Qəhvəyi ev () — Münxendə, Karolinenplats ilə Köniqsplats arasında yerləşən, əvvəllər Barlou sarayı () adı ilə tanınan və 1930-cu ildə nasistlər üçün satın alınmış malikanəyə verilən ad. Nasistlər binanı Nasist Partiyasının qərargahına çevirmişdilər. Binanın adı nasistlərin ilk dövrlərdəki qəhvəyi rəngli formalarından gəlir. Adolf Hitler də daxil olmaqla, bir çox görkəmli nasistlərin ofisi partiyanın mövcud olduğu bütün dövr ərzində burada fəaliyyət göstərirdi. Bina İkinci Dünya müharibəsi zamanı Müttəfiqlərin hava hücumları nəticəsində dağıdıldı.

Tarixi 1920-ci ildə nasistlər ilk partiya qərargahlarını Münxendəki Şternekerbroy pivəxanasında açdılar. 1922-ci ildən 1923-cü ilin noyabrında uğursuz nəticələnən Pivə qiyamına qədər Adolf Hitler və nasistlər görüşləri üçün Korneliusştrasse 12 ünvanındakı daha kiçik binadan istifadə edirdilər. 1925-ci il fevralın 27-də partiyanın yenidən təşkilindən sonra bir müddət Tirştrasse 15 ünvanındakı Eher Verlaq binasında toplaşırdılar; bu bina sonradan Nasist Partiyasının mərkəzi nəşriyyat evinə çevrildi. Qəhvəyi evə köçməzdən əvvəl nasistlərin sonuncu fəaliyyət yeri Şellinqştrasse 50 ünvanında olub.

Sonralar Nasist Partiyasının fəaliyyət mərkəzinə çevriləcək bu böyük daş bina Bavariyanın Münxen şəhərində, Brinner Ştrasse 45 ünvanında yerləşirdi. Karolinenplats ilə Köniqsplats arasında yerləşən bu malikanə 1828-ci ildə Jan-Batist Metivye tərəfindən neoklassik üslubda, aristokrat Karl Frayherr fon Lotsbek üçün tikilmişdi. 1876-cı ildən nasistlərin onu ələ keçirdiyi vaxta qədər bina Barlou sarayı adı ilə tanınırdı. 1930-cu ilə qədər Şellinqştrasse 50 ünvanındakı Nasist Partiyasının qərargahı çox kiçik gəlməyə başlamışdı; belə ki, işçilərin sayı 1925-ci ildə dörd nəfər idisə, həmin il 50 nəfərə yüksəlmişdi. 1930-cu ilin aprelində ingilis topdansatış taciri Vilyam Barlounun (1869–1928) dul arvadı Elizabet Stefani Barlou Nasist Partiyasının xəzinədarı Frans Ksaver Şvarsa Barlou sarayını satın almağı təklif etdi. Satış müqaviləsi mayın 26-da imzalandı; alış qiyməti 805 864 marka təşkil edirdi. Təmir işləri üçün vəsaiti sənaye sahibi Frits Tissen təmin etdi. Ev memar Paul Troost tərəfindən şəhər villasından ofis binasına çevrildi. O Hitlerlə birlikdə binanı həm də ağır, modernizm əleyhinə üslubda yenidən dekorasiya etdi. Hitlerin ilk bioqraflarından biri olan Konrad Heyden iddia edirdi ki, məhz Qəhvəyi evin təmiri zamanı Hitler "həyatında ilk dəfə tikinti və dizayn həvəsinə özünü tam həsr edə bilmişdi". Bina rəsmi olaraq 1931-ci il yanvarın 1-də açıldı və məhz həmin vaxt partiya rəhbərliyi binaya köçdü.

Münxendəki Qəhvəyi evin əldə edilməsi Hitleri məmnun etmişdi, çünki belə möhtəşəm bir binada fəaliyyət göstərmək Nasist Partiyasına "hörmətəlayiq bir imic" qazandırmağa kömək edirdi. Bundan əlavə, Almaniyanı hələ də Veymar hökumətinin idarə etdiyi bir vaxtda Nasist Partiyasının belə təmtəraqlı bir binada yerləşməsi onun "dövlət daxilində dövlət" olan bir idarə təsiri bağışlamasına şərait yaradırdı. Qəhvəyi ev nasist tikintisi və fəaliyyəti üçün bir növ nüvə rolunu oynadığından, yeni partiya qərargahının ətrafında digər tikinti layihələri də planlaşdırıldı. Hitler kimi Hans Frank, Henrix Himmler, Herman Görinq, Rudolf Hess, Filipp Bouler və Frans Ksaver Şvarsın da ofisləri Qəhvəyi evdə yerləşirdi. Təbliğat naziri Yozef Gebbels üçün binada təmtəraqlı bir kabinet ayrılmışdı. Himmler Qəhvəyi evin təhlükəsizlik rəisi təyin edildi. Görinqin biznes əlaqələri nəticəsində partiyaya külli miqdarda pul daxil oldu; o, bu vəsaitin bir hissəsini Qəhvəyi evdəki mənzilində yeraltı qarajdan birbaşa şəxsi foyesinə aparan lift tikməyə sərf etdi ki, qonaqlar onun yanına gözə çarpmadan gələ bilsinlər. Binanın zirzəmisində həmçinin restoran da var idi.

Hitler Qəhvəyi evdəki kabinetində iş masasının yanında Henri Fordun real ölçülü portretini saxlayırdı, çünki Ford və Hitler bir-birinin nailiyyətlərinə heyran idilər. Köniqsplats meydanına baxan Hitlerin kabinetində həmçinin Benito Mussolininin büstü və Böyük Fridrixin şəkli var idi. Hitlerin kabinetində siqaret çəkmək qəti şəkildə qadağan edilmişdi. Qəhvəyi evdə həmçinin "qan bayrağı" () adlanan bayraq saxlanılırdı. Bu, 1923-cü ilin noyabrında Pivə qiyamı zamanı nümayişin əvvəlində qaldırılan Nasist Partiyası bayrağı idi; həmin vaxt Münxen polisi yürüşçülərə atəş açmışdı. Bayraq yaralıların qanına bulaşmış və Nasist Partiyasının müqəddəs yadigarına çevrilmişdi.

Nasist Partiyasının qərargahı kimi fəaliyyət göstərdiyi dövrdə bina ciddi şəkildə mühafizə olunurdu və sirr pərdəsi ilə örtülmüşdü. Hakimiyyət orqanları bəzən həbs olunmuş şəxsləri dindirmək üçün Qəhvəyi evə gətirdiyindən, bina "denuntiatur" ləqəbini qazanmışdı; bu söz donos vermə () anlayışı ilə küçənin qarşı tərəfində yerləşən papalıq nunsiaturasına () işarə edən sözlərin birləşməsindən yaranmışdı.

Qəhvəyi ev 1943-cü il martın 9-da ingilislərin başçılıq etdiyi Müttəfiqlərin bombardman hücumu nəticəsində zədələndi. Sonra 1943-cü ilin oktyabrında baş tutan digər Müttəfiq bombardman hücumu zamanı binanın böyük hissəsi dağıdıldı və xarabalıqlar təmizləndi. 2005-ci ilin dekabrında Bavariya hökuməti həmin ərazidə Münxen Milli Sosializm Tarixi üzrə Sənədləşdirmə Mərkəzinin () yerləşəcəyini elan etdi. Bina sonradan tamamlandı və ictimaiyyətin ziyarəti üçün açıqdır.

İstinadlar

Ədəbiyyat siyahısı

Kateqoriya:Mənzil-qərargahlar Kateqoriya:Nasional Sosialist Alman Fəhlə Partiyası