Mirzə Yaqub və ya Yaqub Markaryants () — Fətəli şah Qacarın hərəmxanasının üç xədimindən biri olan mirzə. Şah xəzinəsinin idarəçisi.
Həyatı
Yüksəlişi Yaqub İrəvanda anadan olmuşdur. Erməni Markarovlar (Markaryants) nəslindən idi. İlkin təhsilini erməni monastırında almış, 1804-cü ildə təhsilini davam etdirmək üçün bir karvana qoşularaq Tiflisə yola düşmüşdü. Gürcüstana gedərkən, Pəmbək ərazisinin yaxınlığında karvan fars dəstəsinin hücumuna məruz qalmışdır. Hücum nəticəsində insanların əksəriyyəti öldürülmüş, sağ qalanların bir qismi isə əsir götürülərək İranın içərilərinə aparılmışdır. Əsirlərin arasında o zaman 18–19 yaşlarında olan Yaqub da var idi. Təbrizdə onu və bir neçə digər erməni əsiri axtalamış, daha sonra Tehrana, şah sarayına göndərmişdilər. O, burada həmvətəni, baş xədim Ağa-Yaqub-Qutulinin himayəsi altında tərbiyə almışdır. Yaqub əvvəllər yalnız erməni yazısını bilsə də, Qutulinin rəhbərliyi ilə fars və ərəb dillərini də öyrənmişdir. Tehrandan keçən Yeni Culfa erməni tacirlərindən biri ona ikili mühasibatı öyrətmişdir. Mühasibat uçotu və xarici dilləri bilməsi Yaqubun ilkin uğurunun əsasını qoymuşdur. Şahın fərmanlarını və ona tapşırılan hesablamaları mümkün qədər qısa müddətdə yerinə yetirən Mirzə Yaqub şahın yaxın adamlarından birinə çevrilmişdir. Tezliklə o, İrana aparılmış və sonradan şahın xədimlərinə çevrilmiş digər həmvətənləri Xosrov-xan (Kaytmazyants) və Mənuçöhr-xan (Yenikolopyants) ilə birlikdə ticarət şirkəti yaratmışdır. Şirkət vasitəçilər olmadan şah sarayını və hərəmxananı təchiz etməyə başlamışdır. Bu müəssisə təsisçiləri üçün kifayət qədər gəlirli idi.
Mirzə Yaqub qazandığı bütün pulları təhsilinə, böyük kitabxana yaratmağa, repetitorların tutulmasına və İrəvanda yaşayan yaxınlarına kömək etməyə sərf edirdi. Yaradılmış təşkilat 1819-cu ilədək fəaliyyət göstərmiş, həmin il onun təsisçilərinin hər biri şah tərəfindən yüksək vəzifələrə təyin edilmişdir. Şahın əmri ilə Mirzə Yaqub eyni vaxtda dövlət xəzinəsinin müfəttişi və baş xəzinədarı vəzifələrinə təyin olunmuşdur.
Ölümü
1828-ci ilin yayında qüvvəyə minən Türkmənçay müqaviləsinin XIV bəndi mülki əhalinin Rusiya ərazisinə sərbəst şəkildə köçürülməsini nəzərdə tuturdu və nəticədə bir çox İran ermənisi Rusiya imperiyasının yeni fəth etdiyi ərazilərə, xüsusilə Cənubi Qafqaza köçməyə başladı. Şah hərəmxanasının xəzinədarı, sarayda şahın qiymətli daşlarının baş xəzinədarı və qoruyucusu Mirzə Yaqub Markaryants da bu fürsətdən istifadə etmək məqsədilə Rusiya səfiri Aleksandr Qriboyedovun Tehrandakı iqamətgahında gizləndi. Səfirin daimi iqamətgahı Təbrizdə olsa da, o, Fətəli şahın qəbuluna düşmək üçün 1829-cu ilin yanvarında Tehrana gəlmişdi. Şah öz xəzinədarının ruslara sığındığını eşidəndə qəzəbinin həddi-hüdudu yox idi, çünki Mirzə Yaqub İranın maliyyə vəziyyətini açıqlaya və bir çox saraydaxili sirləri yaya bilərdi. Şah onun təhvil verilməsini tələb etdi, Rusiya missiyasının rəhbəri Qriboyedov isə bundan imtina etdi. Mirzə Yaqub şahın xəzinəsini oğurlamaqda ittiham olunurdu və iş məhkəməyə verildi. Şahla Qriboyedov arasındakı gərginlik, şahın kürəkəni Allahyar xan Qacarın hərəmindən olan iki erməni qadının rus missiyasına gəlməsindən sonra daha da pisləşdi. Qriboyedovun şah sarayı üçün vacib şəxslərə Rusiya səfirliyində sığınacaq verməsi yerli ruhanilərin təhriki ilə cəmiyyətdə narazılığın artmasına səbəb oldu.
1829-cu il yanvarın 30-da Allahyar xanın adamlarının rəhbərlik etdiyi yüzlərlə sakin Rusiya səfirliyinə soxuldu və Mirzə Yaqub da daxil olmaqla, oradakı demək olar ki, hər kəsi, o cümlədən Qriboyedovu öldürdü.
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:1829-cu ildə vəfat edənlər