Leonardo di ser Pyero da Vinçi (; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" () tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir.

Uşaqlığı (1452–1466) left|thumb|200x200px|Leonardo da Vinçinin uşaqlıqda yaşadığı ev Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".

Müasir baxımdan Leonardonun soyadı olmamışdır, belə ki, "da Vinçi" sadəcə "Vinçidən olan" mənasına gəlir. Onun tam adı "Lionardo di ser Pyero da Vinçi", yəni Vinçidən olan ser Pyeronun oğlu Leonardo kimi səslənirdi.

Leonardo doğulduğu ildə — 1452-ci ildə atası öz çevrəsindən olan Albiera Amadori ilə evlənmiş, Katerina isə Akkatabriqu di Pyero dell Vakka adlı şəxsə ərə getmişdi. Uşaq erkən yaşlarını anası ilə birgə Ankianoda keçirmişdir. Pyeronun ilk evliliyi uşaqsız olduğu üçün bir müddətdən sonra o, 3 yaşlı Leonardonu öz yanına aparmışdır. Həmin dövrdə nikahdan kənar dünyaya gəlmiş uşaqlar da qanuni varislər sayıldığından, cəmiyyət Leonardonu normal qəbul etmişdir. Analığı — 16 yaşlı Albiera, Leonardonu sevsə də, gənc yaşlarında vəfat etmişdi. Leonardo özü 16 yaşına çatdıqda atası yenidən evlənmiş, bu dəfə seçimi 22 yaşlı Françeska Lanfredini olmuşdur. İkinci dəfə evləndikdən sonra Pyero öz ailəsi ilə birgə Florensiyaya köçmüşdür. Pyeronun qanuni övladları isə onun üçüncü və dördüncü evlilikləri nəticəsində dünyaya gəlmişdi.

Meduza qalxanı haqqında əfsanə İntibah rəssamlarının bioqrafı Vazari tərəfindən nəql olunmuş əfsanəyə görə, bir dəfə tanış kəndli dairəvi qalxan düzəldərək Pyeroya gətirmiş və içinə rəsm çəkdirmək üçün rəssam tapmağı xahiş etmişdir. Pyero qalxanı öz oğluna ötürmüşdür. Leonardo qalxan üzərində Meduza qorqonanın başını təsvir etmək qərarına gəlmiş, bunun üçün kərtənkələ, ilan, çəyirtkə, tırtıl, yarasa və digər heyvanlardan istifadə edərək, qorxunc və iyrənc bədheybət şəkli yaratmışdır. Nəticə Leonardonun gözlədiyindən də artıq olmuş, ilk dəfə təsviri görən atası qorxuya düşmüşdü. Pyero kəndliyə üzərində oxla dəlinmiş ürək təsviri olan bir qalxan vermiş, Leonardonun yaratdığı Meduza qalxanını isə Florensiyada 100 dukata satmışdı. Rəvayətə görə, qalxan Mediçi ailəsinin əlinə keçmiş, ailə şəhərdə baş vermiş bir üsyan nəticəsində qovulduğu zaman itmişdi. İllər sonra kardinal del Monte, rəssam Karavacoya Meduzanın rəsmini sifariş vermişdi.

Verokkionun emalatxanasında (1466–1472) 1466-cı ildə, 14 yaşında ikən Leonardo Verokkio adı ilə tanınan rəssam Andrea di Çionenin "Florensiyada ən yaxşı sayılan" emalatxanasında şagirdliyə başlamışdır. Emalatxananın İtaliyanın həmin dövrdəki intellektual mərkəzi Florensiyada yerləşməsi Leonardonun inkişafında böyük rol oynamışdır: o, təkcə humanitar biliklərə yiyələnməmiş, həmçinin rəsmxət, kimya, metallurgiya, metalla, gipslə və dəri ilə işləmə, mexanika və dülgərlik kimi bəzi texniki bacarıqlar əldə etmiş, rəsm və heykəltaraşlıqla məşğul olmuşdur. Emalatxanada Leonardodan başqa Perucino, Lorenso di Kredi, Anyolo di Polo da təhsil alır, Bottiçelli işləyir, oraya tez-tez Girlandayo kimi məşhurlar gəlirdi.

1472-ci ildə 20 yaşlı Leonardo da Vinçi rəssam və həkimlərin gildiyası sayılan Müqəddəs Luka gildiyasında usta təsnifatını əldə etmişdir. Atasının Leonardo üçün emalatxana açmasına baxmayaraq, onun Verokkio ilə bağlılığı bitməmiş və öz müəllimi ilə əməkdaşlığa davam etmişdir.

Leonardonun məlum olan ən erkən işi Arno vadisinin qələm və mürəkkəblə yaradılmış təsviridir. İş 5 avqust 1473-cü ilə aiddir.

Məğlub olmuş müəllim Verokkionun emalatxanasındakı rəsm işlərinin bir çoxu onun tələbələri tərəfindən görülürdü. Vazarinin yazdığına görə, Verokkionun "Məsihin vəftizi" rəsminin yaradılmasında Leonardo da iştirak etmişdir: gənc rəssama İsa peyğəmbərin geyimini saxlayan mələyi çəkmək tapşırılmışdı. Beləliklə, rəsmdəki 2 mələkdən birini Verokkio, digərini Leonardo yaratmışdı. Vazarinin iddiasına görə, şagirdinin özündən daha güclü olduğunu görən Verokkio fırçasını yerə qoymuş və bir daha rəssamlıqla məşğul olmamışdır.

Peşəkar fəaliyyəti (1472–1513) Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan da Vinçi sonralar ayrı-ayrı hökmdarların saraylarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. Lakin heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb bir müddət dərin məyusluğa qapılır. 1516-cl ildə Fransa kralı I Fransiskdən dəvət alır və Fransaya köçərək ömürünün sonuna qədər burada yaşayıb yaradır. "İntibah insan"ın prototipi kimi hamının yaxşı tanıdığı Leonardo da Vinçinin elmə olan sonsuz həvəsi və heyrətamiz ixtiraçılıq-yaradıcılıq istedadı Avropa İntibahının əsas hərəkətverici qövvəsinə çevrilir. Bir qayda olaraq bütün dövrlərin ən böyük rəssamı və çoxçeşidli qabiliyyətlərə malik ən istedadlı şəxsiyyəti kimi qəbul olunur.

Leonardo da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz Mona Liza portreti və Sonuncu Şam yeməyi əsəridir. Yalnız və yalnız Mikelancelonun yaratdığı Adəmin Yaradılışı əsəri bu iki əsərə bərabər tutulur. Leonardo da Vinçinin yaratdığı Vitruvian İnsan əsəri də bu kateqoriyalı rəsm əsərlərinə daxil edilir.

Təəsüflər olsun ki, müasir günümüzə qədər dahi rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxmışdır. Lakin bu azsaylı rəsm əsərləri onun elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikrilərinin əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynamışdır.

Mühəndis kimi isə o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcəyi, olduqca mürəkkəb ixtiralar etmişdir. Onun vertolyot, tank, konsentrə edilmiş günəş enerjisi, kalkulyator, ikikorpuslu gəmi və s. mürrəkkəb texnologiyaları hələ XVI əsrdə konsepyalaşdırması və Plitələrin Tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər onun sonsuz dühasından xəbər verir. Adlarını sadaladığımız konsepsiyaların əksəriyyəti sağlığında nəinki həyata keçirilmiş, hətta müasirləri tərəfindən qavranıla belə bilinməmişdir.

Leonardo da Vinçi anatomiya, mühəndislik, optika və hidrodinamika elmlərini də mükəmməl səviyyədə bilmiş və bu elmlərin inkişafına böyük töhfələr vermişdir.

Bir neçə il əvvəl dünyanın bir çox ölkələrinin vətəndaşlarının qatıldığı geniş rəy sorğusunda belə qənaətə gəlinmişdi ki, ikinci minilliyin ən böyük şəxsiyyəti italiyalı Leonardo da Vinçi olmuşdur. Təsadüfi deyil. Əsasən rəssam və "Mona Liza" əsərinin müəllifi kimi tanınan Leonardo da Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu gün də milyonları heyrətə gətirir.

Leonardo da Vinçi Florensiya Oğlunun xüsusi istedadını görən ata Florensiyaya köçür. Nəhayət, günlərin birində Pyero da Vinçi oğlunun rəsmlərini özünün köhnə dostu, Florensiyada ən məşhur heykəltaraş, rəssam və zərgər kimi tanınan Andrea Verokkoya göstərir. Verokko onlara baxanda heyrətə gəlir və deyir ki, bu uşaq özünü bütünlükdə rəssamlığa həsr etməlidir. 1466-cı ildə Leonardo şagird kimi Verokkonun emalatxanasında fəaliyyətə başlayır. Çox keçmədən gənc Leonardoya öz müəllimini ötmək müyəssər olur. Bu, o dövr idi ki, artıq elm və incəsənətdə İntibah yetişirdi. Nəhayət, Renessans gəlib Verokkonun emalatxanasına da çatdı. Burada əl-ələ verib çoxlu rəssam, heykəltaraş, dəmirçi işləyirdi. Elementar mexaniki işlər də görülürdü. Leonardo rəssamlıq və heykəltaraşlıqla yanaşı, qazıntı və yük qaldırmaq üçün olan alətlərin mexanizmini də öyrənirdi. Sonralar bunlar müxtəlif ideya və kəşflər üçün işinə yarayacaqdı.

Qəribəlikləri İnsan kimi qəribəlikləri də çox idi. O, bazarı gəzir, qazancı çox olmasa da, quş satılan yerlərdə quşları qəfəsdən çıxarar, pulunu ödəyib azad edərdi. Gündə hər saatda on beş dəqiqə olmaqla yatarmış. Yazı tərzi də fərqli imiş. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə yazırmış və yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün imiş. Bəziləri bunu mürtədlikdə ittiham olunmaqdan qorunmaq, bəziləri ixtiralarının sirrini saxlamaq üçün etdiyini yazır. Sonralar bu manuskriptləri oxumağa müxtəlif alimlər on illər sərf ediblər.

İudanın "prototipini" harada axtarmalı Tezliklə istedadlı bir rəssam kimi tanınan Leonardo 1482–1499-cu illərdə Milanda hərbi mühəndis, arxitektor, heykəltaraş və rəssam işləyir — hersoq Lüdovik Sfortsanın yanında. Sforsa İtaliyada tiran kimi tanınırdı. Onu heç kəs sevmirdi, amma qorxudan hesablaşırdılar. Burdakı iş Leonardonu təmin etmirdi. Maaşı çox az idi. Hətta deyirlər ki, saray liliputu da ondan çox qazanırmış. Da Vinçi Milanda Sfortsanın sifarişi ilə "Sonuncu şam yeməyi" əsəri üzərində işləməyə başlayır. Rəsmdə İsa peyğəmbərlə həvarilərin son söhbəti təsvir olunur. Peyğəmbər orada bildirir ki, həvarilərin biri satqındır. Və təbii ki, bu sözlər ayrı-ayrı sifətlərdə fərqli emosiyalar oyadır. Da Vinçi burada öz unikal bacarığını göstərib. Rəsmdə satqın İuda da yer alır. Deyirlər ki, İudanın sifətinin təsviri üçün Leonardo cinayətkarların toplaşdığı pritonları gəzib axtarırdı. Amma istədiyini tapa bilmirmiş. Nəhayət, o cinayətkar yuvalarında axtardığını… monastırda tapır. Özündən son dərəcədə razı və zəhlətökən priorun (monastır başçısı) başını çəkir. Bunu eşidən Sfortsa gülməkdən qəşş eləyir: "Sən tamamilə düzgün seçim etmisən". Da Vinçi Sfortsanın at üzərində 80 metrlik bürünc heykəlini hazırlamağa başlayır. Amma 1499-cu ildə Fransa kralı XII Lüdovikin qoşunları Milanı ələ keçirir və orada əsl vandalizm nümayiş etdirir. Françesko Sfortsanın tamamlanmamış heykəli də məhv edilir. Leonrado yenidən Florensiyaya qayıtmalı olur.

"At rəssamı" Florensiya respublikasının dekreti ilə iki böyük rəssama — da Vinçi və Mikelanceloya (Rafael hələ çox gənc idi) Şura sarayında freska çəkmək sifariş verilir. Süjet kimi Piza döyüşü nəzərdə tutlurdu. Da Vinçidən otuz yaş kiçik olan Mikelancelo çox ciddi və təhlükəli rəqib idi. 1503-cü ildə onun əsəri artıq hazır idi. Da Vinçi isə 1504-də işə başladı. Nəhayət, 1505-ci ildə karton üzərinə çəkilmiş əsərlər Şura sarayında yanaşı qoyulmuşdu. Amma Florensiya hökuməti onlardan heç birinə üstünlük verməmək üçün freska çəkiləsi olmayıb. Bu şəkillərin hər ikisi itib. Mikelancelo ilə da Vinçinin araları sərin olub. Hətta rəvayətə görə, bir dəfə rastlaşanda (Da Vinçi ondan otuz yaş böyük olub) Mikelancelo ona deyib: "At rəssamı! Bürüncdən bir heykəli belə tökə bilməyib biabır oldun".

Sfumato Leonardo sənətdə sfumato (italyanca tüstü kimi yox olan) prinsipinin yaradıcısıdır. Bu üsulla çəkilən şəkillərdə rənglər sanki bir-birində həll olunur, dəqiq sərhəd yaranmır. Həyatda olduğu kimi hər şey yayılır, biri digərinə nüfuz edir. Eyni zamanda nəfəs alır, yaşayır, fantaziyaları hərəkətə təhrik edir. O, şəkil çəkərkən qəsdən işlədiyi otağı tüstü ilə doldurardı ki, tüstü burumlarında, topalarda obrazlar tapsın. Məhz sfumato prinsipi nəticəsində Cokondanın parlaq təbəssümü öz təcəssümünü tapdı. O, elə çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən asılı olaraq, Mona Liza bəzən nəvaziş və şəfqətlə gülür, bəzənsə qəzəblə dişlərini qıcırdadır. Əsərin ikinci möcüzəsi odur ki, Mona Liza sanki diridir. Əsrlər keçdikcə onun təbəssümü dəyişir — dodaqlarının qıraqları yuxarı qalxır.

Cokonda kim olub