thumb|300px|"Böyük dordlük": Devid Lloyd Corc, Vittorio Orlando, Jorj Klemanso, Vudro Vilson Paris Sülh Konfransı (18 yanvar 1919–21 yanvar 1920) — Birinci Dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədilə "Antanta" ölkələri və ABŞ-nin Parisdə çağırdıqları sülh konfransı.
Fəaliyyəti Konfrans 18 yanvar 1919-cu ildə öz işinə başlayır. Bu tarix simvolik bir tarix idi. Alman imperatoru l Vilhelm 1871-ci ilin 18 yanvarında Versalda "Güzgülü zalda" Fransa-Prussiya müharibəsindən qısa müddə sonra öz hakimiyyətini elan etmişdi. Həm də 18 yanvar 1701-ci ildə Prussiya krallığının da yarandığı gün idi. Burada 27 ölkə təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdılar. Konfransda aparıcı rolu "Böyük dördlük" — ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniya baş naziri Lloyd Corc və Fransa baş naziri Jorj Klemanso və İtaliya baş naziri Vittorio Orlando oynayırdı. Konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilənin əsasını V.Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi. Bu maddələrin məğzini dünyanın ədalətli surətdə yenidən qurulması prinsipləri (gizli diplomatiyadan imtina, azad ticarət, silahlanmanın azaldılması, xalqlara öz müqəddaratını təyin etmək hüququnun verilməsi və s.) təşkil edirdi.
Rəsmi nümayəndə heyətləri 4 kateqoriyaya bölünmüşdü: Döyüşən və qalib gələn iri dövlətlər: ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya. Bu dövlətlər konfransın bütün iclaslarında və komissiyalarda iştirak edirdilər. Onlar ümumi xarakterli maraqlara malik idilər. "Müəyyən xarakterli maraqları olan" döyüşən dövlətlər: Belçika, Braziliya, Böyük Britaniya dominianları, Hindistan, Rumıniya, Portuqaliya, Serbiya, Çexoslovakiya, Yunanıstan və s. Bu dövlətlər yalnız onlara aid olan məsələlər müzakirə edilən iclaslarda iştirak etmək hüququna malik idilər. Almaniya ilə diplomatik əlaqələri kəsmək vəziyyətində olan dövlətlər: Peru, Boliviya, Ekvador və Uruqvay. Onlar da özlərinə aid məsələlər müzakirə ediləcəyi iclaslarda iştirak edə bilərdilər. Bitərəf dövlətlər və yeni yaranmış dövlətlər: Onlar ölkələrinə aid məsələ müzakirə ediləndə ya yazılı, ya da şifahi çıxış edə bilərdilər.
Paris sülh konfransının başlıca məqsədi Almaniya və onun müttəfiqləri ilə sülh müqaviləsi bağlamaq idi. Konfransda qalib dövlətlər arasında dünyanı bölmək uğrunda ziddiyyətlər üzə çıxırdı. ABŞ dünya ağalığına, mənəvi rəhbərliyə can atırdı. O, Almaniya və Türkiyədən alınmış ərazilərin yaradılması nəzərdə tutulan Millətlər Cəmiyyətinin nəzarəti altına verilməsini tələb edirdi. ABŞ Millətlər Cəmiyyətini özünə tabe etməyə ümid bəsləyirdi.
1919-cu il iyunun 28-də Sarayevo qətlinin il dönümündə Parisdə Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı. Müqaviləyə görə, Almaniya və onun müttəfiqləri müharibə təqsirkarları elan edildilər. Onlar vurulan ziyana görə təzminat ödəməli idilər.
Paris sülh müqaviləsinin şərtlərinə görə: Almaniyanın Elzas və Lotaringiya vilayətləri, Saar kömür hövzəsi Fransanın mülkiyyəti elan olundu. Fransa həmçinin Almaniyanın Toqo və Kamerun müstəmləkələrinin bir hissəsini, Suriya və Livanı aldı. Saar kömür mədənləri 15 il müddətinə Millətlər Cəmiyyətinin nəzarətinə verildi. Bu müddət bitdikdən sonra onun taleyi yerli əhalinin sorğusu ilə həll olunmalı idi. İngiltərə Toqonun digər hissəsini və Tanqanikanı, Şərqi Akrikadakı alman mülklərini, Fələstini, İraqı aldı. İtaliya Triyesti aldı, Avstriya ilə sərhəd zolağına yiyələndi. Belçika Eyren dairəsini və Malmedi aldı, həmçinin Ruanda və Urundini, Almaniyanın Cənub-Qərbi Afrikadakı müstəmləkələrini ələ keçirdi. Danimarka Şlezviqin şimal hissəsinə sahib oldu. Yaponiya Sakit okeandakı Marşal, Marian və Karolin adalarına sahib oldu. Polşa Poznan, Pomeraniya, Qərbi və Şərqi Prussiya və Sileziyanın yuxarı hissəsinə yiyələndi. Almaniya Poşanın müstəqilliyini tanıyaraq Dansiqdən əl çəkdi. Bu liman Millətlər Cəmiyyətinin himayısi altında azad şəhər elan olundu.
Nümayəndə heyətinin tərkibi Azərbaycan Cümhuriyyətini Paris Sülh konfransında təmsil edən Nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli ziyalılar daxil idilər. Onlar Azərbaycanın müstəqilliyi ideyasına qəlbən bağlı olduqlarını, milli istiqlal uğrunda əzmlə mübarizə apardıqlarını fəaliyyət və bioqrafiyaları ilə dönə-dönə sübut etmişdilər. Nümayəndə heyətinin başçısı, XX əsrin əvvəllərində yalnız azərbaycanlıların deyil, çar Rusiyasındakı türklərin və müsəlmanların sınanmış lideri kimi tanman Əlimərdan bəy Topçubaşov Tiflisdə zadəgan ailəsində doğulmuş, Sankt- Peterburq universitetinin hüquq fakültəsini bitirmişdi. Bir müddət vəkillik fəaliyyəti ilə məşğul olmuşdu. 1897-ci ildə məşhur neft milyonçusu və metsenat H.Z.Tağıyevin maddi vəsaiti hesabına nəşr olunan "Kaspi" qəzetinin redaktoru kimi geniş ictimai-siyasi və ədəbi-publisistik fəaliyyətə başlamışdı. Onun redaktorluğu dövründə qəzet çarizm istibdadı şəraitində ən elementar hüquqları tapdanan Azərbaycan xalqının ruporuna
çevrilmiş, dcmokratik ruhlu və milli əqidəli ziyalıları öz ətrafına toplamışdı. 1905-ci il Birinci rus inqilabından sonra Ə.M.Topçubaşov bütün Rusiya türklərinin və müsəlmanlarının lideri kimi daha ardıcıl və prinsipial siyasi fəaliyyəti ilə tanınmışdı. O, Rusiya müsəlmanlarının 1904–07-ci illərdə keçirilən I–III qurultaylarının əsas təşkilatçılarından və rəhbərlərindən biri olmuş, Üçüncü qurultayın qərarı ilə yaradılan Ümumrusiya müsəlmanları partiyasının-"İttifaqi- Müslüm"ün Məramnamə və Nizamnaməsini hazırlamış, onun Mərkəzi Komitəsinin üzvü seçilmişdi. 1906-cı ildə Bakı quberniyasından Birinci Dövlət Dumasına deputat seçilən Ə.M.Topçubaşov Müsəlman fraksiyasını yaratmış və ona rəhbərlik etmişdi. Çar İkinci Nikolay tərəfindən Dumanın qovulmasına etiraz bildirən məşhur “Vıborq Bəyannaməsi”ni imzalayan 200 deputat içərisində azərbaycanlı siyasi xadim də var idi. Çarizmin süqutundan sonra 1917-ci ilin mayında Rusiya müsəlmanlarının Moskva qurultayının keçirilməsində və burada türk-müsəlman əhalinin Rusiya ilə gələcək münasibətləri barəsində bir sıra prinsipial qərarların qəbul edilməsində Ə.M.Topçubaşovun böyük rolu olmuşdu. Həmin dövrdə o, eyni zamanda Bakıda Transqafqaz Müsəlman ictimai- siyasi təşkilatlarının koordinasiya mərkəzi olan İcraiyyə Komitəsinin işinə də rəhbərlik edirdi. 1918-ci il iyunun 17-də baş nazir Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil olunan ikinci hökumət kabinəsində Ə.M.Topçubaşov portfelsiz nazir vəzifəsini tutmuş, həmin il avqustun 22-də isə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli Naziri kimi Osmanlı imperiyasının paytaxtı İstanbula göndərilmişdi. 1918-ci ilin dekabrında Azərbaycan Parlamenti özünün ilk iclasında onu sədr seçmişdi. Həmin il dekabrın 28-də Parlamentin yekdil qərarı ilə Paris Sülh konfransında Azərbaycan Nümayəndə heyətinin başçısı təyin olunmuşdu. Diplomatik missiyada Ə.M.Topçubaşovun müavini olan Məmməd Həsən Hacınski Bakı real məktəbində və Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almış, uzun müddət Bakı Dumasında şəhər tikintisi idarəsinə başçılıq etmişdi. O, həm də Ə.M.Topçubaşovla birlikdə Müsəlman ictimai-siyasi təşkilatları İcraiyyə Komitəsinin rəhbərlərindən biri idi. Sonralar "Müsavat" sıralarına keçən M.H.Hacınski bu partiyanın I qurultayında Mərkəzi Komitə üzvü seçilmişdi. F.Xan-Xoyskinin qurduğu birinci hökumətdə xarici işlər, ikinci hökumətdə isə maliyyə naziri vəzifələrini tutmuşdu. Azərbaycan Parlamentinin üzvü idi. Nümayəndə heyətinin üzvü Əkbərağa Şeyxülislamov İrəvan gimnaziyasının və Peterburq Yol Mühəndisləri İnstitutunu bitirmişdi. Transqafqaz Seyminin üzvü, Transqafqaz hökumətində daxili işlər nazirinin müavini olmuşdu. Siyasi fəaliyyətini menşevik istiqamətli "Hümmət" partiyasında davam etdirirdi. Azərbaycan Cümhuriyyətinin qurulmasını elan edən İstiqlal Bəyannaməsini imzalayanlar içərisində Ə.Şeyxülislamov da var idi. O, Fətəli xan Xoyskinin ilk hökumətində torpaq və əmək naziri kimi çalışmışdı. Parlamentdə sosialist fraksiyasını təmsil edirdi. Nümayəndə heyətinin üzvü Əhməd bəy Ağaoğlu tanınmış publisist və ictimai xadim idi. Paris Ali Hüquq Moktəbində və Sorbonna universitetində mükəmməl hüquq təhsili almışdı. XX əsrin əvvəllərində "Həyat", "İrşad", "Tərəqqi" qəzetlərinin
redaktoru olmuş, 1905-ci ildə Azərbaycanda ilk siyasi partiya sayılan "Difai"ni qurmuşdu. Rusiya gizli polisinin təqibləri nəticəsində 1909-cu ildə Osmanlı imperiyasına -Türkiyəyə mühacirət etdikdən sonra burada "İttihad və Tərəqqi" partiyasının liderləri ilə yaxınlaşmış, "Türk yurdu" və "Türk ocağı" təşkilatlarının qurucuları sırasında yer almışdı. Nümayəndə heyətinin məsləhətçisi Ceyhun bəy Hacıbəyli Paris Siyasi Elmlər məktəbində və Sorbonnada təhsil almışdı. İstedadlı publisist və gözəl musiqiçi idi. Böyük qardaşı Üzeyir Hacıbəyli ilə birlikdə ilk Azərbaycan operası "Leyli və Məcnun"u bəstələmişdi. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra hökumət ofisi özünün-rus dilində çıxan "Azərbaycan" qəzetinin redaktoru olmuşdu. Rus-dilli Bakı və Qafqaz mətbuatında ciddi ictimai-siyasi problemlərə, mədəniyyət, təhsil, qadın azadlığı və s. məsələlərə dair çoxsaylı məqalələri dərc edilmişdi. Nümayəndə heyətinin məsləhətçisi Məhəmməd Məhərrəmov İrəvan gimnaziyasını bitirmiş, gənc yaşlarından İrəvan azərbaycanlılarının təmsilçilərindən biri kimi tanınmışdı. 1917-ci ilin noyabrında İrəvan quberniyasından Rusiya Müəssislər Məclisinə nümayəndə seçilmişdi. Transqafqaz Seyminin üzvü olmuş, Milli Xartiyanı – İstiqlal Bəyannaməsini imzalayanlar sırasında yer almışdı. Azərbaycan Parlamentində Sosialist fraksiyasının üzvü idi. Heyətinin başqa bir məsləhətçisi Miryaqub Mirmehdiyev Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş, Bakıda vəkillik fəaliyyəti ilə məşğul olmuşdu. Azərbaycan Parlamentinə "İttihad" partiyasından üzv seçilmişdi 1919-cu ilin avqustunda Parlamentin Sosialist fraksiyası Nümayəndə heyəti tərkibindəki üzvlərinin rotasiya qaydası ilə əvəzlənməsi barəsində qərar çıxarmış və M. Məhərrəmovun yerinə Abbas bəy Atamalıbəyov Parisə göndərmişdi.Nümayəndə heyəti arasında Mesenat-müəllim Mirzə Məhəmməd Zamanbəyli də var idi. Lakin həmin dövrdə heyətin başqa bir üzvü — M.H.Hacınski artıq Azərbaycana qayıtdığından həm M.Məhərrəmovun, həm də A.Atamalıbəyovun Parisdə qalmaları məqbul sayılmışdı. Eyni zamanda Nümayəndə heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağı konkret sahə də müəyyən olunmuşdu. Sədr Ə.M.Topçubaşov ümumi rəhbərliklə bir sırada siyasi məsələlər və memorondum hazırlanması üçün məsul idi. O, həm də heyətin təşkilati işlərinə və maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət edirdi. Sədrin müavini M.H.Hacinski missiyanın xəzinədarı idi. Eyni zamanda iqtisadiyyat və maliyyə bölməsinin işinə rəhbərlik edir. Azərbaycan hökuməti adından Fransanın və digər Avropa ölkələrinin biznes dairələri və ayrı-ayrı iş adamları ticari- iqtisadi danışıqlar aparırdı. Ə.Şeyxülislamov daha çox sərhəd məsələləri ilə məşğul olur, Azərbaycana dair statistik göstəricilərin, xəritə və diaqramların hazırlanmasını təşkil edir, nəhayət Nümayəndə heyətinin arxiv və kitabxanasının yaradılması üçün məsuliyyət daşıyırdı. M.Məhərrəmov xalq təsərrüfatı və əkinçiliklə bağlı məsələlər üçün cavabdeh idi, eyni zamanda iclas və danışıqların protokollarının Azərbaycan türkcəsində yazılmasını təmin edirdi. Ticarət və sənaye məsələləri ilə məşğul olan
M.Mirmehdiyevin vəzifələri sırasına heyətin maliyyə hesabatlarının yoxlanması da daxil idi. Ə.Ağaoğlu və C.Hacıbəyli isə daha çox informasiya və təbliğat məsələləri ilə məşğul olmalı, Fransa ictimaiyyəti və fransız mətbuatı ilə əlaqələr qurulmasına kömək etməli idilər. Hər ikisinin Fransada təhsil almaları, fransız dilinə və mədəniyyətinə mükəmməl yiyələnmələri üzərlərinə qoyulan vəzifəni uğurla həyata keçiriləcəyinə təminat yaradırdı. Nəhayət, Ə.Hüseynzadə Azərbaycanla bağlı tarixi-etnoqrafik və ədəbi materialların seçilməsi və təbliğatda onlardan istifadə edilməsi üçün məsul idi.