Məhəmmədraşid Bosnalızadə () — müəllim, hüquqşünas və Cümhuriyyət tələbəsi.
İstanbul Darülfünununda hüquq təhsili alıb. 1918-ci ildə Azərbaycana gələrək Gəncədə müəllimlik edib. Azərbaycan Cümhuriyyəti dövründə dövlət hesabına xaricə göndərilib və Paris Universitetində hüquq təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmayıb.
Həyatı Məhəmmədraşid Mustafa oğlu Bosnalızadə 1892-ci il iyunun 21-də anadan olub. İstanbul Darülfünununun hüquq fakültəsində təhsil alıb.
1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. Həmin il Türkiyədən Azərbaycana gələn Bosnalızadə Gəncə ali ibtidai məktəbinin nəzdində fəaliyyət göstərən ikiillik müəllim kurslarında dərs deyib.
1919-cu il avqustun 5-də Xalq Maarif Nazirliyinə müraciət edərək hüquq təhsilini İsveçrənin Bern şəhərində davam etdirmək istədiyini bildirib. Ərizəsində alman dilini yaxşı bildiyini, lakin öz hesabına xaricdə oxumaq üçün maddi imkanının olmadığını qeyd edib. Təhsilini bitirdikdən sonra Azərbaycana qayıdaraq işləməyə hazır olduğunu bildirib və həmin gün dövlət hesabına təhsilini tamamladıqdan sonra ölkədə azı iki il çalışacağına dair öhdəlik verib.
Gəncə Darülmüəllimininin müəllimi Tofiq Nurəddin Ağayev avqustun 7-də Məhəmməd Əmin Rəsulzadəyə və xalq maarif naziri Rəşid xan Qaplanova məktublar ünvanlayaraq Bosnalızadənin xaricdə təhsil almasına kömək göstərilməsini xahiş edib. Məktublarda onun hüquq tələbəsi və ehtiyat zabiti olduğu, alman dilini sərbəst bildiyi vurğulanıb. Rəsulzadə müraciətin üzərində yazdığı qeydlə təşəbbüsü dəstəkləyib.
1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislər hazırlamaq məqsədilə 100 azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi haqqında qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropaya göndərilən hər tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank yol xərci müəyyən olunub.
Noyabrın 9-da nazirliyə yenidən ərizə verən Bosnalızadə Berndə hüquq təhsili almaq istəyini təsdiqləyib. Yolüstü İstanbulda dayanaraq universitetdə qalan sənədlərini götürməyi planlaşdırıb. Həmin gün ona Azərbaycan vətəndaşlığına qəbul edilməsi haqqında vəsiqə verilib. Noyabrın 10-da imzalanan nazir əmri ilə öz xahişinə əsasən noyabrın 1-dən Gəncə Kişi Gimnaziyasındakı vəzifəsindən azad olunub.
Noyabrın 26-da Bakıda qalmaq üçün vəsaitinin olmadığını bildirərək İstanbula getməsinə icazə verilməsini və təqaüdünün Azərbaycanın oradakı diplomatik nümayəndəliyinə göndərilməsini istəyib. Dekabrın 9-da təhsil alacağı ölkədə siyasi və partiya fəaliyyətinə qoşulmayacağına dair öhdəlik verib. 1920-ci il yanvarın 13-də dövlət hesabına xaricdə təhsil almağa göndərilməsi haqqında 539 saylı vəsiqə alıb.
Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.
Tələbələr bir müddət sonra təhsil alacaqları müxtəlif Avropa şəhərlərinə yollanıblar. Bosnalızadə isə Parisdə qalaraq Paris Universitetində hüquq təhsilini davam etdirib.
Aprel işğalından sonra xaricdə dövlət hesabına oxuyan azərbaycanlı tələbələrin vəziyyətini araşdıran Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illərə aid məlumatında onun təhsilini bitirməsinə altı ay qaldığı göstərilib.
Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmayıb. Sonrakı həyatı haqnda məlumat yoxdur.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:İstanbul Universitetinin Hüquq fakültəsinin məzunları