 2% alimləri siyahısına (World's Top 2% Scientists) daxil edilmişdir.

Elçin Vəliyev 7 kitab və monoqrafiyanın müəllifidir. Onun elmi əsərləri sırasında ABŞ-ın "John Wiley & Sons" nəşriyyatında işıq üzü görmüş "Nanocolloids for Petroleum Engineering: Fundamentals and Practices", "Oil and Gas Well Cementing for Engineers" və "Methods for Enhanced Oil Recovery: Fundamentals and Practice" adlı monoqrafiyaları xüsusi yer tutur.

Seçilmiş elmi əsərləri

Monoqrafiyalar və dərsliklər

Seçilmiş elmi məqalələr

İstinadlar

Xarici keçidlər Elçin Vəliyevin Google Scholar akademik profili

Elçin Vəliyevin Scopus beynəlxalq elmi bazasındakı profili

Elçin Vəliyevin ORCID id identifikasiya profili

Elçin Vəliyevin ResearchGate elmi sosial şəbəkəsindəki profili

Elçin Vəliyevin Web of Science (Clarivate Analytics) profili

Elçin Vəliyevin LinkedIn peşəkar şəbəkə profili

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun rəsmi saytı

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:AMEA Geologiya və Geofizika İnstitutunun alimləri Kateqoriya:AMEA Geologiya və Geofizika İnstitutu Kateqoriya:Azərbaycanlı alimlər