Sabirabad rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Sabirabad şəhəridir.
Ümumi ərazisi 1469,6 km². Əhalinin ümumi sayı 180 458. Kəndlərin sayı 74.
Şəhərdə Dövlət sosial iqtisadi kolleci, peşə liseyi, 85 ümumtəhsil məktəbi, 22 uşaq baxçası, məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərir. 126 mədəniyyət və 77 səhiyyə müəssisəsi əhaliyə xidmət göstərir.
Bakı şəhərindən məsafəsi 170 km-dir.
Şəhərin iqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye təşkil edir.
Tarixi Sabirabad ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Quruzma, Qaraqaşlı, Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V–I, V–II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar. Quruzma kəndinin "Bud Təpəsi" adlanan yeri, Kovlar yaxınlığında Ağ–qoyunqışlaq yeri, Sığrılı yolu üzərində Təpəqışlaq yeri (Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba–Samid piri müxtəlif tarixi dövrlərə aid yerində qədim dövrə aid saxsı qablar və müxtəlif əmək alətləri tapılmışdır. Cavad orta əsr yaşayış yerini IX–XV əsrlərə, kəndin "Şəhərgah" adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI–XII əsrlərə aid olduğu sübut edir.
"Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur. Hazırda rayonun Qalaqayın kəndi bu adı daşıyır.
Muğanın şimal hissəsində Kürlə Arazın qovuşduğu Suqovuşanda aparılmış arxeoloji tədqiqatlar bölgənin e.ə. VI minillikdən başlayaraq tarixi keçmişini, məişət və təsərrüfatını işıqlandırmağa imkan verir. Sabirabad rayonunun ərazisi tarixən Muğan düzünə daxildir. Muğan düzü qədimdə Midiyanın, e.ə. IV əsrdən Atropatenanın əyaləti idi. Albaniya dövləti Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubdakı ərazini, o cümlədən indiki Sabirabad rayonunun ərazisini əhatə edirdi.
Muğan erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. E.ə.III–II minilliklərdə burada yaşayan əhalinin əsas məşguliyyəti əkinçilik və maldarlıq olmuşdur. Burada sənətkarlıq və xalçaçılıq da geniş inkişaf etmişdi. Tunc dövrünə aid sənətkarlıq əşyaları içərisində şarşəkilli və armudvarı gövdəli küplər diqqəti cəlb edir. Onlardan ən çox təsərrüfat məqsədi ilə istifadə olunmuşdur. Arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı küp qəbirlərin bəziləri dairəvi formadadır. Bu küplər yerli istehsala məxsusdur. Bölgənin orta əsr yaşayış yerlərindən xeyli miqdarda saxsı məmulatları da aşkar edilmişdir. Yazılı mənbələrdə Muğanda xalça, çuval, xurcun və palaz istehsal edildiyi barədə qiymətli məlumatlar verilmişdir. Rayonun Zəngənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numizmatik materiallar da aşkar edilmişdir.
1926-cı ildə həmin ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə "Sabirabad dəfinəsi" kimi daxil olan sikkələri alimlər Şirvanşah–Kəsranilərə məxsus olduğunu müəyyən etmişlər. Həmin pul vahidləri I Axsitana (XII əsrin sonu), III Toğrula (1177–1194), II Fəribürzə məxsusdur. Bu bölgədə Eldəgiz və Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilmişdir.
IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövləti meydana gəlir. Onların içərisində Muğanşahlıq kimi nisbətən kiçik feodal dövləti də yaranır. Həmin dövrə aid ərəb mənbələrində Muğanda Allan şahın (Amuxan şah) Sasanilər dövründə hakimiyyətdə olduğu göstərilir və Muğanın ərəb xilafətinə daxil olduğu bildirilir.
Müasir Sabirabad–tarixi torpaqlarının mühüm tərkib hissəsi olan Cavad torpaqları IX–X əsrlərdə Sacilər dövlətinin, X əsrin ortaları və sonunda Salarilərin (941–981-ci illər), XI əsrin ortalarında Məzyədilər dövlətinin tərkibində olmuşdur. Cavad bölgəsi XV əsrdə Şirvanşahlar dövlətinin tərkibində olsa da, həmin dövrlərdə sərhədlərdə tez–tez dəyişikliklər baş verirdi. Muğan torpaqlarının əsas hissəsi 1410–1468-ci illərdə Qaraqoyunlu dövlətinin, sonralar Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrdə Cavad Şirvan bəylərbəyliyinə, Muğanın qərb hissəsi Qarabağ bəylərbəyliyinə daxil idi.
Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, Səfəvilər dövlətinin də tərkib hissəsi olaraq, sənətkarlıq və ticarətin inkişaf etdiyi bir diyar olmuşdur. Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində yazırdı ki, "1606-cı ildə Şah Abbas Azərbaycandakı Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığındakı bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək Şah yüksüz Şamaxıya tərəf irəlilədi. Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirə qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi". Qeyd edək ki, Səfəvi–Osmanlı müharibəsi dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmiş, 1607-ci ildə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar.
Abbasqulu Bakıxanov "Bakı xanlıqları tarixindən" adlı əsərində yazırdı: "15 yanvar 1148-ci ildə (yeni təqvimlə 1736-cı il) Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148-ci ildə (1736-cı il) şah elan edildi".
XVIII əsrin 40-cı illərində Nadir şahın hakimiyyəti və onunla birgə İranda mərkəzi hakimiyyət tənəzzülə uğradı və 17 xanlıq yarandı. Kiçik xanlıqlar içərisində Cavad xanlığı xüsusilə diqqəti cəlb edirdi. Bu xanlığın mərkəzi Cavad şəhəri idi. Xanlığın əsas ərazisi Kür çayının sağ sahilində, az bir hissəsi isə çayın sol sahilində yerləşirdi.
Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdu. 1768-ci ildə Cavad Quba xanlığına tabe edilmişdir. Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli rus əhalisi köçürülmüşdür. 1888-ci ildə indiki rayonun ərazisi Petropalovka adlandırılmışdı. Petropalovka Bakı quberniyası Cavad qəzasının tərkib hissəsi idi.
Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-dən Petropavlovka Salyan qəzası dairə inqilab komitəsinin yeni dövlət hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayını 8-də VI ümumazərbaycan sovetlər qurultayının qəzaları ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476 №-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur.
1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir. 1959-cu ildən Sabirabad rayonu adlandırılmışdır.
Qalaqayın ərazisində Petropavlovka yaşayış məntəqəsinin yaranması, Sabirabad şəhərinin əsasının qoyulması
Əvvəllər buraya 1747-ci ildə yaranmış Cavad xanlığının mərkəzi olan Cavad şəhəri nəzarət edirdi. 1768-ci ildə Quba xanlığından asılı vəziyyətə düşdü. 1778-ci ildə şəhər Quba xanı Fətəli xana qarşı çıxan Gilan xanı Hidayətullah xan tərəfindən tutuldu və talan edildi. Əsir götürülən sakinlərdən bəziləri kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün Rəşt və Ənzəliyə aparıldı. Cavad məhv edildi və bir daha əvvəlki mövqeyinə və əhəmiyyətinə qayıtmadı. 1805-ci ildə Cavad xanlığının ərazisi Rusiya imperiyasına birləşdirildi. 1868-ci ildə şəhəri bərpa etməyə cəhdlər edildi. Həmin il burada qəza hökuməti fəaliyyətə başladı, idarə binalarının tikintisi üçün yer ayrıldı və işlərə başlandı. Cavadı tez bir zamanda dirçəltmək və pravoslavları cəlb etmək üçün Cavad yaxınlığında (Kür–Araz qovşağının sağ sahilində, Qalaqayın ərazisində) pravoslav kilsəsinin tikilməsi qərara alındı və Bakı hərbi qubernatoru, general–leytenant N. N. Kolyubakin 1870-ci il dekabrın 4-də Gürcüstan ekzarxı arxiyepiskop Yevsebiydən məbəd tikmək üçün icazə istədi. Ekzarxın, eləcə də Qafqazdakı qubernatoru, böyük hersoq Mixail Nikolayeviçin razılığını aldıqdan sonra tikinti başlandı. 26 fevral 1871-ci ildə müqəddəs həvarilər Pyotr və Pavelin şərəfinə məbədin təməl daşı qoyuldu. Memar Çijovun hesablamalarına görə, kilsənin tikintisi üçün xəzinədən 11587 rubl ayrıldı. Kilsə layihəsinin müəllifi əyalət mühəndisi A.İ.Bardin idi və tikinti onun nəzarəti altında aparıldı. 1875-ci ildə tikilmiş kilsə uzun müddət təqdis olunmamış qalmışdır. Qəza hökuməti bir çox inzibati səbəblərdən Salyana köçürüldü və Cavadda hələ də pravoslav xristianlar yox idi. Yalnız 1887-ci ildə ilk məskunlaşanlar Cavadda peyda oldular, bir neçə ailə məbədin təqdis olunmasını xahiş etməyə başladı. O vaxta qədər bina artıq müəyyən təmir tələb edirdi və məbəddə hələ də ikonostaz yox idi. Bakı quberniya idarəsi Cavad kilsəsinin ehtiyacları üçün 671 rubl 64 qəpik ayırdı. Bu pulla Moskva rəsmindən nişanlar olan bir qatlı taxta ikonostaz alınmış, cökə qurbangahı quraşdırılmış, üç zəng və kilsənin təqdis edilməsi üçün lazım olan əşyalar alınmışdır. 1888-ci il mayın 9-da məbədi Bakı quberniyasının dekanı, protoyehni Aleksandr Yunitski Müqəddəs Möcüzəyaradan Nikolayın şərəfinə təqdis etdi. Köçürülənlər özləri məbədə yeni ad vermək istəyirdi.Там же, с. 155 Kilsənin kiçik olması səbəbindən yeni təqdis olunan kilsəyə daimi keşiş təyin edilmədi.
thumb|Rus dilində: Bu daşın altında Bakı quberniyasının Cavad qəzasının Petropavlovka kəndinin (indiki Sabirabad şəhəri) ilk sakini 9 yanvar 1915-ci ildə Tanrı qulu Pyotr Stepanoviç Solonin 78 yaşında dəfn olunub.
Qafqazda mülki hissənin baş komandanı A.M.Dondukov–Korsakovun əmri ilə 1887-ci ildə Cavad qəza şəhəri ləğv edildi.Багиров Ф. А. Переселенческая политика царизма в Азербайджане (1830—1914 гг.). Москва, изд. Маросейка, 2009. Стр. 18 Onun yerində yeni köçkünlər dəstəsinin məskunlaşmasına icazə verildi. 1892-ci ildən mərkəz kimi Cavadın əvəzində Qalaqayın ərazisində yaranan rus kəndi Petropavlovka (qovşağın sağ sahili) adlandırılmağa başladı. Müqəddəs Möcüzəyaradan Nikolay kilsəsi ziyarətçilərinin sayı artdı və müstəqil kilsə təşkil edilməsi zərurəti yarandı. 1892-ci ildə keşiş İohan Meiparianov kilsənin ilk keşişi oldu. Məzmur oxuyan da təyin olundu. Xəzinədən alınan maaş ildə keşiş üçün 450 rubl, məzmur oxuyan üçün isə 150 rubl idi.
Mühüm hadisələrin tarixi 1) Mərkəzi Qalaqayın olmaqla (III–XX əsrlər) Sasanilər dövlətinin şəhərindən Muğan mahalı,Tarixi Muğan mahalının yerini 1921-ci ildə Petropavlovka dairəsi aldı. Salyan qəzası VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzalar ləğv ediləndən sonra eyni inzibati ərazi çərçivəsində 1929-1930-cu illərdə Muğan mahalı adlanmışdır. Cavad xanlığı (xanlığın ikinci mərkəzi olaraq) və Petropavlovka rayonunun mərkəzinə qədər olan dövr.
2) 1778-ci ildə bölgənin ilk mərkəzi Cavad şəhəri Quba xanı Fətəli xana qarşı çıxan Gilan xanı Hidayətullah xan tərəfindən tutuldu və talan edildi. Əsir götürülən sakinlərdən bəziləri kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün Rəşt və Ənzəliyə aparıldı. Cavad məhv edildi və bir daha əvvəlki mövqeyinə və əhəmiyyətinə qayıtmadı.