Prussiyalı Krista Frederika Aleksandrina Viktoriya (; ) — son Prussiya kralı və Alman imperatoru II Vilhelmin nəticəsi, Hohensollern şahzadəsi.
31 oktyabr 1936-cı ildə Sileziyada dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelmin nəvəsi şahzadə Vilhelm Fridrix, anası isə Doroteya von Salviatidir. Valideynlərinin evlənməsi babası II Vilhelmin etirazlarına baxmayaraq baş tutmuşdu və bu səbəblə, atası şahzadə Vilhelm Fridrix həm özü, həm də şəcərəsindən gələnlərin adından taxt hüququndan imtina etmişdi.
Atasının 1940-cı ildə İkinci Dünya müharibəsində həlak olmasının ardından babası II Vilhelm ona və böyük bacısı Feliçitaya Prussiya şahzadəsi ünvanı verdi. Hər iki nəticəsini də öz himayəsinə alan II Vilhelmin ertəsi il vəfat etməsinin ardından qızlar babaları vəliəhd-şahzadə Vilhelmin himayəsinə verildi. Onun 1951-ci ildə vəfatından sonra isə ailə rəisi ünvanı və Kristayla bacısının himayədarlığı əmisi Luiz Ferdinanda keçdi.
İran şahı Məhəmməd Rza Pəhləvinin ikinci xanımı Sürəyya İsfəndiyarini boşamasının ardından, 1959-cu ildə şahın göndərdiyi evlilik təklifini geri çevirdi. 24 mart 1960-cı ildə Pyotr Paul von Assis Leybeslə (1926-) evləndi. Ancaq ailə rəisi olan əmisi Luiz Ferdinandın narazılığı səbəbilə ailə üzvlərindən heç kim toy mərasimində iştirak etmədi. Bonn yaxınlığındakı kiçik qəsəbədə yaşayan cütlük tez-tez əcnəbi diplomatlar üçün ziyafətlər verirdi. Belə ki, Pyotr Paul von Assis Leybes xarici işlər nazirliyində çalışırdı və bu səbəblə bir çox diplomatla yaxın münasibəti vardı. Ancaq maliyyə sıxıntıları çəkirdilər. Övlad sahibi ola bilmədilər. 7 illik evliliyin ardından əri von Leybes 5 may 1967-ci ildə Bonnda intihar etdi.
İncəsənət əsərlərinin və əntiq əşyaların satışıyla məşğul olan Krista Frederika daha sakit həyat yaşamağa başladı. Onun yardım dərnəklərinin xeyrinə təşkil etdiyi sərgilər ictimaiyyət tərəfindən maraqla qarşılandı. Dublinə səyahət etdiyi 1978-ci ilin iyununda silahlı hücuma məruz qaldı və verdiyi açıqlamada, 38.195 alman markası dəyərindəki ailəvi zinyət əşyalarının oğurlandığını bildirdi. Diplomatik yollarla, dəyən ziyanın sığorta yoluyla bərpası təmin olundu.
Mənbə
Ədəbiyyat
Petropoulos, Jonathan. (2006) Royals and the Reich: The Princes Von Hessen in Nazi Germany. Page 242. Published - Oxford University Press. ISBN 0-19-516133-5 Eilers, Marlene A. (1987). Queen Victoria's Descendants. Baltimore: Genealogical Publishing Co. ISBN 978-0-8063-1202-6 MacDonogh, Giles (2003). The Last Kaiser: The Life of Wilhelm II. New York City: St. Martin's Griffin. ISBN 978-0-312-30557-4 Zeepvat, Charlotte (2003). Queen Victoria's Family: A Century of Photographs. Gloucestershire: Sutton Publishing. ISBN 978-0-7509-3059-8 Descendants of German Emperor Wilhelm I. heinbruins.nl
İstinadlar
Kateqoriya:Hohensollernlər